Oyun19 dəqiqəlik oxu
Bahlul Hasanli

2 həftə əvvəl

GTA VI necə hazırlanıb: Rockstar əvvəlcə özünü dəyişməli oldu

GTA VI necə hazırlanıb: Rockstar əvvəlcə özünü dəyişməli oldu

Bütün zamanların ən böyük oyun uğurlarından biri olacağı gözlənilən Grand Theft Auto VI səkkiz ildən çox vaxt ərzində hazırlanıb. Bu müddətdə Rockstar Games həm komandasını böyüdüb, həm iş qaydalarını dəyişib, həm də sızmalar və daxili böhranlarla üzləşib. Bloomberg-in reportajı oyunun hazırlanmasının pərdəarxasını açır.

Mənbə: Boolmberg

Müəllif: Jason Schreier


Oyun sənayesinin məktəblərdəki kimi illik məzun albomu olsaydı, Grand Theft Auto VI bir çox nominasiyada seçilərdi: ən bahalı oyun, ən böyük hazırlama komandası, televiziya aparıcılarını şoka salmaq ehtimalı ən yüksək layihə, cinayət törədərkən əl-ələ tutmağın ən yaxşı tətbiqi, ən müxtəlif bədən quruluşları, ən əsəbi piyadalar, tərin ən real təsviri və Miami Beach-ə ən çox “araşdırma” səfəri tələb edən oyun.

GTA VI dünyasını yaratmaq üçün Rockstar Games əməkdaşları oyundakı uydurma Vice City-nin əsaslandığı Miami şəhərinə dəfələrlə səfər ediblər. Polis əməkdaşları ilə cinayətin çox baş verdiyi əraziləri gəzib, helikopterlərdən şəhərin səmadan fotolarını çəkib, məşhur gecə klublarında açıq geyimli rəqqasların arasından keçiblər. Sonuncunun məqsəd isə işıqlandırmanı öyrənmək olub.

Bloomberg Businessweek
Bloomberg Businessweek

“İndi bunun niyə bu qədər uzun çəkdiyini başa düşürsünüz”, deyə Rockstar-ın nəşr işləri üzrə rəhbəri Jennifer Kolbe bildirir.

Bloomberg-in müxbiri ilə şirkətin Edinburqdakı ofisində keçirilən və bütün gün davam edən müsahibədə bir neçə rəhbər iştirak edib. Rockstar ilk dəfə indiyədək hazırladığı ən böyük və bəlkə də ən mühüm oyunun hazırlanması zamanı qarşılaşdığı çətinliklərdən açıqca danışıb.

Rockstar-ın dünya üzrə 12 ofisi mövcuddur. Şirkətin əsas mərkəzi olan Rockstar North isə Şotlandiyanın paytaxtında yerləşir. Qədim qalaları və daşlarla döşənmiş küçələri ilə Edinburq Miami-dən tamamilə fərqlənir.

Rockstar North əvvəllər Scotsman qəzetinin qərargahı olmuş üçmərtəbəli binada fəaliyyət göstərir. Atriumdakı ekranlarda GTA VI personajlarının təsvirləri göstərilir, rəhbərliyin otaqlarından isə yaxınlıqdakı qayalıqlar görünür.

Sentyabrın sonlarında, günəşli bir gündə ofisdəki əməkdaşlar oyun yayımlanmazdan əvvəl xətaları aradan qaldırmaqla məşğuldurlar. Monitorlarda irəliləyiş yaşıl və qırmızı xanalarla göstərilir. Yaşıl xanalar üstünlük təşkil edir. Bu, yaxşı əlamətdir. Bəlkə də oyun yenidən təxirə salınmayacaq.

Azarkeşlər GTA VI haqqında ən kiçik məlumatı belə əldə etmək üçün bəzən Rockstar North ofisinin yaxınlığında toplaşırlar. Hətta hazırlıq prosesinin mühüm mərhələyə yaxınlaşıb-yaxınlaşmadığını anlamaq üçün gecə verilən pizza sifarişlərinin sayını izləyənlər də var. Çox qaldıqda isə, elə Grand Theft Auto oyunlarındakı kimi, mühafizəçi gəlib onları uzaqlaşdırır.

Rockstar-ın məxfiliyə münasibəti sənayedəki digər şirkətlərə də yaxşı məlumdur. Ofisin qarşısındakı Marriott hotelində səhər yeməyi zamanı başqa oyun şirkətlərinin geyimlərini daşıyan qonaqlar mehriban davransalar da, studiyaya baş çəkməyə gəldiklərini etiraf etmirlər. Bloomberg müxbirinin “Yəqin hamımız şəhəri gəzməyə gəlmişik” zarafatı da vəziyyəti dəyişmir. Hətta Edinburq taksi sürücülərinin Rockstar əməkdaşlarından oyun haqqında məlumat almağa çalışdığı deyilir.

Noyabrın 19-da yayımlanması planlaşdırılan GTA VI-nın əyləncə tarixinin ən böyük təqdimatlarından biri olacağı gözlənilir. Bloomberg-in məlumatına görə, əvvəlki oyun 230 milyon nüsxə satılıb.

