BioWare 21 oktyabrda öz X bloqunda (red. köhnə adı ilə Twitter) qısa bir yazı paylaşdı. Yazıda studiyanın bağlandığı və növbəti Mass Effect oyunu üzərində işin dayandırıldığı bildirilirdi. Bu, 31 il əvvəl Edmontonda üç həkim dostun qurduğu studiyanın sonu oldu.
Bu xəbərin üstündən bir həftə keçib, ona görə də bu barədə xəbər kimi yazmaq istəmirəm. Rəqəmləri hamı artıq oxuyub. Necə deyərlər, nə görülməli idisə, hamı görüb. Mən bu yazını tanıdığımız bir dostun ardınca yazılan vida yazısı kimi yazmaq istəyirəm, çünki çoxumuz üçün BioWare elə bir dost idi. Onun oyunlarında saatlarla dialoq oxuyurduq, yoldaşlarımızla mübahisə edirdik. Bəzən bir seçim etdikdən sonra pultu yerə qoyub bir az fikirləşirdik.
Rəsmi məlumata görə, EA təxminən 400 işçini işdən çıxarır. Bu, şirkətdəki bütün işçilərin təxminən 3 faizi deməkdir. Onlardan təxminən 50 nəfəri BioWare-də işləyirdi. Bir zamanlar yüzlərlə insanın çalışdığı studiyada axırda cəmi 50 nəfər qalmışdı. Məncə elə bu özü də bir şeylərin yolunda getmədiyini göstərir. Düzü bilmirəm, bu BioWare-in problemidir mi, yoxsa ümumi olaraq oyun sənayəsində davam edən eyni iqtisadi yanaşmanın nəticəsidir mi?
Həkimlərin qurduğu RPG məktəbi
BioWare-i 1995-ci ildə Ray Muzyka, Greg Zeschuk və Augustine Yip qurdu. Üçü də həkim idi və oyun hazırlamağa boş vaxtlarında başlamışdılar. 1998-ci ildə çıxan Baldur's Gate kompüter üçün rol oyunlarına yeni bir yön verdi. Ondan sonra Neverwinter Nights çıxdı, 2003-cü ildə isə Star Wars: Knights of the Old Republic gəldi. Çox adam KOTOR-u bu gün də ən yaxşı Star Wars hekayəsi hesab edir, hətta filmlərdən də yaxşı. (red. Mən elə olduğunu düşünməsəm də, çox gözəl hekayə xəttində sahib olduğunu dana bilmərəm.
Amma BioWare-i hamının tanıdığı BioWare edən oyun Mass Effect oldu. Trilogiya 2007-ci ildə başladı. Oyunçu hazır bir qəhrəmanla oynayırdı və onun etdiyi seçimlər üç oyun boyu davam edirdi. Eyni zamanda personaj ilə oyunçu arasında bağ qurmaq üçün oyun demək olar ki, hər şeyi doğru edirdi. Məsələn, birinci oyunda kimisə xilas etmişdinsə, o adam üçüncü oyunda qarşına çıxırdı. Bu gün bu bizə adi görünür, amma o vaxt bunu çox az studiya bacarırdı deyə bilərik. 2009-cu ildə çıxan Dragon Age: Origins eyni şeyi fantastik dünyada etdi.
BioWare oyunlarından adamın yadında döyüşlərdən çox söhbətlər və o söhbətlər əsasında kəşf etdiyin hekayələr qalır. Məsələn, Garrus-un kalibrləmə zarafatı, Alistair ilə ocaq başında danışmaq və ya Normandy gəmisində gəzib hər kəslə söhbət etmək. Yoldaş personajların öz fikirləri və keçmişləri var idi. Bəzən onlar sənin qərarına etiraz edirdilər və haqlı da olurdular. Bu gün Baldur's Gate 3 kimi bir çox böyük RPG-də bu yanaşmanın izi görünür.
EA ilə 19 il və ya Stokholm sindromu
EA BioWare-i 2007-ci ildə satın aldı. İlk illərdə hər şey yaxşı gedirdi: Mass Effect 2 və Dragon Age: Inquisition məhz EA dövründə çıxdı. Bunu örnək gətirib insanlar əslində EA`nın bu şirkətə xeyir verdiyini deyənlər çoxdu. Amma bu layihələrin təməli hələ EA işin içinə girmədən atılmışdı. EA sadəcə qazanca ortaq oldu. O dönəmlərdə BioWare'ə heç nə qatmamışdı. Problemlər sonra başladı. 2012-ci ildə studiyanın qurucuları şirkətdən ayrıldı. Sonrakı illərdə Casey Hudson, Mark Darrah və Mac Walters kimi təcrübəli adamlar da getdi. Beləcə studiya yavaş yavaş öz təcrübəli kadrlarını itirdi.
