Days Gone-u hazırlayan Bend Studio-nun növbəti oyunu 2027-ci ildə həm təqdim edilə, həm də yayımlana bilər. MP1st layihədən xəbərdar olduğu deyilən mənbələrə istinadən yazır ki, studiya oyunu gələn il göstərməyi və elə həmin il satışa çıxarmağı planlaşdırır. Mənbələrə görə, layihə üzərində görülən işlər hazırda xeyli irəlidədir.
İddiaya əsasən, yeni oyun Days Gone-ın davamı olmayacaq. Üçüncü şəxs perspektivindən oynanılacaq layihədə co-op, yəni birgə oynama rejimi olacaq, lakin o, davamlı yenilənən live-service oyun kimi olmayacaq.
Əgər bu məlumat doğrudursa, studiyanın son illərdə yaşadıqlarını nəzərə alsaq, bu qərarı başa düşmək olar. 2025-ci ilin əvvəlində Sony-nin Bend Studio-da hazırlanan live-service oyunu, eləcə də Bluepoint Games-in üzərində işlədiyi başqa layihəni ləğv etdiyi bildirilmişdi. Həmin ilin sonrakı aylarında studiyada kütləvi ixtisarlar aparıldı. Bloomberg-in məlumatına görə, Bend işçilərinin təxminən üçdə birini itirdi.
2019-cu ildə PS4 üçün yayımlanan Days Gone hələ də studiyanın ən son oyunudur. Metacritic-də 71 bal toplayan oyun tənqidçilərdən qarışıq rəylər alsa da, zaman keçdikcə sadiq pərəstişkar kütləsi qazandı.




2020-ci ildə Bend-dən ayrılan ssenarist və rejissor John Garvin isə orta səviyyəli rəyləri texniki problemlərlə, oyunu lazımınca oynamayan tənqidçilərlə və qəhrəmanın obrazını qəbul edə bilməyən “woke” rəyçilərlə əlaqələndirmişdi. Studiya sonradan keçmiş əməkdaşının bu fikirlərindən uzaqlaşaraq, onların komandanın baxışlarını əks etdirmədiyini bildirmişdi.
Sony 2021-ci ildə Bend-in yeni IP, yəni tamamilə yeni oyun seriyası üzərində işlədiyini təsdiqləmişdi. Şirkətin sözlərinə görə, layihə Days Gone üçün hazırlanmış dərin açıq dünya sistemlərinin üzərində qurulurdu.
