Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

2 saat əvvəl

Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”

Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”

Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.

Xbox-dan ayrılaraq yenidən müstəqil olan studiya haqqında BBC-yə verdiyi müsahibədə Schafer-dən son illərdə oyun istehsalının iqtisadi şərtlərinin dəyişib-dəyişmədiyi soruşulub. O, əvvəllər sənayedəki çətin dövrlərin ardınca yenidən işə qəbul dalğasının gəldiyini, indi isə uzun müddətdir belə bir canlanma görmədiyini bildirib.

“Düzünü desəm, oyun hazırlamağın iqtisadi tərəfini artıq başa düşmürəm. Əvvəllər işdən çıxarmalar olurdu, sonra rəhbərlər oyun hazırlamaq üçün insanlara ehtiyac duyduqlarını anlayıb yenidən işçi götürürdülər. Düşünürdüm ki, bu eniş-yoxuş davam edəcək. Amma təxminən dörd ildir vəziyyət pisdir və səbəbini bilmirəm. İnsanlar oyun oynayır, şirkətlər pul qazanır. Bəs niyə bu qədər insan işini itirir? Güman edirəm, haradasa kimsə acgözlük edir. Ümid edirəm ki, bu da keçici mərhələdir və vəziyyət düzələcək.”

Schafer-ə görə, AAA oyunlar üzərində işləyənlər daha sərt iş mühiti ilə üzləşirlər: bəzən oyun tamamlanan kimi komanda üzvləri işdən çıxarılır. Indie oyun hazırlayan studiyalarda isə başqa bir risk var. Oyun yayımlandıqdan sonra növbəti layihəni maliyyələşdirməyə pul çatmaya bilər. Bununla belə, o, yaradıcılığın yalnız indie oyunlara xas olduğu fikri ilə razılaşmır və AAA layihələrdə də güclü yaradıcı işlərin görüldüyünü deyir.

Onun sözlərinə görə, oyun sənayesində çalışan bir çox insan bu sahəni sabit iş və ya rahat həyat tərzi üçün seçməyib. Onlar oyun hazırlamaq istədikləri üçün riskləri qəbul edirlər. Schafer yaradıcı insanların işlərini itirməkdən və ailələrini necə dolandıracaqlarından narahat olmadan çalışa bildikləri bir sənaye görmək istədiyini bildirib.

Müsahibədə Double Fine-ın bağlanma ehtimalından da danışılıb. Schafer əvvəlcə studiyanı xilas etmək imkanlarının olduğunu anlamadığını, daha sonra isə mübarizə aparmaq qərarına gəldiyini söyləyib.

“Əvvəl elə düşünürdüm ki, bizim studiyanı bağlayacaqlar. Sonra başa düşdüm ki, başqa seçimlər də var. Özümüzə sual verdik: ‘Yox olmaq istəyirik?’ Xeyr, yaşamaq istəyirdik. Double Fine-ı məhv etmək həmişə çətin olub.”

Schafer studiyanın həm Thank You Bus Driver kimi kiçik indie oyunlar, həm də Psychonauts 2 kimi daha böyük layihələr hazırlaya bilməsini onun fərqli cəhəti olduğunu hesab edir. O, Double Fine-ın yaradıcı dəyərlərini qorumaq üçün mübarizə aparmağa dəyər olduğunu deyir. Studiyanın yenidən müstəliq şirkət olması 2026-cı ilin iyulunda rəsmi olaraq elan edilib.

Tövsiyə

Oxşar məqalələr

  1. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  2. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  3. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl
  4. GTA VI: Onyilliyin oyunu haqqında bütün detallarBütün oyun dünyasının və populyar mədəniyyətin diqqət mərkəzində olan Grand Theft Auto VI haqqında ən geniş pərdəarxası məqamlar bəlli oldu. İstinad etdiyimiz Dazed Magazine jurnalının Rockstar Games yaradıcı heyəti ilə keçirdiyi eksklüziv müsahibə və dərin təhlil, oyunun mexanikası, hekayə strukturu və dünyasının miqyası ilə bağlı indiyədək məlum olmayan bir çox maraqlı faktı ortaya çıxardı.Oyun4 həftə əvvəl