Xbox daxilindəki struktur dəyişiklikləri və iqtisadi ixtisarlar növbəti qurbanını seçdi. Bloomberg və bir neçə etibarlı mənbələrin yaydığı məlumata görə, Microsoft "Hellblade" seriyası ilə tanınan məşhur "Ninja Theory" studiyasını bağlamaq qərarına gəlib. Bazar ertəsi keçirilən daxili iclasda işçilərə pis xəbər verilsə də, komanda studiyanı xilas edə biləcək yeni bir alıcının tapılacağına ümid edir.
Lakin məsələ tək bir studiya ilə bitmir. "Bloomberg" agentliyinin hesabatına görə, Xbox tərkibindəki bir neçə digər studiya, o cümlədən "Compulsion Games" və "Double Fine" hazırda şirkətdən ayrılmaq, yəni yenidən müstəqil fəaliyyət göstərmək üçün Microsoft rəhbərliyi ilə aktiv danışıqlar aparır.
Böyük yenidənqurma və iqtisadi çətinliklər.
Bu bağlanma və danışıqlar Xbox-un baş direktoru Asha Sharma və baş məzmun direktoru Matt Booty-nin keçən həftə Xbox-da "yenidən qurma" barədə xəbərdarlıq etməsindən sonra baş verir. Rəhbərlik Xbox biznesinin üzləşdiyi bir çox çətinlikləri sadalayaraq brend daxilində ciddi bir "yenilənmə" dövrünün başladığını elan etmişdi. Xbox rəsmiləri şirkətin həddindən artıq genişləndiyini və avadanlıq istehsalındakı komponent böhranının qiymətləri kəskin şəkildə artırdığını etiraf ediblər.
Əslində günün erkən saatlarında "Kotaku" portalı Microsoft-un "Compulsion" studiyasını tamamilə bağladmağı planlaşdırdığını yazmışdı. Lakin sonradan məlumata düzəliş edildi və studiya rəhbərliyinin tam bağlanma deyil, müstəqil olaraq fəaliyyət göstərmək üçün Microsoft ilə aktiv danışıqlar apardıqları qeyd olunub.
Yeni oyunların taleyi necə olacaq?
Fevral ayında Xbox rəhbərliyinə gələn Aşha Şarma qısa müddətdə bir çox böyük qərarlar qəbul edib. Cəmi bir həftə əvvəl keçirilən möhtəşəm "Xbox Games Showcase" tədbirində "Gears of War: E-Day" və "Clockwork Revolution" oyunlarının yalnız Xbox konsollarına eksklüziv olaraq qalacağı təsdiqlənmişdi.
Maraqlı məqam isə odur ki, elə həmin tədbirdə "Ninja Theory" studiyasının yeni oyunu olan "Senua" rəsmi olaraq nümayiş etdirilmişdi. Studiyanın qəfil bağlanma qərarından sonra bu layihənin gələcəyinin necə olacağı tamamilə qeyri-müəyyən qalıb. Xbox tərəfi hələlik mövzu ilə bağlı rəsmi şərh verməkdən boyun qaçırır.