Süni intellektin kino sənayesindəki rolu indiyədək daha çox qısametrajlı təcrübələr, konsept videoları və ya vizual effektlərin sürətləndirilməsi ilə məhdudlaşırdı. Lakin Higgsfield AI-ın son təqdimatı bu mənzərəni tamamilə dəyişir. Komanda 110 dəqiqəlik (1 saat 50 dəqiqə) davam etmə müddəti olan və real tanınmış simaların rəqəmsal modelləşdirmələri ilə hazırlanan "The Cully Hill Boys" filmini izləyicilərə təqdim edib.
Layihə xüsusilə iki əsas nüansla diqqət çəkir: büdcə və istifadə olunan personajlar. Hollivudda orta səviyyəli bir filmin istehsalı on milyonlarla dollar tələb etdiyi halda, bu layihə cəmi 2 milyon dollara başa gəlib. Əsas heyətdə isə uydurma personajlar əvəzinə internet mühitinin və döyüş idmanının tanıdığı simalar yer alır. UFC çempionları Israel Adesanya və Quinton "Rampage" Jackson ilə yanaşı, streamer N3on və kontent yaradıcısı Sneako filmin rəqəmsal aktyor heyətini formalaşdırır.
Filmin texniki tərəfi Higgsfield platformasının xüsusi olaraq kinematoqrafiya üçün inkişaf etdirdiyi Seedance modelinə əsaslanır. Generativ videolarda ən çox qarşılaşlan problemlərdən biri, kadrdan-kadra keçdikcə personajların və mühitin vizual ardıcıllığının pozulmasıdır. Burada xüsusi mühəndisliklə bu problem minimuma endirilib. 110 dəqiqə boyunca vahid vizual dili və personaj sabitliyini qorumaq texniki baxımdan ciddi bir sınaqdır.
Higgsfield-in atdığı ən maraqlı və cəsarətli addım isə layihəni 100% open-source etməsi oldu. Film üçün yazılmış bütün prompt-lar, səhnə strukturlaşdırmaları və istifadə edilən bütün asset-lər platformada açıq şəkildə paylaşılıb. Bu da o deməkdir ki, gələcəkdə AI ilə kino çəkmək istəyən istənilən rejissor və ya yaradıcı insan bu materiallardan birbaşa texniki dərslik kimi istifadə edə bilər.
Nəticə etibarilə, "The Cully Hill Boys" təkcə bir texniki nümayiş deyil, həm də gələcək kino istehsalının nə dərəcədə əlçatan olacağına dair aydın bir siqnaldır. Yeni kino sahəsinə daxil olan studiyaların və kiçik komandaların böyük büdcəli layihələrlə rəqabət apara biləcəyi dövr artıq bir addımlığımızdadır.




