"The Matrix" film seriyasında rənglər sadə vizual seçimlərdən ibarət deyil. Wachowskilər rənglərdən reallığı, matrix daxilindəki fərqləri və trilogiyanın fəlsəfi anlayışlarını göstərmək üçün istifadə etmişdilər. İlkin olaraq ən çox diqqət çəkən rəng, şübhəsiz ki, yaşıldır
Yaşıl rəng matrixi və zehni təmsil edir. Matrixdə gördüyümüz dünya əslində real olmadığı üçün bu rəng insanın zehninə ötürülən süni bir reallıq kimi çıxış edir. Buna görə də filmdə matrixin daxilindəki səhnələrdə yaşıl tonlar üstünlük təşkil edir. Hətta ilk filmə diqqətlə baxsaq, səhnələrə sanki yaşıl bir effekt verildiyini də görə bilərik. Bu, həmin dünyanın kompüter tərəfindən yaradıldığını çatdırır.
Yaşıldan sonra ən diqqət çəkən rəng mavidir. Mavi rəng isə real dünyanı təmsil edir. Hovercraftların içi, keçdikləri tunellər və Ziondakı əsas liman kimi real dünyaya aid məkanlarda mavi və soyuq tonlardan istifadə olunur. Bununla, film bizə səhnəni dialoqla açıqlamadan hansı dünyanın içində olduğumuzu çatdırır.
Maraqlı detal isə Agent Smith-dir. İlk filmdə Smith-in kostyumu yaşıl tonlardadır. Çünki o, hələ matrixin bir hissəsidir. İkinci filmdə isə Smith artıq sistem tərəfindən idarə olunan adi agent yox, öz iradəsi ilə hərəkət edən, sistemdən kənara çıxmış bir proqramdır. Buna görə onun geyimindəki yaşıl tonlar yox olaraq qara rəng ön plana çıxır.
İkinci filmdə sarı rəng xüsusi məna daşıyır. Sarı rəng azad iradə ilə əlaqələndirilir. Neo artıq Matrixin qaydalarını əvvəlki kimi qəbul etmir və öz iradəsi ilə hərəkət etməyə başlayır.
Seraphın Matrix daxilində sarı tonlarla göstərilməsi də təsadüfi deyil. O, Matrix tərəfindən yaradılmayan və öz məqsədi olan bir proqramdır.
Bəs qırmızı rəng?Qırmızı rəng daha çox təhlükə, qarşıdurma və sistemə qarşı çıxmaq anlayışını ifadə edir. Robotların gözlərində, insan tarlalarındakı inkubatorlarda və üçüncü filmdə Merovingian ilə Persephone-un geyimlərində qırmızı rəngi görürük.Morpheusun ikinci filmin əvvəlində həbs edildiyi səhnədə qırmızı geyimdə olması da diqqət çəkir. Eyni şəkildə, Commander Lock-a qarşı çıxan və Morpheusun arxasınca gedən kapitanların şura iclasında qırmızı geyimdə görünməsi onların sistem daxilindəki qarşıdurmasını vurğulayır.
Yəni "Matrix"də rənglər sadəcə dekorasiya deyil. Yaşıl-süni reallıq və zehin, mavi-reallıq, sarı-azad iradə, qırmızı isə təhlükə və qarşıdurma kimi çıxış edir.Filmə bu bucaq altında yenidən baxanda isə bir çox səhnənin əvvəlkindən fərqli göründüyünü hiss etmək mümkündür.




