Oyun3 dəqiqəlik oxu
Bahlul Hasanli

21 saat əvvəl

50 il oyun oynayan GamesMaster aparıcısı indi özü oyunun baş qəhrəmanıdır.

50 il oyun oynayan GamesMaster aparıcısı indi özü oyunun baş qəhrəmanıdır.

Dominik Diamond Kanadada bir qarajda hazırlanan Black Tides Draga’s Wake oyununda baş qəhrəman Draga-nı səsləndirir.

Britaniyanın məşhur GamesMaster verilişinin aparıcısı Dominik Diamond 50 il oyun oynadıqdan sonra ilk dəfə bir oyunun baş qəhrəmanını səsləndirir. The Guardian üçün yazdığı yazıda o, survival horror janrında hazırlanan Black Tides Draga’s Wake layihəsinə necə qoşulduğunu danışır.

Hər şey 16 ay əvvəl Greg Strangis-in ona yazması ilə başlayıb. “Səni radioda dinləyirəm və səsin qulaqlarımdan getmir!” deyən Strangis onu ucqar bir yerdəki qarajına dəvət edib ki, hazırladığı oyuna baxsın. Diamond bu dəvətin qəribə səsləndiyini etiraf edir. Amma karyerasının da belə başladığını xatırladır: 21 yaşında GamesMaster-in kastinqi üçün onu Londonun şərqindəki bir kilsəyə çağırmışdılar.

Black Tides Draga's Wake, Strange Creature Factory
Black Tides Draga's Wake, Strange Creature Factory

Diamond iri, amma baxımlı saqqalı olan və çox sürətli danışan Strangis-i “hipster Rasputin” adlandırır. Strangis personaj rəssamıdır, Rockstar, Naughty Dog və Guillermo del Toro ilə işləyib. Oyunun hadisələri 1900-cü illərdə, köhnəlib çürüməkdə olan buxar gəmisində, uğursuz soyğundan sonra baş verir. Baş qəhrəman Draga iri və sərt dənizçidir, qaranlıq keçmişi var. Onun içində isə qədim bir tanrı böyüyür.

Diamond-a görə, problem bu qəhrəmanın ona heç oxşamaması idi. O, nə dənizçidir, nə də iri və sərt adam. Zarafatla deyir ki, həyatında ona yoluxan yeganə qədim tanrı podaqra olub. Ona görə də aktyorluq etməli olub. Diamond 90-cı illərin əvvəlində Bristol Universitetində dram oxuyub, amma deyir ki, orada səhnədə oynamaqdan çox, anlaşılmaz köhnə rus pyeslərini təhlil ediblər.

Dominik Diamond
Dominik Diamond

İlk səsləndirmələrini oyunda görəndə bəyənməyib. Ekranda nəhəng canavarları əzən güclü qəhrəman var idi, ondan isə Diamond-un zəif səsi gəlirdi. Bunu Strangis-ə deməyib, sadəcə səsini bir az qalınlaşdırıb və daha təbii danışmağa başlayıb. Nəticə alınıb. Strangis-in yönləndirməsi də ona rahat işləməyə kömək edib.

Ən çətini döyüş səslərini improvizə etmək olub. Komanda bu səsləri oyunun istənilən yerinə əlavə edə bilir və oyunda hər şey təbii görünür. Əslində isə bu səsləri 50 yaşlarında şotlandiyalı bir ata Yeni Şotlandiyanın kənd yerində, qarajda çıxarır. Diamond zarafatla deyir ki, belə səsləri bal ayından bəri çıxarmayıb, yanındakı adam isə ondan daha aqressiv olmağı tələb edirmiş.

Komandanın işi Diamond-u ruhlandırıb. Dünyanın müxtəlif yerlərində yaşayan tərtibatçılar oyunu boş vaxtlarında hazırlayır, bir-birinə fikirlər, şəkillər və animasiyalar göndərirlər. Bu, ona ZX Spectrum dövrünü, insanların evdə öz otaqlarında oyun yazdığı illəri xatırladır. Diamond-a görə, böyük naşirlər dünyanın hər yerində studiyaları bağladığı vaxtda belə komandalar oyun yaratmağın hələ də canlı olduğunu göstərir. O, komandanın zəif halqası olmaq istəmir: oyuna baxan naşir onun səsi üzündən diqqətini itirməsin deyə üzərində çox işləyib.

Black Tides Draga's Wake, Strange Creature Factory
Black Tides Draga's Wake, Strange Creature Factory

Oyunu oynamaq ona qəribə gəlir. Draga öləndə özünü pis hiss edir, çünki qəhrəman onun səsi ilə danışır. Başqalarının oynadığını görəndə də eyni hissi yaşayır. Ən gözəl an isə uşaqlarına heç nə demədən oyundan kadrlar göstərməsi olub. Qorxu oyununun güclü qəhrəmanının səsinin atalarına aid olduğunu anlayanda uşaqlar gülümsəyib. Diamond bunu valideyn kimi ən sevdiyi anlardan biri adlandırır.

Bu təcrübədən sonra oyunlardakı səsləndirməyə də başqa cür baxır. Əvvəllər buna fikir vermirdi, çünki elə bilirdi ki, danışan personajın özüdür. Diamond deyir ki, bu, səsləndirmənin nə qədər yaxşı olduğunu göstərir. Ən azı ilk Resident Evil-dən sonrakı oyunlarda. İndi Nathan Drake rolunda Nolan North-un, The Last of Us-da Ashley Johnson-un və Expedition 33-ün bütün aktyorlarının işini daha yaxşı qiymətləndirir.

Black Tides Draga's Wake, Strange Creature Factory
Black Tides Draga's Wake, Strange Creature Factory

Black Tides Draga’s Wake-in anons treyleri bir ay əvvəl yayımlanıb və ilk bir neçə gündə 200 min baxış toplayıb. Strangis hazırda müxtəlif naşirlərlə danışıqlar aparır.