Qəhrəman olmaq üçün mütləq supergüclərə sahib olmaq lazımdırmı ? Yoxsa insanı qəhrəman edən onun sahib olduğu güclər deyil, verdiyi qərarlar və daşıdığı məsuliyyətdir ? Oyun bu suala elə superqəhrəman janrının içindən yanaşır.
Oyunda Robert Robertson, yəni Mecha Man, robot zirehini itirdikdən sonra özünü tamamilə fərqli bir vəziyyətdə tapır. O, artıq döyüş meydanında əvvəlki kimi fəaliyyət göstərə bilmir və qəhrəmanlığını qərarlar və başqalarını idarə etmək, dispetçerlik, vasitəsilə davam etdirməyə çalışır. Lakin bu dəyişiklik onun kimliyini sual altında qoyur: əgər bir insanı qəhrəman edən əsas xüsusiyyət əlindən alınırsa, o, hələ də qəhrəman sayılırmı.
Robert elə bu hadisədən sonra Blonde Blazer tərəfindən “Superqəhrəman Yollama Şəbəkəsi”-ə dispetçer kimi keçmiş cinayətkarlardan ibarət Z-Team-i cəmiyyətə həm yenidən qazandırmaq, həm də onları idarə etmək üçün təyin olunur. Robertin hekayəsindəki mühüm məqamlardan biri də onun supergüclərə sahib olmamasıdır. Mecha Man kimliyini ona verən mexaniki zirehidir. Buna baxmayaraq, o, qəhrəman kimi tanınır. Bu detal qəhrəmanlıq anlayışına başqa tərəfdən baxmağa imkan verir. Əgər Robert texnologiya, mühəndislik və öz bacarıqları ilə başqalarını qoruyursa, onun supergücə sahib olmaması nəyi dəyişir ? Real həyatda da insanları xilas edənlərin hamısı qeyri-adi bacarıqlara malik deyil. Bəzən təhlükə qarşısında düzgün qərar vermək fiziki gücdən daha vacibdir.
Sadəcə məsələ burasındadır ki, Robert təkcə zirehini itirmir, həm də keçmişi, uğursuzluğu və atasının qisas arzusu ilə mübarizə aparır. O, atasını öldürən Shroud adlı canidən intiqam almaq məqsədi üçün də çalışırdı.Onun qarşısında duran əsas problemlərdən biri yenidən güclü görünmək deyil, yaşadığı məğlubiyyətdən sonra özünü yenidən tapmaqdır. Bu baxımdan, zəiflik qəhrəmanlığın əksi deyil. İnsan qorxa, səhv edə və özünə inamını itirə bilər. Əsas məsələ bunların heç birinin onun kimliyini müəyyən etməsinə imkan verməməsidir. Robertin hekayəsi göstərir ki, insanın dəyəri yalnız qalib gəldiyi anlarda ölçülməməlidir.
Yuxarıda qeyd etdiyim kimi Robertin idarə etdiyi Z-Team keçmiş cinayətkarlardan ibarətdir. Onların hər biri qüsurları, problemləri və yanlış seçimləri ilə normal superqəhrəmanlardan fərqlənirlər. Robertin işi isə təkcə onları idarə etmək deyil, eyni zamanda onların dəyişməsi üçün onlara imkan tanımaqdır. Burada oyun mühüm bir sualı da ortaya qoyur: insanın keçmişdə etdiyi səhvlər onun gələcəkdə kim ola biləcəyini müəyyən edirmi ? Başqasına dəyişmək imkanı vermək sadəlövhlük ola bilər, amma hər kəsi keçmişinə görə mühakimə etmək də ədalətli deyil. Qəhrəmanlıq bəzən başqasının içindəki yaxşılığı görmək və ona bunu sübut etmək üçün fürsət yaratmaqdır.
Güclü olmaq insana müxtəlif imkanlar yaradır, amma həmin imkandan necə istifadə etdiyi isə onun məsuliyyətidir. Robertin hekayəsində əhəmiyyətli olan təkcə yenidən Mecha Man kostyumunu geyinib-geyinməməsi deyil, çətin vəziyyətlərdə necə insan olmağı seçməsidir.
Nəticə etibarilə, supergücsüz biri qəhrəman sayıla bilərmi? Bəli. Çünki qəhrəmanlığı müəyyən edən insanın nə qədər güclü olması deyil, gücü çatmadığı, qorxduğu və ya məğlub olduğu anlarda da nə etməsidir. Dispatch xatırladır ki, dünyanı xilas etmək üçün həmişə dünyadakı ən güclü insan olmaq lazım deyil. Bəzən məsuliyyəti üzərinə götürmək, başqalarına kömək etmək və çətinliklərə baxmayaraq doğru olanı seçmək kifayətdir.
