Kinematoqrafiya tarixinin ən ikonik personajlarından biri olan James Bond, uzun illərdir ki, video oyun dünyasında layiq olduğu taxtdan uzaq qalmışdı. GoldenEye 007, Everything or Nothing və ya NightFire kimi klassikləri istisna etsək, 007 franşizası oyun sektorunda gözlənilən uğuru nadir hallarda qazana bilmişdi. 2021-ci ildəki son Bond filmindən sonra yaranan sükutu pozacaq yeganə ümid isə Hitman seriyası ilə gizlilik janrının zirvəsinə qalxan IO Interactive studiyası idi.
Böyük gözləntilər və müəyyən qədər ehtiyatlı yanaşma ilə qarşıladığımız 007: First Light, IO Interactive-in təkcə agent simulyasiyası yaratmaqda nə qədər usta olduğunu göstərmir, həm də James Bond irsinə necə ehtiramla yanaşdığının parlaq sübutuna çevrilir.
Hekayə: "00" Rütbəsini qazanmaq
First Light bizə vərdiş etdiyimiz xarizmatik, hər şeyə bələd və mükəmməl usta Bond-u təqdim etmir. Əksinə, oyun bizi James Bond-un mənşə hekayəsinə aparır.
Süjet İslandiya səmalarında SAS xüsusi təyinatlı birliyi ilə missiyaya yollanan, hələ MI6 təşkilatı ilə heç bir əlaqəsi olmayan gənc və təcrübəsiz Bond ilə başlayır. Baş verən helikopter qəzasından sonra öz həyatı ilə mülki şəxslərin xilası arasında kritik seçim edən gənc əsgər, nümayiş etdirdiyi cəsarətlə MI6-nın diqqətini çəkir. Beləliklə, uzun müddətdir dondurulmuş "00 proqramı" yenidən bərpa olunur və Bond bu proqramın ilk namizədlərindən birinə çevrilir.
Oyunun aktyoru Patrick Gibson, təkəbbürlü, əmrlərə tam tabe olmayan, lakin daxilən böyük potensiala malik gənc Bond-un emosional inkişafını mükəmməl şəkildə canlandırır. First Light təkcə aksion vermir, proqramdakı digər agent namizədləri ilə münasibətlər, xəyanətlər və mənəvi daxili qarşıdurmalar vasitəsilə Bond-un insan tərəfini də ön plana çıxarır.
Oynanış təcrübəsi: Hitman-dakı sərbəstlik və Uncharted-dakı dinamika
IO Interactive-in qarşısında böyük bir sınaq var idi: Oyun sadəcə "Bond libası geyindirilmiş Hitman" olacaqdı, yoxsa özünəxas kimliyi olacaqdı?
Redaksiyamızın təcrübəsinə əsasən, studiya bu balansı təxminən 60% Gizlilik / Kəşfiyyat və 40% Yüksək Tempdə aksion nisbətində saxlamağı bacarıb:
Geniş tapşırıq zonaları və seçim azadlığı:
Yaxın döyüş: Hitman oyunlarından tanıdığımız mikromühit struktur burada da özünü göstərir. Müəyyən bir obyektə daxil olmaq üçün yalnız tək bir yol yoxdur. Jurnalist cildinə bürünmək, gizli havalandırma şaxtalarından istifadə etmək, mühafizəçilərin diqqətini dağıtmaq və ya sadəcə ətrafdakı söhbətləri dinləyərək kritik məlumatlar toplamaq sizin seçiminizə buraxılır.
"Usta yalançı" və Blöf mexanikaları: Silahlı toqquşmalar nə qədər effektli olsa da, oyun sizi daha çox yakın döyüşə məcbur edir. Patron ehtiyatı son dərəcə məhdud olduğu üçün gülləniz bitdikdə boş tapançanı düşmənin üzünə tullamaq, onu keyitmək, tutub ətrafdakı obyektlərə çırpmaq və əlindəki silahı alaraq döyüşə davam etmək inanılmaz dərəcədə tox və sinematik hisslər yaşadır.
