İncələmə kodu gəldikdən sonra Second Zero oyununu yükləyib təxminən bir saat oynadım. Düzünü desəm, oyuna başlayana qədər məndə oyun haqqında demək olar ki, heç bir məlumat yox idi. Buna görə də ilk dəqiqələrdə oyunun məntiqini tam başa düşmədim. Birbaşa düşmənləri öldürməyə başladım, amma hər cəhddə vaxtım bitir və missiya “Fail” ilə nəticələnirdi. İki-üç cəhddən sonra nəhayət başa düşdüm ki, oyun məndən düşmənləri sıradan çıxarmağı yox, hədəfə çatmağı tələb edir. Düşmənləri öldürmək məcburi deyil və bəzi missiyaları onlara toxunmadan da tamamlamaq mümkündür.
Əslində, bu məqam oyunun əsas fərqini göstərir. Second Zero adi bir shooter deyil. Burada hər qarşına çıxan düşmənlə döyüşməkdənsə, vəziyyəti düzgün qiymətləndirib ən qısa yolla məqsədə çatmaq daha vacibdir. Bununla belə, mənim ilk qarşılaşmam göstərdi ki, oyunun nə tələb etdiyini yeni oyunçuya daha aydın izah etmək faydalı olardı.
Oyun modları və oynanış
Oyun bizi sadə və anlaşılan menyu ilə qarşılayır. Menyuda lazımi bölmələri tapmaq çətin deyil və oyuna başlamaq üçün uzun-uzadı menyular arasında dolaşmağa ehtiyac qalmır.
Second Zero platformer və shooter janrlarını birləşdirir. Ümumi ab-hava və zaman mexanikası baxımından Superhot oyununu xatırladır, amma burada əsas məqsəd vaxt bitməmiş hədəfə çatmaqdır. Maneələri keçmək, düşmənlərdən yayınmaq və hərəkətlərini düzgün planlaşdırmaq ən azı atəş açma bacarığın qədər əhəmiyyətlidir.
Oyunda Campaign və Challenge modları var. Campaign modunda fərqli xəritələrdə irəliləyir və missiyaları tamamlayırıq. Challenge modunda isə həmin xəritələrə müəyyən şərtlər altında yenidən geri dönüş edirik. Bu yanaşma artıq eyni xəritəni fərqli üsullarla keçməyə imkan yaradır.
Oyunun əsas xüsusiyyətlərindən biri vaxt məhdudiyyətidir.Oyun müddəyində hər düşməni öldürməyə çalışsan, missiyanın ortasında birdə görəcəksən ki, vaxtın artıq bitib. Buna görə də oyunçu daim düzgün və sürətli qərar verməlidir: döyüşmək yoxsa qaçmaq? Məncə, oyunun maraqlı tərəfi də məhz bu seçimlərdədir. Ən güclü silaha sahib olmaq həmişə ən düzgün həll demək deyil.
Silahlar və digər mexanikalar
Oyunda topladığımız oyun daxili pul ilə müxtəlif silahlar almaq mümkündür. Silahların istifadəsi xoş təsir bağışlayır və atışma prosesi qısa müddətdə sıxıcı hiss etdirmir. Ən çox bəyəndiyim məqamlardan biri də silahların fərqli hiss yaratmasıdır. Tapança, shotgun və avtomatdan istifadə edərkən onların arasında müəyyən fərqi hiss etmək olur. Bu da silah seçimini sadəcə görüntü və ya rəqəmlərdən ibarət etmir.
Bundan əlavə, səhv etdiyimiz zaman zamanı geri almaq imkanımız var. Bu mexanika xüsusilə yanlış hərəkət etdikdə və ya uğursuz qərar verdikdə işə yarayır. Uğursuz cəhdi tamamilə yenidən oynamaq əvəzinə, səhvi geri qaytarıb başqa üsul sınamaq mümkündür. Oyunun ümumi konsepsiyasına uyğun olan bu xüsusiyyət həm rahatlıq yaradır, həm də fərqli taktikalara şərait yaradır.