GTA VI-nın ilk treyleri YouTube-da təxminən 300 milyon baxış toplayaraq rekordlar qırıb. Netflix-də yayımlanan ilk geniş oyun nümayişi isə həmin həftə yeni Robert De Niro filmini geridə qoyaraq platformanın ən çox izlənən məzmununa çevrilib.

Digər əyləncə şirkətləri də təqdimat təqvimlərini bu oyuna uyğun qurublar. Bəziləri məhsullarını gələn ilə saxlayıblar, çünki GTA VI-nın noyabrın böyük hissəsində bütün diqqəti özünə çəkəcəyini düşünürlər. NBA oyunçusu Steven Adams da yaxınlarda zarafatla bildirib ki, oyun yayımlandıqda böyük idman liqalarında “performans aşağı düşəcək”.

Bəzi analitiklərin proqnozuna görə, yeni Grand Theft Auto ilk dörd ayda PlayStation və Xbox-da 40 milyon nüsxə satıla və 3 milyard dollardan çox gəlir gətirə bilər.

Rockstar oyunun hazırlanmasına nə qədər pul xərcləndiyini açıqlamır. Bununla belə, Kolbe büdcənin Dubaydakı Burj Khalifa-nın tikintisinə xərclənən 1,5 milyard dolları keçməsi barədə yayılan iddianı təkzib edib. Layihəyə sərf olunan vaxtı və əməyi nəzərə alan Bloomberg onun indiyədək hazırlanmış ən bahalı oyun olması ehtimalını yüksək qiymətləndirir.

Tərtibatçılar 2027-ci ildə təqdim olunacağı gözlənilən onlayn hissə haqqında hələ danışmırlar. Hazırkı Grand Theft Auto Online isə təxminən ildə yarım milyard dollar gəlir gətirir və Rockstar-ın sahibi Take-Two Interactive üçün ən mühüm məhsullardan biri olaraq qalır.

Oyun biznesi haqqında daha ətraflı məlumat üçün həftəlik yayımlanan Jason Schreier-in Game On bülleteninə baxa bilərsiniz.

Rockstar üçün risk də, gözlənti də böyükdür. Şirkət GTA VI üzərində işlədiyi müddətdə ciddi dəyişikliklərdən keçib. Oyunun hazırlanması səkkiz ildən çox çəkib. Bu müddətə iki təxirəsalma və hazırlama rəhbəri Rob Nelson-un “qaranlıq dövr” adlandırdığı, layihənin istiqamətinin hələ aydın olmadığı mərhələ də daxildir.

Rockstar bəzi əsas əməkdaşları olmadan işləməyi öyrənməli, komandasını təxminən iki dəfə böyütməli və əvvəlki səhvləri təkrarlamamağa çalışmalı olub. Şirkətin son böyük oyunu, 2018-ci ildə yayımlanan Red Dead Redemption II hazırlanarkən Rockstar-da 2441 əməkdaş çalışırdı. İndi isə 12 ofisdə ümumilikdə 4711 nəfər işləyir. Bloomberg bu komandanın miqyasını rəqib studiyalardan xeyli böyük kimi təsvir edir.

Bu illərdə şirkət iş və şəxsi həyat balansı ilə bağlı problemlər, böyük məlumat sızmaları və qayda pozuntusu iddiaları ilə 34 əməkdaşı işdən çıxardıqdan sonra həmkarlar ittifaqının yaradılmasına mane olmaq ittihamları ilə üzləşib.

Fotoqraf: SOPA Images/LightRocket
Fotoqraf: SOPA Images/LightRocket

Oyunun özü də dəyişən Rockstar-ı əks etdirir. Studiyanın oyunları adətən yüksək qiymətləndirilsə də, onların tonu bir-birindən ciddi fərqlənə bilir. Grand Theft Auto V 2013-cü ildə, Barack Obama-nın ikinci prezidentlik müddətinin əvvəlində yayımlandı. Oyunun nihilizmi həmin dövrün ciddi və idealist əhvalına qarşı bir mövqe kimi görünürdü.

Beş il sonra Red Dead Redemption II daha çox məna qatına malik hekayə təqdim etdi. Realizmə verilən önəm bəzən əyləncənin hesabına başa gəlirdi.

GTA VI bu iki yanaşma arasında balans tapmağa çalışır, amma ilham baxımından daha çox Red Dead Redemption II-yə yaxın görünür. Burada yenə striptiz rəqqaslarına 20 dollarlıq əsginaslar ata və piyadaları maşınla vura bilərsiniz. Eyni zamanda oyun Bonnie və Clyde-dan ilhamlanan baş qəhrəmanlarının hisslərini anlamağınızı da istəyir.

