THE DOXSANDOQQUZ

99

Film & Serial 3 dəqiqəlik oxu
Bəhlul Həsənli

22 saat əvvəl

Freddy Krueger 16 ildən sonra geri qayıdır!

Freddy Krueger 16 ildən sonra geri qayıdır!

Qorxu kinosunun ən ikonik personajlarından biri olan Freddy Krueger, uzunmüddətli fasilədən sonra yenidən böyük ekranlara dönməyə hazırlaşır. "Paramount Pictures" kult seriyanın yeni filmi üçün rəsmi addımlar atıb. "Elm küçəsində kabus" kainatında keçəcək yeni layihənin ilk təfərrüatları paylaşıldı.

Qorxu kinosunun ən ikonik franşizalarından biri olan "A Nightmare on Elm Street" (Elm küçəsində kabus) yeni bir filmlə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Dünyaca məşhur kino studiyası "Paramount Pictures", rejissor Wes Craven-in kult ssenarisinin ABŞ-dəki yayım hüquqlarını əldə etmək üçün rəsmi razılıq əldə edib.

"The Hollywood Reporter" nəşrinin yaydığı məlumata görə, "Paramount Pictures" franşizanın ABŞ hüquqlarını tam şəkildə satın alıb. Yeni film studiyanın xüsusi olaraq qorxu və triller janrlarına fokuslanan "Paramount Primal" brendi altında ərsəyə gətiriləcək.

A Nightmare on Elm Street
A Nightmare on Elm Street

Mənbələrin verdiyi məlumata görə, ABŞ-dəki müəllif hüquqları Wes Craven-in irsini qoruyan və idarə edən Craven ailəsindən lisenziyalaşdırılıb. Bu müqavilənin imzalanmasında rejissorun həyat yoldaşı Iya Labunka və oğlu Jonathan Craven birbaşa iştirak ediblər.

Iya LabunkaJonathan Craven həm də yeni filmin əsas prodüserləri qismində çıxış edəcəklər. Onlara müəllif hüquqları sahəsindəki uğurlu fəaliyyəti ilə tanınan vəkil və prodüser Marc Toberoff yoldaşlıq edəcək. "Paramount Primal" tərəfindən icraçı prodüserliyi isə J.D. LifshitzRaphael Margules həyata keçirəcək.

"Yeni nəsil pərəstişkarlara çatdırmaq istəyirik"

Iya Labunka mətbuata verdiyi açıqlamada Wes Craven-in yaratdığı bu unikal və qorxulu dünyanı yeni nəsil pərəstişkarlara ötürməkdən böyük həzz aldıqlarını bildirib. Iya Labunka qorxu kinosunun müasir mədəniyyətdə layiq olduğu mövqeni getdikcə daha çox möhkəmləndirdiyini vurğulayaraq, yeni ekran işinin izləyicilərlə qaranlıq kinoteatr zallarında görüşəcəyi günü həyəcanla gözlədiklərini ifadə edib.

A Nightmare on Elm Street
A Nightmare on Elm Street

Studiyanın prodüserləri J.D. LifshitzRaphael MargulesWes Craven yaradıcılığının böyük pərəstişkarı olduqlarını qeyd edərək, bu əfsanəvi kainata yeni bir hekayə qazandırmaq məsuliyyətini böyük fəxrlə daşıyacaqlarını diqqətə çatdırıblar.

"A Nightmare on Elm Street" seriyası uzun illər "New Line Cinema" və "Warner Bros." şirkətlərinin tərkibində idi. Lakin Craven ailəsi aparılan hüquqi mübarizələr nəticəsində orijinal ssenarinin ABŞ-dəki hüquqlarını geri almağı bacarmışdı.

Hazırda "New Line Cinema" filmin beynəlxalq yayım hüquqlarını əlində saxlamağa davam edir. "Paramount" ilə əldə olunan yeni razılaşma isə yalnız ABŞ ərazisini əhatə edir. Bu vəziyyət, yeni filmin qlobal distribütorluq və nümayiş proseslərinin regionlara görə fərqli şirkətlər tərəfindən idarə olunacağını göstərir.

Verilən rəsmi açıqlamalara görə, yeni ekran işi franşizanın köklərinə sadiq qalaraq, orijinal ssenariyə əsaslanan eyni kainatda cərəyan edəcək. Lakin filmin süjet xətti, aktyor heyəti, rejissoru və ya Freddy Krueger rolunu konkret olaraq kimin canlandıracağı barədə hələlik geniş məlumat verilmir.

Seriyanın sadiq pərəstişkarlarını maraqlandıran ən böyük suallardan biri isə Freddy Krueger obrazı ilə bütövləşən əfsanəvi aktyor Robert Englund-ın layihəyə qayıdıb-qayıtmayacağıdır. Hazırkı mərhələdə 79 yaşlı aktyorun filmdə yer alıb-almayacağı qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, bundan əvvəl Freddy roluna namizəd adlar arasında dünya şöhrətli aktyor Jim Carrey kimi məşhurların adı çəkilirdi. Layihə üzərində yeni və fərqli ideyaların axtarışı isə əslində 2019-cu ildən bəri qapalı qapılar arxasında davam edirdi.