Bir də, müasir oyunlarda tez-tez rastlaşdığımız, oyunçuların sevdiyi və ya sevmədiyi sandıq açıb skin əldə etmək sistemi burada da mövcuddur. Bu, əsas oynanışdan kənar olsa da, silahların görünüşünü dəyişməyi sevən oyunçular üçün əlavə motivasiya ola bilər. Əlbəttə, mənim üçün əsas məsələ kosmetik əşyalar deyil, oyunun öz mexanikalarının nə qədər əyləncəli olmasıdır.
Bəyənmədiyim məqamlar
Oyun ümumilikdə maraqlı ideyaya sahib olsa da, oynadığım müddətdə məni narahat edən bir neçə məqamla da qarşılaşdım.
İlk problem çoxlu düşmənin ətrafımızı sardığı anlarda ortaya çıxır. Belə vəziyyətlərdə onların arasından çıxmaq bəzən demək olar ki, mümkünsüz olur. Təbii ki, oyunçunun mövqeyini düzgün seçməsi və vəziyyəti əvvəlcədən planlaşdırması vacibdir. Amma elə anlar olur ki, səhvi düzəltmək və vəziyyətdən çıxmaq üçün kifayət qədər imkan qalmır. Bu məqamlar çətinlik yaratmaqdan çox, oyunçunu çıxılmaz vəziyyətdə qoyduğu üçün məni o qədər də qane etmədi.
İkinci problem platforming hissəsi ilə bağlıdır. Bəzi platformalardan keçmək gözlədiyimdən xeyli çətin oldu. Əvvəlcə bunu öz bacarıqsızlığımla əlaqələndirdim. Ancaq başqa oyunçuların gameplay videolarına baxanda onların da eyni yerlərdə çətinlik çəkdiyini gördüm. Ola bilsin, bu hissələrdə daha çox məşq etmək və hərəkət mexanikalarına öyrəşmək lazımdır. Yenə də düşünürəm ki, platforming bəzi yerlərdə bir qədər daha rahat və dəqiq hiss etdirilə bilərdi.
Xüsusilə çətinlik səviyyəsini aşağı salanda təkcə düşmənlərin zəifləməsi deyil, platforming hissəsinin də daha əlçatan olması yaxşı olardı. Çünki oyunçu düşmənlərlə daha rahat mübarizə aparmaq istəyə bilər, amma bunun üçün çətin platforma hissələrini də eyni səviyyədə keçmək məcburiyyətində qalmamalıdır.
Yekun
Second Zero təxminən bir saatlıq təcrübəmdə mənə maraqlı əsas mexanika təqdim etdi. İlk dəqiqələrdə oyunun məqsədini düzgün anlamadığım üçün bir neçə dəfə uğursuz oldum, amma məntiqini tutduqdan sonra yanaşmanın fərqli olduğunu gördüm. Burada hər düşməni öldürmək əvəzinə, vaxtı düzgün idarə etmək və hədəfə ən uyğun yolla çatmaq əsasdır.
Silahların istifadəsindən, zamanı geri alma mexanikasından və Campaign ilə Challenge modlarının təqdim etdiyi imkanlardan zövq aldım. Digər tərəfdən, düşmənlərin ətrafımızı sardığı bəzi vəziyyətlər və çətin platforming hissələri oyunun təcrübəsini zəiflədə bilir.
Bir saatlıq oynanış əsasında oyunun bütün məzmunu haqqında qəti fikir bildirmək tezdir. Ancaq zaman mexanikalarını, sürətli hərəkəti və shooter ilə platformer qarışığını sevənlər Second Zero-ya nəzər yetirə bilərlər. Hər düşməni öldürmək həmişə qalib gəlmək demək deyil, bəzən əsas məsələ sadəcə vaxt bitmədən hədəfə çatmaqdır.
