Mənbə: Dazed Digital (https://www.dazeddigital.com/)
Müəllif: Thom Waite
GTA VI-nın mərkəzində iki əsas personaj dayanır: keçmiş hərbçi və narkotik daşıyıcısı Jason ilə həbsxanadan yeni azadlığa buraxılmış, döyüşçü ruhlu Lucia. Onların münasibəti klassik "Bonnie and Clyde" modelinə əsaslansa da, Rockstar-ın təqdim etdiyi hekayə bu ideyanı psixoloji baxımdan daha dərin bir səviyyəyə qaldırır. Oyun boyunca personajlar arasındakı romantik, gərgin və emosional əlaqələr əvvəlki GTA oyunlarındakı baş qəhrəman münasibətlərindən tamamilə fərqlənir.
Burada oyunçuların verdiyi qərarlar təkcə missiyaların uğurla başa çatmasına və ya hekayənin gedişatına təsir etmir. Oyunçunun kritik anlardakı seçimləri Jason və Lucia arasındakı emosional münasibəti birbaşa formalaşdırır. Bu mexanika sadə bir “honor system” deyil, verdiyiniz hər bir qərar personajların bir-birinə olan inamını, dialoqlarını, hətta təhlükəli anlarda bir-birlərini müdafiə etmə dərəcəsini dinamik olaraq dəyişdirir.
Oyunun keçdiyi Leonida ştatı və əfsanəvi Vice City şəhəri isə sadəcə bir xəritə deyil, yaşayan və oyunçuya cavab verən nəhəng ekosistemdir. Sərbəst gəzinti (open world) rejimində oyunçular Jason və Lucia-nı istədikləri an idarə edə bilərlər. İki personajın eyni anda aktiv olduğu missiyalarda və ya şəhər gəzintisində idarəetmə rejimini dəyişmək inanılmaz dərəcədə rahatlaşdırılıb. Məsələn, Jason avtomobili yüksək sürətlə idarə edərkən oyunçu bir düymə ilə sərnişin oturacağındakı Lucia-ya keçib telefonla tapşırıqları həll edə, polisləri izləyə və ya pəncərədən atəş aça bilər. Təqib anlarında rolların bu cür ani dəyişməsi oyuna dinamik kinematoqrafik havası qatır.
İnteraktiv şəhər və süni intellekt: Leonida ştatında yaşayan NPC-lər oyunçunun hər bir hərəkətinə real reaksiya verir. Məsələn, küçədə silahla gəzmək və ya şübhəli davranışlar nümayiş etdirmək sakinlər arasında çaxnaşmaya, polisə zəng edilməsinə və ya ətrafdakı insanların dərhal sığınacaq axtarmasına səbəb olur. Bundan əlavə, Red Dead Redemption 2-dən tanıdığımız realizm burada da tətbiq olunub: silahlar sonsuz sayda ciblərə sığışdırılmır, böyük tip silahlar avtomobillərin yük yerində saxlanıla bilər.
Rockstar Games bu oyunda əfsanəvi Grand Theft Auto: San Andreas-ın ən çox sevilən RPG elementlərini müasir texnologiyalarla bərpa edib. Qidalanma, fiziki məşq və həyat tərzi personajların xarici görünüşünə və performansına birbaşa təsir göstərir. Müntəzəm olaraq fast food yemək kökəlməyə və tez yorulmağa səbəb olduğu halda, idman zalında vaxt keçirmək və düzgün qidalanmaq əzələ kütləsini və dözümlülüyü artırır. Günlərlə yatmamaq, fasiləsiz polislərdən qaçmaq və ya Vice City-nin gecə həyatında vaxt keçirmək personajların duruşunda, üz cizgilərində və enerji səviyyəsində vizual şəkildə özünü birbaşa göstərir.
Bu nəhəng dünyanı yaratmaq üçün Rockstar Games görünməmiş resurslar səfərbər edib. Şirkətin işçi heyəti Red Dead Redemption 2 dövründən bəri iki dəfədən çox artıb. Xüsusilə Rockstar-ın Los Angeles (LA) filialı demək olar ki, bütün gücünü şəhərdəki piyadaların süni intellektini, gündəlik həyat ssenarilərini və davranış müxtəlifliyini inkişaf etdirməyə həsr edib. Küçələrin atmosferini həqiqi etmək üçün 50-dən çox real street-art rəssamı oyundakı qraffitiləri və divar rəsmlərini çəkməyə dəvət olunub.
Nəqliyyat vasitələrinin idarə edilməsi və fizika sistemi isə tamamilə peşəkar yarış sürücülərinin təcrübəsi və məsləhətləri əsasında tənzimlənib. Avtomobillərin sürətlənməsi, təkərlərin müxtəlif örtüklərdə (asfalt, qum, palçıq) tutulması və zədələnmə fizikası sənayedə yeni bir standart müəyyənləşdirir. Eyni zamanda, ştat boyunca məşhur "Florida Man" fenomeninə əsaslanan satirik yumor, absurd təsadüfi hadisələr və sosial media çəkilişləri rəqəmsal dünyanın canlılığını tamamlayır.
Rockstar Games GTA VI-nı təkcə bir dəfə oynanılıb bitiriləcək hekayə kimi deyil, oyunçuların ən azı qarşımızdakı 10 il ərzində yaşayacağı, davamlı yenilənən rəqəmsal bir platforma kimi layihələndirib. Bütün bu təfərrüatlar göstərir ki, GTA VI həm texnoloji imkanları, həm immersiv dünyası, həm də detallara olan misilsiz diqqəti ilə oyun sənayesində uzun illər keçilə bilməyəcək yeni bir era açır.