Rockstar-ın son oyunları bir qədər yetkinləşməyə çalışır. Şirkətin özü də eyni yoldan keçir. Bütün sənət əsərlərinin müəyyən mənada öz yaradılma prosesi haqqında olduğu fikrini qəbul etsək, burada bunun izlərini görmək mümkündür. GTA VI-nın ilk treylerində baş qəhrəmanlardan birinin dediyi sözlər hazırlığın ilk günlərində göndərilmiş şirkətdaxili məktubdan götürülmüş kimi səslənir:

“Bunun öhdəsindən gəlməyin yeganə yolu birlikdə qalmaqdır. Bir komanda olmaq.”

2015-ci ildə Nelson və digər rəhbər əməkdaşlardan ibarət qrup ilk araşdırma səfəri üçün Miami-yə yollanıb. GTA VI üçün planlar çox iddialı olub. Layihə Şimali və Cənubi Amerikanın böyük ərazilərini əhatə etməli olduğu üçün ona “Project Americas” kod adı verilib. Sonradan miqyas Miami və ətraf ərazilərlə məhdudlaşdırılıb.

İlkin məqsəd oyunu San Diego ofisinin rəhbərlik etdiyi Red Dead Redemption II ilə paralel hazırlamaq olub. Lakin həmin layihənin miqyası böyüdükcə Nelson başa düşüb ki, onu tamamlamaq üçün rəhbərlik də daxil olmaqla Rockstar-ın böyük hissəsini işə cəlb etmək lazımdır.

Bu qərar GTA VI-nın hazırlanmasını bir neçə il geri atıb. Bunun üstünlüyü isə Red Dead Redemption II üçün qurulan sistemlərdən sonradan yeni layihədə istifadə edə bilmək olub.

Əvvəllər Rockstar müxtəlif ofislərdə eyni vaxtda bir neçə oyun üzərində işləyirdi. Yeni yanaşmada isə əməkdaşların böyük hissəsi hər dəfə bir layihəyə yönələcəkdi.

Red Dead Redemption II-dən sonra şirkətdən bir neçə mühüm əməkdaş ayrılıb. Onların arasında Rockstar-ın həmtəsisçisi və studiyanın əksər oyunlarının baş ssenaristi Dan Houser də olub.

Bu dəyişikliklər Nelson-un vəzifələrini genişləndirib. O, digər iki təcrübəli əməkdaş, Phil Hooker və Aaron Garbut ilə birlikdə hazırlama rəhbəri vəzifəsini alıb. Nelson və Garbut həm də Edinburq studiyasına rəhbərlik ediblər. Oyun hazırlanmasında belə quruluş çox yayılmayıb. Adətən layihəni bir direktor idarə edir.

Üç rəhbər deyir ki, gündəlik işləri əvvəlki oyundan çox fərqlənməyib: komandaları idarə edib, ehtiyac olan sahələrdə işə qoşulublar. Bununla belə, bəzi əməkdaşlar qərar verənlərin çoxluğundan, qərarsızlıqdan və bir-birinə zidd yanaşmalardan şikayətləniblər.

“Heç kim birbaşa mənə ‘Üçünüzün də qərar verməsi adamı bezdirir’ deməyib. Amma insanların bunu dediyini bilirəm”, deyə Nelson bildirir.

Onun fikrincə, layihənin bir rəhbəri olduqda da eyni problemlər yarana bilər:

“O da qərarları gec verə bilər. Fikrini daim dəyişə bilər.”

2019-cu ilin sonuna qədər rəhbərlik hekayənin əsasını müəyyənləşdirib. Jason Duval və Lucia Caminos adlı cinayətkar cütlük uydurma Miami-nin qaranlıq tərəflərində soyğunlar törədəcəkdi.

Amma GTA VI-nın digər əsaslarını müəyyənləşdirmək vaxt aparıb. Bəzi məsələlər əvvəldən aydın idi: əvvəlki Grand Theft Auto oyunları kimi, bu da avtomobil oğurlaya, polislə və cinayətkarlarla atışa biləcəyiniz satirik açıq dünya aksiyon oyunu olacaqdı.

Çətinlik dizaynın sərhədlərini müəyyənləşdirməkdə idi. Uydurma Miami nə qədər real olmalıydı?

Əksər oyunlar əyləncə və rahatlıq üçün realizmdən müəyyən güzəştlərə gedir. Mağazadan pivə almaq istədikdə sadəcə məhsulu seçib düyməyə basırsınız. Amma qrafika və sistemlər GTA VI-dakı qədər detallı olduqda personajın əlində pivə şüşəsinin qəfil peyda olması qəribə görünə bilər.

Nelson-un sözlərinə görə, rəhbərlik belə sualları müzakirə edib: oyunçu mağazanın soyuducusuna yaxınlaşmalı, pivəni götürməli, kassaya aparmalı və ödənişi ayrıca etməlidirmi? Bu proses hansı məqamdan sonra oyunun əyləncəsini azaldır?

Mənzildə personajın göstəricilərini yaxşılaşdıran sendviç hazırlamaq üçün əvvəlcə ərzaq mağazasına gedib inqrediyent almaq lazım olmalıdırmı? Yoxsa birbaşa sendviç hazırlamaq kifayətdir?

