Süjet xətti ilk baxışdan çox sadədir. Anders 34 yaşlı bir gəncdir. O, narkotik asılılığından müalicə aldığı reabilitasiya mərkəzindən bir iş müsahibəsi üçün sadəcə bir günlük çıxış icazəsi alır. Şəhərə, köhnə həyatına, dostlarının yanına qayıdır. Amma bu bir gün sadəcə Oslonun küçələrində atılan addımlar deyil. Bu, keçmişlə, itirilmiş illərlə və ən qorxulusu “artıq hər şey üçün çox gecdir” hissi ilə amansız bir üzləşmədir.
Bu film narkotik asılılığı və ya reabilitasiya haqqında deyil. Bu film həyat qatarına gecikmək və perronda tək qalmaq haqqındadır.
Anders Oslo küçələrində gəzərkən köhnə dostları ilə görüşür. Sən demə, o yoxkən həyat davam edib. Dostlarının artıq ailələri, uşaqları, karyeraları və yeni qayğıları var. Hətta yaxın dostu Tomasın öz daxilində sıxıldığını, ideal görünən həyatından bezdiyini görsə belə, Anders anlayır ki, Tomasın ən azından yaşamaq, şikayət etmək üçün bir səbəbi, bir dayaq nöqtəsi var. Andersin isə heç nəyi yoxdur. O, həyatın ritmini çoxdan, geri qaytarıla bilməyəcək şəkildə itirib.
Filmin ən sarsıdıcı və vizual olaraq ən güclü səhnələrindən biri Andersin bir kafedə tək oturub ətrafdakı insanların söhbətlərini dinlədiyi andır. İnsanlar öz xəyallarından, gələcək planlarından, oxumaq istədikləri kitablardan, məişət qayğılarından danışırlar. O isə kənardan bu normal həyata sadəcə tamaşa edir. O, bu dünyaya aid deyil və bir daha heç vaxt aid olmayacağını da bütün hüceyrələri ilə dərk edir. Bu səhnədə Andersin gözlərindəki o dərin boşluğu, "mən burda nə edirəm?" sualının gətirdiyi yorğunluğu hiss etməmək mümkünsüzdür. Aktyor daxili qırılmanı o qədər səssiz oynayır ki, o sükutun səs-küyü adamın qulaqlarını batırır.
“Oslo, 31 Avqust” bizə Hollywood filmlərindəki kimi hər şey yaxşı olacaq, sən sadəcə inan nağıllarını satmır. Əksinə, film çox soyuq, amma bir o qədər də poetik bir həqiqəti üzümüzə vurur: Bəzən insan öz içindəki qaranlığa qalib gələ bilmir. Bəzən həqiqətən də hər şey bitmiş olur və sadəcə çıxıb getmək lazım gəlir. İradə, sevgi və ya dostluq hər zaman xilas etməyə yetmir.
Filmin sonunda böyük qışqırıqlar, dramatik etiraflar, ya da göz yaşı qoparan musiqilər yoxdur. Sadəcə səssizlik var. Boş qalmış küçələr, tərk edilmiş otaqlar və bir insanın həyatdan səssizcə, iz buraxmadan silinib getməsi. Çünki bəzən ən böyük faciələr səs-küylə deyil, tam bir sükutla baş verir.
Əgər sən də bəzən həyatın sürətinə çata bilmədiyini, hamının irəli getdiyini və sənin eyni yerdə ilişib qaldığını hiss etmisənsə, Andersin o bir günlük gəzintisi sənə çox tanış gələcək.
Sabah 31 avqustdur. Əgər hələ də bu filmə baxmamısansa, bəlkə də indi tam vaxtıdır.




