Filmin xronometrajı düz 3 saatdır. Amma bu 3 saat insana heç hiss etdirmir. İlk hissə, xüsusilə Təpəgöz (Siklop) səhnəsinə qədər olan giriş bəlkə də sizi hekayənin içinə tam ala bilmir, müəyyən bir qopuqluq yaradır. Amma o nöqtəni keçdikdən sonra film o qədər axıcılaşır və sizi ekrana elə sabitləyir ki, fasilədə belə yerinizdən qalxmaq istəmirsiniz.
"Odisseya" dastanını oxuyanlar və sevənlər ssenaridəki boşluqların, dəyişdirilmiş hissələrin dərhal fərqinə varacaqlar. 3 saatlıq bir ekran işində bütün dastanı əhatə etməyin mümkünsüzlüyünü anlamaq və qısaltmaları qəbul etmək olar. Əgər ssenari qısaltmaları hekayəni yaxşılaşdırırsa və ona yeni bir dərinlik qatırsa, bu, uğurlu gedişdir. Lakin Nolanın etdiyi bəzi kəskin dəyişikliklər filmə heç bir fəlsəfi dərinlik qatmır, əksinə, izləyicini hekayənin əsas xəttindən uzaqlaşdıran əsas amillərdən birinə çevrilir.
Filmdə izləyicini ən çox yoran səhnələr Odissey və Kalipso arasında keçənlərdir. Bu hissələr həddindən artıq uzun tutulub və izləyiciyə demək olar ki, heç nə vermir, hekayəyə xidmət etmir. Amma digər tərəfdə Kirka (Circe) səhnələri var. Samanta Mortonun canlandırdığı bu obrazla yaranan gərginlik sizi tamamilə hazırlıqsız yaxalayır. Filmdə bu qədər insanın içinə işləyən, "body horror" elementləri ilə narahat edən başqa bir səhnə yoxdur. Rejissorluq və vizual quruluş isə Nolanın niyə hələ də zirvədə olduğunu bizə xatırladır. Troya müharibəsi və xüsusilə atın içindəki o klostrofobik gərginlik, gözlənti səhnələri möhtəşəmdir.
Burada aktyor heyətinə, xüsusilə Benny Safdie oynadığı Aqamemnon obrazına xüsusi bir parantez açmaq lazımdır. O, hər səhnəsində ekranı elə bir ağırlıqla, elə bir xarizma ilə doldurur ki, izləyici sadəcə heyran qalır. Matt Damon Odissey obrazında kibr və vicdan əzabı arasında gedib-gələn, daşıdığı yükün altında əzilən kompleks bir qəhrəmanı əla canlandırır. Robert Pattinson isə "Twilight"dan bəri keçdiyi yolu bir daha sübut edərək, bu filmdəki "villain" rolunda o qədər təbii və səhnəyə hakimdir ki, bu seçim ilin ən yaxşı qərarlarından biri sayıla bilər.
Film çıxmazdan əvvəl Elliot Page-in Axillesi oynayacağı ilə bağlı mediada böyük və əsassız bir səs-küy var idi. Amma o, filmdə tamamilə fərqli bir rolda - Sinon rolundadır. O, qurban edilmiş, hər şeydən xəbərsiz bir insanın acısını və Odisseyin qaranlıq xəyanətini elə dərin oynayır ki, rola heç bir etiraz yeri qoymur.
Anne Hathaway isə karyerasının ən yaxşı performanslarından birini nümayiş etdirir. Lakin burada bir kino reallığı yenidən üzə çıxır: Nolan qadın xarakter yaza bilmir. Penelopa obrazının mətndə heç bir dərinliyinin olmaması, sadəcə kişilərin dünyasında bir motivasiya aləti, lövhə kimi istifadə edilməsi izləyərkən insanı çox narahat edir. Ekranda hər şeyi ayaqda tutan Nolanın yazarlığı yox, sırf Hathaway-in öz aktrisalıq ustalığıdır. Filmin atmosferini bütövləşdirən ən böyük güc isə Lüdviq Göranssonun musiqiləridir. Xüsusilə Sirenlərin səhnəsindəki o qadağan olunmuş arzunun gərginliyi sırf səs dizaynı vasitəsilə iliklərimizə qədər işləyir.
Nəticə etibarilə, "The Odyssey" Nolanın ən yaxşı filmi deyil. "Inception" və ya "Interstellar"ın fəlsəfi toxunuşlarına, duyğusal zirvəsinə çatmır, amma şübhəsiz ki, onun ən zəif işlərindən də deyil. Bəs Nolan dövrümüzün ən yaxşı rejissorudurmu? O, kino sənayesini böyük kütlələrlə ayaqda tutan ən böyük isimlərdən biridir, lakin bəzən qəbul etdiyi qərarlar məhz kütləni məmnun etmək və kommersiya çabası daşıyır. Bu da onun əsl, qüsursuz sənət əsəri yaratmasının qarşısını alır.
Amma bütün bunlara baxmayaraq, "The Odyssey" sadəcə bir film deyil. O, insanın kibri, xaosu və sırf tək qalmamaq, evinə dönmək üçün nələri qurban verə biləcəyi haqqında nəhəng bir vizual təcrübədir. Və bəzən məhz bu cür böyük təcrübənin özü, xırda qüsurları bağlamağa yetər. Hər kəsin ən azı bir dəfə böyük ekranda yaşamalı olduğu bir ekran işidir.