Oyunun böyük hissəsi hələ hazır olmadığı üçün bu qərarlar çox vaxt təxminlər əsasında verilirdi.

Nelson, Garbut və Hooker layihənin necə bir oyun olacağını müəyyənləşdirməyə çalışarkən şirkət başqa maneələrlə də qarşılaşıb. Pandemiya hamını aylarla evdən işləməyə məcbur edib, sənaye üzrə məhsuldarlığı aşağı salıb və Rockstar-ın aktyorların hərəkət və ifalarını qeydə alan studiyalarında işi tam dayandırıb.

Sürətli işə qəbul da şirkət daxilində ünsiyyəti çətinləşdirib. Bəzi təcrübəli dizaynerlər irəliləyişin yetərli olmadığını düşünərək işdən ayrılıblar.

“Belə bir dövrdə komandanı bir yerdə saxlamaq çox çətindir”, deyə Nelson bildirir. “Özümü studiyada oturub hər gün bu layihəyə baxan, onun bir araya gəlmədiyini görən və ‘Görəsən, nə vaxtsa alınacaq?’ deyə düşünən adamın yerinə qoya bilirəm.”

Onun fikrincə, həmin vaxt hamının ehtiyacı olan şey etimad və inam idi. Jason və Lucia kimi.

“Hər şey qaydasındadır. Bunun öhdəsindən gələcəyik.”

2022-ci ilə qədər Rockstar GTA VI-nın kifayət qədər hissəsini hazırlamışdı. Ayrı-ayrı elementlərə diqqətlə baxdıqda oyunun ümumi mənzərəsi artıq görünməyə başlayırdı.

“Bu proses bizə çox tanışdır”, deyə Hooker bildirir. “Elə bir mərhələdən keçirsiniz ki, hər şey işləmir, amma ayrı-ayrı hissələrdə nəticəni görürsünüz.”

Bununla belə, hələ çox qərar verilməli idi. İnsanların Grand Theft Auto-nu sevməsinin səbəblərindən biri hər oyunda bir neçə oyuna bəs edəcək qədər məşğuliyyətin olmasıdır. Soyğundan tutmuş idman zalında ştanqla çömbəlməyə qədər.

Nelson və digər rəhbərlər GTA VI-da iki baş qəhrəmanın açıq dünyadakı fəaliyyətləri birlikdə edə bilməsini istəyiblər. Bunun üçün mürəkkəb süni intellekt sistemləri lazım idi. Burada söhbət ChatGPT tipli generativ süni intellektdən yox, personajların davranışını idarə edən ənənəvi oyun sistemlərindən gedir. Bu qərar illərlə həll edilməli olan çoxsaylı çətinliklər yaradırdı.

“Bunu üzərimizə götürmək tərəddüd doğururdu”, deyə Nelson bildirir. “Amma bəzi insanlar israr edirdi: ‘Bu bizə lazımdır. Oyun bir cütlük haqqındadır. Onlar cütlük kimi davranmalıdırlar.’ Ona görə də bu qərarı verməli olduq.”

Sistem işlək vəziyyətə gəldikdə GTA VI-nın ən maraqlı yeniliklərindən birinə çevrilib. Jason-u idarə edən oyunçu Lucia-ya mesaj yazaraq görüşməyi təklif edə bilər. Bir neçə dəqiqə sonra onlar parkda əl-ələ gəzərək Lucia-nın anasının Jason-a əsəbiləşdiyi hadisəni xatırlaya bilərlər.

Sonra birlikdə idman zalına gedə bilərlər. Lucia qaçış trenajorunda məşq edərkən Jason ştanqla çömbələ bilər. Ardınca birlikdə mağaza soyub polisdən qaça, bütün bunlar zamanı zarafatlaşa və bir-birləri ilə flört edə bilərlər.

İki personajın qarşılıqlı münasibəti Rockstar-ın əvvəlki oyunlarından gələn, oyun dünyasını canlı göstərən sistemlərə yeni qat əlavə edib.

“Sanki kimsə sənin çirkli paltarlarını eşələyir. Elə bil beyninin içindədir.”

Elə həmin ilin sentyabrında, oyun bir araya gəlməyə başlayanda Rockstar əməkdaşları mümkün olan ən pis xəbərlərdən biri ilə üzləşiblər. Kimsə fişinq hücumu vasitəsilə şirkətin Slack kanalına daxil olub və GTA VI-nın tamamlanmamış oynanışını göstərən onlarla video sızdırıb.

Müəllif hüquqları əsasında videoların silinməsi də yayılmanı dayandıra bilməyib. Şərhçilər bunun əyləncə tarixinin ən böyük sızması olub-olmadığını müzakirə ediblər. Bəzi azarkeşlər isə sosial şəbəkələrdə oyunun yöndəmsiz və yarımçıq görünməsindən şikayətləniblər. Tamamlanmamış oyunun tamamlanmamış görünməsi kimi sadə məqamı nəzərdən qaçırıblar.