Bir agentin ən böyük silahı hazırcavablığıdır. Düşmənə yaxalandıqda dərhal silaha sarılmaq əvəzinə, bəzi xüsusi mexanizmlərdən istifadə edə bilərsiniz:
- Yalandan təslim olma: Təslim olurmuş kimi davranıb düşmən yaxınlaşdıqda tək hamlə ilə onu zərərsizləşdirmək.
- Blöf və yemləmə: Mühafizəçiləri yanlış istiqamətə yönəltmək üçün Bond-un xarizmasından və şifahi manevrlərindən istifadə etmək.
IO Interactive, 007 First Light
Bu mexanizmlər düşmənləri zərərsizləşdirdikcə dolan xüsusi enerji resursu ilə idarə olunur.
Texnoloji Qadcetlər: Q-Watch və Resurs İdarəetməsi
Qadcetlər olmadan James Bond oyunu təsəvvür etmək qeyri-mümkündür. Oyun boyunca əsas köməkçimiz Q-Watch smart-saatıdır.
- Saat vasitəsilə ətrafdakı elektrik panellərini qısaqapanma etdirə, kameraları sıradan çıxara və ya mühitdəki mexanizmləri idarə edə bilərsiniz.
- Qadcetlərin istifadəsi iki əsas resursdan asılıdır: Elektronik və Kimyəvi. Daxilində iflicedici iynə olan telefon, şok dalğası yayan fotoaparat və ya mikro-raketli qələm kimi avadanlıqlar mühitdən topladığınız bu resurslarla işləyir. Bu da strategiyanızı hər addımda yeniləməyi tələb edir.
IO Interactive, 007 First Light
Görünüş və PS5 Performansı
Oyun PlayStation 5 platformasında sınaqdan keçirildi:
- Performans Rejimi (60 FPS): Kadr tezliyi demək olar ki, tam stabildir. İlkin treylerlərdə görünən təyyarə və helikopter aksionlarındakı optimizasiya problemləri tamamilə aradan qaldırılıb. Yeganə kiçik qüsur — ara səhnələrdə ikincili personajların saç və saqqal detallarında bəzi pikselləşmələrin (blur) nəzərə çarpmasıdır.
- Keyfiyyət Rejimi (30 FPS): İşıqlandırma, əks olunmalar (ray-tracing) və vizual detallar maksimum səviyyəyə çatır.
Tənqid olan öqtə: Süni İntellekt
IO Interactive-in Hitman seriyasındakı mükəmməl NPC/AI sistemini nəzərə alsaq, First Light-dakı düşmən süni intellekti bəzi yerlərdə zəif təsir bağışlayır. Yanındakı mühafizəçinin qəfil yoxa çıxmasını və ya sakitcə zərərsizləşdirilməsini bəzən gec dərk edən düşmənlər, atmosferin gərginliyinə kiçik də olsa kölgə salır.
Redaksiyanın Yekun Qərarı
007: First Light, təkcə illərdir gözlənilən Bond oyunu deyil, həm də son illərin ən uğurlu oyunlarından biridir. Oyunun daxilindəki ritm, musiqi seçimləri, sinematik keçidlər və ən əsası "ruh" faktoru, oyunçunu bir an belə darıxmağa qoymur.
GoldenEye 007-nin uzun illərdir saxladığı "ən yaxşı Bond oyunu" taxtı, artıq rəsqmi olara 007: First Light-a həvalə olunur.
Müsbət tərəfləri:
- Mükəmməl kəşfiyyat və azad gizlilik strukturu
- Son dərəcə tox və sinematik yaxın döyüş sistemi
- Patrick Gibson-un təsirli gənc Bond performansı
- Əsas Bond hekayəsinin dərinliyi və xarakterin inkişafı
- Resurs idarəetməsi ilə zənginləşdirilmiş Q-Watch və qadcet mexanikası
Mənfi tərəfləri:
- Düşmən süni intellektinin bəzi yerlərdə gözləniləndən zəif olması
- PS5 Performans rejimində ara səhnələrdəki kiçik vizual/piksel qüsurları