Bundan sonra bir-birinin ardınca üç böyük və bahalı oyun uğursuz oldu. 2017-ci ildə çıxan Mass Effect: Andromeda zəif qarşılandı. 2019-cu ildə Anthem çıxdı və burada EA-nın istəyi aydın görünürdü. Hekayə oyunları ilə tanınan studiyadan onlayn və daim pul gətirən bir oyun istənilirdi. BioWare bunu bacarmadı, çünki onun güclü tərəfi bu deyildi. 2024-cü ildə çıxan Dragon Age: The Veilguard isə ilk rübdə təxminən 1,5 milyon nüsxə satıldı. EA-nın öz açıqlamasına görə, bu rəqəm gözləniləndən təxminən 50 faiz az idi. Bundan sonra, 2025-ci ildə studiyada çalışanların böyük hissəsi ixtisar edildi.
Ona görə də bu bağlanma gözlənilməz olmadı. Bu, uzun müddət xəstə yatan birinin ölüm xəbərinə bənzəyir. İnsan kədərlənir, amma təəccüblənmir.
Bəs bu uğursuzluqlarda kim günahkar idi? Məncə, günah hər iki tərəfdədir. BioWare-in özündə də ciddi problemlər var idi və Anthem-in hazırlanması ilə bağlı çıxan xəbərlər bunu göstərdi. Amma hekayə studiyasını yaxşı bilmədiyi bir janra məcbur edən, sonra da nəticəyə görə cəzalandıran nəşriyyatın da payı az deyil.
55 milyardlıq hesab
Bu bağlanmanı EA-nın bu il keçirdiyi dəyişikliklərdən ayrı düşünmək olmaz. Avqust ayında Səudiyyə Ərəbistanının dövlət investisiya fondu PIF, Silver Lake və Affinity Partners şirkətləri ilə birlikdə EA-nı 55 milyard dollara satın aldı və şirkət birjadan çıxdı. Bu, tarixdə borc hesabına edilən ən böyük satınalma sayılır. Nəticədə şirkətin borcu təxminən 18 milyard dollar artdı. Borc hesabına alınan şirkətdə hər xərcə yenidən baxılır, uzun çəkən və riskli layihələr isə birinci kəsilir.
EA-nın verdiyi izah da bununla üst-üstə düşür. Şirkətin sözlərinə görə, oyunçuların vaxtı uğrunda rəqabət artıb. EA hansı layihələri saxladığını da açıqlayıb: idman oyunları, Apex Legends, yeni Star Wars Jedi oyunu və Marvel-in Iron Man oyunu. The Sims üçün hazırlanan Project Lotus adlı layihə də ləğv edilib. Yəni pul ya hər il satılan oyunlara, ya da tanınmış lisenziyası olan oyunlara gedir.
Sənayenin ümumi vəziyyəti də fərqli deyil. Son bir neçə ildə ixtisar xəbərləri adi hala gəlib. Bir oyun uğursuz olanda studiyalar bağlanır.Düzünü desəm, artıq uğurlu olsa belə, studiyalar bağlanır. Belə bir şəraitdə 100 saatlıq, bahalı və nəticəsi bəlli olmayan hekayə oyununu müdafiə etmək ən çətin işdir. Maraqlıdır ki, elə həmin illərdə Baldur's Gate 3 BioWare-in köhnə yolu ilə gedərək böyük uğur qazandı. Deməli, oyunçular belə oyunları hələ də istəyir. Sadəcə, onları hazırlamağa razı olan nəşriyyatlar azalır.
Bizim üçün nə dəyişir
BioWare oyunlarının bizim üçün başqa bir mənası da var idi. Bu oyunlar bizim dilə tərcümə olunmurdu, mətnin çox hissəsi isə dialoqdan ibarət idi. Çoxumuz ingilis dilini ilk dəfə ciddi şəkildə Mass Effect və Dragon Age oynayarkən, yanımızda lüğətlə öyrəndik. Mənim nəslimdən olan oyunçular üçün BioWare həqiqətən bir məktəb idi.
İndi əsas sual Mass Effect və Dragon Age seriyalarının taleyidir. Bu seriyalar EA-da qalır, amma şirkət onlar barədə hələ heç nə deməyib. Dragon Age-in keçmiş baş ssenaristi David Gaider düşünür ki, EA-nın rəhbərliyi altında yeni oyunun çıxması çətindir. Ola bilsin, bir gün bu seriyalar başqa bir komandanın əlində geri qayıdacaq. Amma o oyun artıq BioWare oyunu olmayacaq, çünki BioWare-i yaradan insanlar çoxdan gediblər.
Bizə isə oyunlar qalır. Onlar hələ də kitabxanalarımızdadır, Mass Effect Legendary Edition da hələ satışdadır. Trilogiyanı hələ oynamayanlar üçün bu həftə başlamaq üçün yaxşı vaxtdır.