“Sanki kimsə sənin çirkli paltarlarını eşələyir”, deyə Garbut bildirir. “Elə bil beyninin içindədir. İşinin ilkin versiyasını hamının qarşısında görürsən. Heç kim onu görməməli idi. Bu, qəribə şəkildə şəxsi sərhədlərinə müdaxilə kimi hiss olunur. Ona görə də emosional baxımdan bununla mübarizə aparmaq çətindir.”

Rockstar sosial şəbəkələrdə sızma ilə bağlı açıqlama verib. Hüquq-mühafizə orqanları sonradan hücumu törətməkdə şübhəli bilinən şəxsi müəyyənləşdiriblər. Amma dəyən zərəri tam aradan qaldırmaq mümkün olmayıb.

Çox keçmədən şirkət ən mübahisəli iş qaydalarından birini tətbiq edəcəkdi. Bu qərar əvvəlki böyük oyundan sonra iş mühitində əldə olunan irəliləyişin mühüm hissəsini riskə atırdı.

2018-ci ilin oktyabrında yayımlanan Red Dead Redemption II Rockstar-da iş və şəxsi həyat balansı ilə bağlı müzakirələrin mərkəzinə çevrilmişdi.

Red Dead Redemption 2
Red Dead Redemption 2

Geniş və detallı dünyaları yaratmaq üçün studiyanın tərtibatçıları uzun müddət gecələr və həftəsonları işləməli olurdular. Oyun sənayesində bu cür intensiv əlavə iş dövrünə “crunch” deyilir. Bir çox əməkdaş üçün Red Dead Redemption II əvvəlki layihələrlə müqayisədə irəliləyiş olsa da, yenə aylarla həftədə 60 saat işləmək demək idi.

Kolbe deyir ki, məsələ ictimai müzakirəyə çıxmazdan əvvəl belə, oyunun hazırlanması Rockstar üçün özünə nəzər salmaq məqamı olub.

“Hamımız bir-birimizə baxıb dedik: ‘Bunu bir də belə etməyəcəyik.’”

O və digər rəhbərlər əməkdaşlara göndərdikləri məktublarda və söhbətlərdə növbəti Grand Theft Auto-nun fərqli hazırlanacağına söz veriblər.

“Dedim ki, ‘Bu oyunu crunch hesabına tamamlamayacağıq’”, deyə Kolbe xatırlayır.

Həll yollarından biri komandaya daha çox insan cəlb etmək olub. Digərləri tapşırıqların yerinə yetirilmə sürəti ilə bağlı gözləntiləri yenidən qiymətləndirmək, işi daha dəqiq planlaşdırmaq və irəliləyişi daha yaxından izləmək idi.

Rockstar əlavə işlənən saatların əvəzində ödənişli istirahət vaxtı, bəzi hallarda isə əlavə ödəniş verən qaydalar da tətbiq edib.

“Hər şey mükəmməl olmayıb, amma Red Dead II dövründən mütləq daha yaxşıdır”, deyə Kolbe bildirir. “Nə vaxt ‘Crunch etməmişik’ desəm, kimsə ‘Mən etmişəm’ deyəcək. Ayrı-ayrı komandalar və ya insanlarla mübahisəyə girmək istəmirəm. Amma düşünürəm ki, bu dəfə fərqli işlədik və bununla fəxr edirəm.”

Bir çox Rockstar əməkdaşı üçün əlavə iş saatlarından daha mübahisəli məsələ uzaqdan işin ləğvi olub.

2024-cü ildə şirkət təhlükəsizlik problemlərini əsas gətirərək bütün əməkdaşların həftədə beş gün ofisdə olmasını tələb edib. Ən çox narazılıq yaradan qərarlardan biri GTA VI tərtibatçılarına ofisdən kənarda Rockstar serverlərinə və alətlərinə girişin qadağan olunması idi. Uşağa baxmaq və ya başqa təcili səbəbdən evdə qalmalı olan əməkdaşlar məzuniyyət günlərindən istifadə etməyə məcbur olublar.

Kolbe deyir ki, oyun yayımlandıqdan sonra şirkət bu qaydanı yenidən nəzərdən keçirməyi planlaşdırır. Bununla belə, o, həftədə üç gün ofisdən, iki gün evdən işləməyi nəzərdə tutan geniş yayılmış hibrid modelə keçəcəklərinə şübhə edir.

“Oyunun bu qədər fərqli mühitdə olması təhlükəsizlik komandasının xoşuna gəlməz”, deyə bildirir. “İnsanların bu qədər oğurlamaq istədiyi bir oyunumuz olmasaydı, bəlkə də bu barədə danışmaq daha asan olardı.”

Bu tədbirlərə baxmayaraq, avqustda, Netflix nümayişindən az əvvəl daha bir böyük sızma baş verib. Şirkət daxilində bəziləri bütün məhdudiyyətlərin nəticəsiz qaldığını düşünərək narazılıq ediblər.

