Bu serialın izləyicini manipulyasiya etməsinin ən maraqlı tərəfi, əgər Walter White-ı kənara qoysaq, digər personajların necə istifadə olunduğudur.
Çünki serial bizə heç vaxt aydın şəkildə “Walter haqlıdır” demir. Əksinə serial boyunca onun etdiklərinin yanlış olduğunu göstərən kifayət qədər personaj var. Sadəcə problem bundadır ki, biz həmin personajların etdiklərini əsasən Walter-un gözündən qiymətləndiririk.
Məsələn, Jesse Pinkman serialın vicdanıdır.
Jesse cinayətkar olsa da, etdiyi cinayətlərin ağırlığını Walter qədər rahat şəkildə qəbul edə bilmir. Pul qazandıqca, insanlara zərər verdikcə və işlər böyüdükcə onun psixoloji olaraq daha çox dağıldığını görürük. O, etdiyi şeylərdən qaçmağa çalışır, peşman olur və dəfələrlə bu həyatın içindən çıxmaq istəyir.
Bu səbəbdən izləyici Jesse ilə empatiya qurur.
Amma burada maraqlı bir şey baş var: Jesse ilə empatiya qurmağımız onun cinayətkar olduğunu unutmağımıza səbəb olur. Biz onun əzabını görürük, lakin onun digərlərinə verdiyi əzabı isə asanlıqla arxa plana atırıq. Beləliklə, serial bizə cinayətkar bir personajı “yaxşı insan” kimi göstərmir, amma onun vicdanını Walter-in vicdansızlığı ilə müqayisə edərək bizim ona empatiya bəsləməyimizə səbəb olur.
Skyler isə bunun tam əksidir.
Skyler serialın izləyiciyə qəsdən nifrət etdirdiyi personajlardan biridir. O, Walterın yalan danışdığını anlayır, təhlükəni görür və onun ailəsini riskə atdığını başa düşür. Bir çox vəziyyətdə onun reaksiyası əslində tamamilə məntiqlidir.
Amma serial onu necə göstərir? Gərgin, əsəbi, daim problem yaradan və Walter-i günahlandırmağa çalışan biri kimi. Walter isə bütün bunların fonunda daha sakit, daha ağıllı və hadisələri idarə edən tərəf kimi görünür. Nəticədə izləyici Walterın ailəsinə yaratdığı təhlükəyə yox, Skylerin Walterın həyatını çətinləşdirməsinə fokuslanır. Əlbəttə, Ted məsələsi kimi Skylerin öz qərarlarının mübahisəli olduğu məqamlar da var. Amma əsas məsələ budur ki, serial onun haqlı olduğu məqamları belə izləyiciyə xoşagəlməz formada təqdim edir.
Sonra isə Hank Schrader gəlir.
Serialın əvvəlində Hank bizə demək olar ki, karikaturistik və səthi bir personaj kimi təqdim olunur. O, lovğa biri kimi görünür, yerli-yersiz zarafatlar edir və Walterın sakit xarakterinin yanında daha kobud və primitiv təsir bağışlayır. Zaman keçdikcə isə vəziyyət dəyişir. Hank serialda həqiqətə ən yaxın olan insanlardan birinə çevrilir. Əslində Walter-in etdiklərini ən gec başa bilənlərdən biri olsa da, bunu başa bildikdən sonra onun qarşısında dayanan əsas personaja çevrilir.
Və burada serialın başqa bir manipulyasiya üsulu ortaya çıxır. Bizə həqiqəti deyən personajlar çox vaxt xoşagəlməz görünür. Bizim sevdiyimiz personajlar isə çox vaxt həmin həqiqətdən uzaqlaşır. Jesse Walterın etdiklərinin mənəvi nəticələrini görür. Skyler Walterın ailəsinə və həyatına yaratdığı təhlükəni görür. Hank isə Walterın kim olduğunu faktlarla ortaya çıxarır. Üçü də fərqli istiqamətlərdən eyni həqiqətə yaxınlaşırlar. Amma izləyici bütün bunları bilə-bilə yenə də Walterın tərəfində qalır. Çünki serial bizə sadəcə hadisələri göstərmir. Bizə həmin hadisələrə kimin gözündən baxacağımızı da müəyyən edir. Çünki Walter-in perspektivi daha maraqlıdır. Onun problemləri daha böyükdür. Onun qərarları daha dramatikdir. Onun planları bizi daha çox maraqlandırır. Və beləliklə, serial izləyicinin diqqətini “Walter bunu niyə edir?” sualına yönəldir. Halbuki daha vacib sual budur: “Walterın bunu etməyə haqqı varmı?”
Breaking Bad məhz bu iki sual arasındakı fərqdən istifadə edir. Nəticədə serialın manipulyasiyası sadəcə bizi Walter White ilə empatiya qurmağa məcbur etmir. Daha maraqlısı isə budur ki, serial bizi baxdığımız şeydə başqa bir şey görməyə məcbur edir. Hər personaj öz yolu ilə bizə Walterın etdiklərinin yanlış olduğunu göstərir amma izləyici yenə də hekayənin yanlış tərəfində qalır. Çünki hekayə həqiqətdən daha cəlbedici qurulub.




