Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

3 həftə əvvəl

GTA bənzəri oyun Gang of Dragon ləğv olunub? Maliyyə böhranı və Nagoshi Studio ətrafındakı qeyri-müəyyənlik

GTA bənzəri oyun Gang of Dragon ləğv olunub? Maliyyə böhranı və Nagoshi Studio ətrafındakı qeyri-müəyyənlik

Yakuza seriyasının yaradıcısı Toshihiro Nagoshi-nin yeni oyunu Gang of Dragon maliyyə problemləri ilə üzləşib. NetEase-in dəstəyini dayandırması və Nagoshi Studio-nun fəaliyyətini dayandırdığına işarə edən məlumatlar layihənin gələcəyini sual altına qoyub. Bununla belə, oyunun ləğv edildiyinə dair rəsmi açıqlama yoxdur.

Bloomberg-in məlumatına görə, Gang of Dragon-un hazırlanmasını başa çatdırmaq üçün əlavə 7 milyard yen, təxminən 44,4 milyon dollar tələb olunurdu. NetEase bu məbləğdən xəbər tutduqdan sonra studiyanın maliyyələşdirilməsini may ayından etibarən dayandırmaq qərarına gəlib. Şirkətin nümayəndəsi də maliyyə dəstəyinin kəsiləcəyini Bloomberg-ə təsdiqləyib.

Gang of Dragon
Gang of Dragon

Bu qərar NetEase-in oyun sahəsinə yatırımlarını azaltdığı dövrə təsadüf edib. Şirkət digər studiyalara dəstəyini də yenidən nəzərdən keçirirdi. Gang of Dragon üçün tələb olunan əlavə büdcə belə bir şəraitdə layihənin davam etdirilməsini çətinləşdirib.

Məlumatlara görə, Nagoshi yeni maliyyə tərəfdaşı axtarsa da, ilkin xəbərlərin yayımlandığı vaxt nəticə əldə edə bilməmişdi. Habelə, başqa investor tapmaq bütün problemləri həll etmirdi. Studiya oyun üzərində işi müstəqil davam etdirmək, onun brendini və artıq hazırlanmış materiallarını saxlamaq üçün NetEase-ə müvafiq ödəniş etməli idi. Bu şərt layihənin əlavə maliyyə yükünü artırırdı.

Gang of Dragon
Gang of Dragon

Maliyyələşdirmə ilə bağlı qərardan sonrakı aylarda studiyanın fəaliyyətinə dair narahatlıq yaradan başqa əlamətlər də ortaya çıxıb. Gang of Dragon-un tanıtım videolarının YouTube-dan silinməsinin ardınca Nagoshi Studio-nun rəsmi saytı əlçatmaz olub.

Gang of Dragon
Gang of Dragon

İyun ayında studiyanın Tokiodakı ofisi Google Maps-də daimi bağlanmış kimi göstərilib. Həmtəsisçi Daisuke Sato da sosial media profilində özünü Nagoshi Studio-nun keçmiş əməkdaşı kimi təqdim edib. Bunlar studiyanın fəaliyyətini dayandırdığı ehtimalını gücləndirsə də, həmin xəbərlərdə bağlanma ilə bağlı rəsmi bəyanatın olmadığı vurğulanır.

Gang of Dragon necə bir oyun olacaqdı?

The Game Awards 2025-də təqdim olunan Gang of Dragon üçüncü şəxs baxış bucağından oynanılan aksiyon-macəra oyunu kimi hazırlanırdı. Hadisələr Tokionun Kabukicho bölgəsində baş verir, hekayə isə Koreya cinayət təşkilatının yüksək vəzifəli üzvlərindən Shin Ji-seong ətrafında qurulurdu.

Gang of Dragon
Gang of Dragon

Baş qəhrəmanı Cənubi Koreyalı aktyor Ma Dong-seok canlandırırdı. Layihədə yaxın döyüş, odlu silahlardan istifadə və avtomobillərlə aksiyon səhnələri nəzərdə tutulurdu. Cinayət dünyasına fokuslanan atmosfer Nagoshi-nin Yakuza seriyasındakı işlərini xatırladırdı. Oyunun yayımlanma tarixi isə açıqlanmamışdı.

Maliyyə dəstəyinin itirilməsi və studiyanın fəaliyyəti ilə bağlı əlamətlər Gang of Dragon-un gələcəyini ciddi şübhə altına alır. Lakin bunlar oyunun qəti şəkildə ləğv olunduğunu deməyə əsas vermir. Nagoshi-nin başqa tərəfdaşla layihəyə qayıdıb-qayıtmayacağı da hələ məlum deyil.

Gang of Dragon
Gang of Dragon