Bloomberg müxbirinin son bir neçə ildə danışdığı onlarla Rockstar əməkdaşı şirkətin iş mühitini yaxşılaşdırmaq istiqamətində atdığı addımları əsasən müsbət qiymətləndirib. Buraya crunch-ı azaltmaq cəhdləri və əməkdaşlarla pis rəftar etdiyi və ya işləməsi çətin olduğu düşünülən rəhbərlərlə yolların ayrılması da daxildir.

Buna görə də keçən il 34 nəfərin qəfil işdən çıxarılması gözlənilməz olub. Onların əksəriyyəti həmkarlar ittifaqı yaratmağa çalışan qrupun üzvü idi.

Rockstar North, Edinburgh.
Rockstar North, Edinburgh.

Sonrakı hüquqi prosesdə işdən çıxarılan əməkdaşlar şirkəti təşkilatlanma cəhdlərini boğmaqda ittiham ediblər. Rockstar isə onların keçmiş əməkdaşların da olduğu yüzlərlə üzvlü Discord serverində məxfi məlumat paylaşdıqları üçün işdən çıxarıldığını bildirib. Qrup bu iddianı qəbul etmir.

Son illərdə oyun sənayesində həmkarlar ittifaqlarının yaradılması genişlənib. Blizzard Entertainment, Bethesda Softworks və digər şirkətlərin əməkdaşları maaş fərqləri və həddindən artıq əlavə iş saatları kimi ədalətsiz hesab etdikləri şərtlərə qarşı kollektiv danışıqlara üz tutublar.

Rockstar-ın Böyük Britaniya ofislərində isə əməkdaşlar ən azı səkkiz ildir həmkarlar ittifaqı yaratmağı müzakirə edirlər.

İşdən çıxarılan əməkdaşlardan Rachel Crawford deyir ki, Red Dead Redemption II yayımlandıqdan sonra şirkətdə bir sıra müsbət dəyişikliklər baş verib. İşçilər bu istiqamətin davam etməsi üçün qərarların verilməsində iştirak etmək istəyiblər.

“Rəhbərliyin bəlkə də dəyişmək istəmədiyi məsələlərdə daha dərin dəyişikliklərə nail olmaq üçün daha geniş dəstəyə və gücə ehtiyac var. Bunun üçün isə həmkarlar ittifaqı lazımdır”, deyə bildirir.

Keçmiş əməkdaşlar işə bərpa olunmalarını, bu mümkün olmadıqda kompensasiya verilməsini və işdən çıxarılmalarının ədalətsiz olduğunun açıq şəkildə tanınmasını istəyirlər. Hər iki tərəf Şotlandiyanın Glasgow şəhərindəki əmək tribunalında mövqeyini müdafiə edir. İş üzrə qərarın oktyabrın sonunda verilməsi gözlənilir.

“Mən sadəcə məsuliyyətin qəbul olunmasını istəyirəm”, deyə Crawford bildirir. “İşinə qayıtmaq istəyən həmkarlarımın geri qayıtmasını, hələ Rockstar-da çalışan insanların isə başlarına nəsə gələcəyi qorxusu ilə yaşamaq məcburiyyətində olmadıqlarını bilməsini istəyirəm.”

İşdən çıxarılmalardan sonra da Rockstar-da həmkarlar ittifaqı yaratmaq cəhdləri davam edib. Yay ərzində qrup şirkətdən könüllü tanınma istəyib və rəhbərliklə hər həftə danışıqlar aparıb.

Kolbe bu prosesin müsbət keçdiyini deyir:

“Komandanın seçdiyi istiqamətdə gedirik. Həmkarlar ittifaqı istəyirlərsə, olacaq.”

2023-cü il dekabrın 4-də Rockstar GTA VI-nın ilk treylerini yayımlayıb. Treyler iki baş qəhrəmanı təqdim edib, Vice City-ni dəbdəbəli və absurd səhnələr vasitəsilə göstərib.

Video 24 saatda 93 milyon baxış toplayaraq YouTube-da musiqi kateqoriyasından kənar videolar üzrə rekord qırıb.

Bu, Rockstar əməkdaşları üçün də mühüm məqam olub. Məsələ təkcə rəqəmlərə heyrətlə baxmaq deyildi. Treyler onlara uğurlu nəticənin necə görünəcəyini təsəvvür etməyə kömək edib.

Rockstar North.
Rockstar North.

Minlərlə insanın işlədiyi komandada hər kəsin layihəyə yalnız öz işi çərçivəsində baxması asandır.

“Treylerlər bizim üçün çox mühüm istiqamət göstəriciləridir”, deyə texnologiya üzrə baş vitse-prezident Jonathon Ashcroft bildirir. “Düşünmək olar ki, bu uyğunluq sənədlər və ya ünsiyyət vasitəsilə yaranır. Amma heç nə bizi treyler qədər eyni istiqamətə yönəltmir.”

Treyler azarkeşlərə oyunun 2025-ci ildə yayımlanacağını da bildirirdi. Rockstar rəhbərləri həmin vaxt buna həqiqətən inandıqlarını deyirlər. Komandalarda birbaşa işləyən əməkdaşlar isə daha şübhəli yanaşıblar.

Vaxt yaxınlaşdıqca həmin tarixə çatmaq getdikcə qeyri-real görünməyə başlayıb.

“Mümkün olan ən qısa müddətdə ən yüksək keyfiyyətli oyunu təqdim etmək üçün böyük təzyiq və məsuliyyət hiss edirsiniz”, deyə Nelson bildirir. “Sonra irəlilədikcə vəziyyəti yenidən qiymətləndirirsiniz. Tarixə yaxınlaşanda isə bunun həqiqətən mümkün olub-olmadığına qərar verməlisiniz.”

Hazırlama komandası Kolbe-yə təxirəsalmanın zəruri olduğunu bildirib. O da Take-Two-nun baş direktoru Strauss Zelnick-ə zəng edərək oyunun əvvəlcə 2026-cı ilin mayına keçirilməli olduğunu deyib.

Bir neçə ay sonra ikinci təxirəsalma üçün yenidən zəng etməli olub. Bu dəfə noyabr ayını istəyib. Zelnick xəbərə təəccüblənib.

“Deyəsən, ‘Zarafat edirsən. Xahiş edirəm, de ki, zarafat edirsən’ dedi”, deyə Kolbe xatırlayır. “Amma səbəbləri izah edəndən sonra başa düşdü. Onun bu qədər anlayışlı olması bizim üçün böyük şansdır. Çünki çoxları ‘Necə olur-olsun, oyunu vaxtında yayımlamağın yolunu tapın’ deyərdi. Belə vəziyyətə düşməməyimiz baxımından çox şanslıyıq. Bu, bir çox komandanın başına gəlir və hamımız o oyunları oynamışıq. Nəticə yaxşı olmur.”

Zelnick isə deyir ki, oyun çata biləcəyi keyfiyyət səviyyəsinə çatmaq üçün təxirə salınmalıdırsa, bu, adətən “vaxtın və maliyyə resurslarının düzgün sərmayəsidir”.

Noyabrın 19-u GTA VI-nın faktiki yayım tarixi kimi görünür. Bununla belə, oyun sənayesində oyun cihazınızda işləməyənədək heç vaxt yüz faiz əmin olmaq mümkün deyil.

Rəhbərlik təxirəsalmaların arxasında böyük və dramatik bir səbəb olmadığını deyir. Sadəcə çoxsaylı işlər gözlənilən sürətlə bir araya gəlməyib.

“Oyun heç vaxt tam sabit vəziyyətə gəlmir”, deyə Hooker bildirir. “Heç vaxt dəqiq və dəyişməz planımız olmur. Hətta son bir neçə ayda da bəzi şeyləri dəyişmişik.”

Məsələn, bir mərhələdə komanda hədəflərinə çatmaq üçün neçə NPC-nin yazılmalı və animasiya edilməli olduğunu hesablayıb. Məlum olub ki, mövcud imkanlarla bu işin öhdəsindən gəlmək mümkün deyil.

“Bizə təqdim olunan proqnozlar dəhşətli idi”, deyə Nelson bildirir.

Şirkət problemi əlavə vəsaitlə həll etməyə qərar verib. Los Angeles-də yalnız NPC-lərin hazırlanmasına cavabdeh olacaq ssenaristlər, prodüserlər və rejissorlardan ibarət studiya sürətlə qurulub.

“Bəzi sahələrin vaxtında hazır olmayacağı aydınlaşanda tarixi dəyişmək qərarını verdik”, deyə Hooker bildirir. “Həmin təqvimə çata bilərdik, amma nəticədə hazırlamaq istədiyimiz oyun alınmazdı.”

Komandadakı bəzi insanlar üçün təxirəsalmalar müsbət nəticə verib. Qərarlar artıq verilirdi. Oyun formalaşırdı. Hər yeni daxili baxış irəliləyişi və illər əvvəl verilmiş qərarların nəticəsini göstərirdi.

Hazırlığın son mərhələlərindən birində Hooker oyunun sınaq versiyasını oynayarkən hekayə tapşırığına getməli idi. Yolda başqa avtomobilə toxunub. Həmin maşının sürücüsü də cavab olaraq onun avtomobilinə çırpılıb və qışqırmağa başlayıb.

Hər ikisi məsələni “aydınlaşdırmaq” üçün yol kənarında dayanıb. Sağlamlıq göstəricisi aşağı olan Hooker bərpaedici məhsullar almaq üçün yaxınlıqdakı kiçik mağazaya getməyə qərar verib.

Yolda başqa bir NPC onu təhqir edib və dava başlayıb. Mağazanın kassasında heç kim olmayıb, buna görə də Hooker kassanı soyub. Polis onun ardınca düşüb.

Qaçıb avtomobilini tərk etdikdən sonra yeni maşın axtarmağa başlayıb. Dəyərli bir avtomobil tapıb və onu satmaq üçün yola çıxıb. Bu vaxt yüksək səslə musiqi səsləndirən başqa maşın az qala onu əzib.

Hooker həmin avtomobilin ardınca getməyə qərar verib. Yaxınlıqda bir ərazi tapıb, oranı müşahidə edib və oğurlaya biləcəyi çoxlu əşya aşkarlayıb. Sonra onları oğurluq malları alan şəxsə satmağa gedib və orada başqa bir məşğuliyyət haqqında məlumat alıb.

İki saat sonra yoxlamalı olduğu hekayə tapşırığına hələ yaxınlaşmamışdı.

“Bunun nə qədər əyləncəli olduğunu xatırlayıram”, deyə Hooker bildirir. “Hamı həmin baxışdan ruhlanmış çıxmışdı. O dövrdə səni rahat buraxmayan bütün narahatlıqlara və şübhələrə baxmayaraq düşünürdük: ‘Bu yanaşmadan dönməsək, ortaya çox xüsusi bir şey çıxacaq.’”

Hazırda oyun sənayesi yaxşı vəziyyətdə deyil. Büdcələr böyüyür, satışlar durğunlaşır, dünyanın müxtəlif yerlərindəki investorlar isə aşağı faiz dərəcələri dövründə etdikləri böyük yatırımlardan geri çəkilirlər.

2023-cü ildən bəri on minlərlə oyun tərtibatçısı işdən çıxarılıb. Bu, yalnız uğursuz şirkətlərdə baş verməyib. Take-Two da daxil olmaqla ən böyük oyun naşirləri də ixtisarlar aparıblar.

Eyni zamanda süni intellektə tələbatın yaratdığı yaddaş çipi çatışmazlığı avadanlıq qiymətlərini yüksəldib. Bloomberg-in reportajında vurğulandığı kimi, Xbox və PlayStation konsolları indi illər əvvəl yayımlandıqları vaxtdan xeyli baha satılır.

Bu çətinliklər bir çox oyun şirkətini gəliri artırmaq və xərcləri azaltmaq üçün iş üsullarını yenidən nəzərdən keçirməyə məcbur edir. Buna görə də GTA VI-nın hazırlanması sənayedəki ümumi istiqamətdən fərqlənir.

Başqa studiyalar layihələrini kiçildərkən Rockstar əvvəlkindən də böyük oyun hazırlayıb. Digər naşirlər hazırlama işlərini xərclərin yüksək olduğu ABŞ-dən kənara daşımağa çalışarkən şirkət Los Angeles-də yeni ofis qurub. Rockstar eyni zamanda Hindistanda da ciddi şəkildə genişlənib.

Başqa oyun şirkətləri büdcələrinin 500 milyon dolları keçməsinin qarşısını almağa çalışırlar. Yeni Grand Theft Auto-nun hazırlanması isə Bloomberg-in ehtimalına görə, bu məbləğin iki qatından da baha başa gəlmiş ola bilər. Burada diqqətçəkən məqam odur ki, nəşr oyunun xərclərini qaytaracağına və əlavə qazanc gətirəcəyinə yüksək əminliklə yanaşır.

Kənardan baxanda sanki limitsiz görünən büdcə ilə yanaşı, Rockstar-ın əsas üstünlüklərindən biri onilliklərdir birlikdə işləyən komandasıdır.

Nelson, Garbut və Hooker GTA VI-nın ilk illərindəki çətinliklərə baxmayaraq, nəticəyə çatmalarını uzun illər oyun hazırlamaları və layihələri necə tamamlamağı bilmələri ilə əlaqələndirirlər. Onlar bu oyunu illərlə öyrəndikləri dərslərin nəticəsi hesab edirlər.

“Son 30 il bizi gəlib çatdığımız bu məqama hazırlayıb”, deyə Garbut bildirir. “Komanda olaraq da, fərdi olaraq da bu işi o qədər uzun müddətdir görürük ki, ortaq anlayışımız və biliklərimiz formalaşıb. Bəzi sualların cavabına daha tez çata bilirik.”

Rockstar rəhbərləri deyirlər ki, GTA VI gələcək məzmunu daha sürətlə hazırlamaq üçün təməl yaradıb. Onlar növbəti layihənin daha səkkiz il çəkməyəcəyini bildirirlər.

“Bu layihə ərzində qurduğumuz mühərrik, alətlər və komanda bizə işləri daha sürətlə görməyə imkan verəcək”, deyə Hooker bildirir. “Əminəm ki, bu təməlin üzərində işləyə və hər dəfə miqyası böyütmək əvəzinə mövcud imkanları genişləndirərək daha maraqlı məzmun yarada bilərik.”

Müqayisə üçün Grand Theft Auto III-dən Grand Theft Auto: Vice City-yə keçid göstərilə bilər. Əvvəlki oyunda görülən işlərin üzərində qurulduğu üçün Vice City bir ildən az müddətdə hazırlanmışdı.

“Bu layihədə bir çox şeyi kökündən dəyişdik”, deyə Garbut bildirir. “Amma indi bu iş tamamlanıb və həmin təməli söküb yenidən qurmaq fikrimiz yoxdur.”