Oyun İcmalı8 dəqiqəlik oxu
Jalal Huseynbayli

2 həftə əvvəl

Football Academy Simulator - Oyun icmalı

Football Academy Simulator

Futbol oyunlarının çoxunda ya meydanda topu özünüz idarə edirsiniz, ya da Football Manager kimi bir klubun qərarlarını verirsiniz. Football Academy Simulator başqa bir şey təklif edir. Burada böyük klub və ulduz futbolçu yoxdur. Kiçik bir məşq mərkəziniz var və hər şeyi sıfırdan qurursunuz.

Oyun nədən bəhs edir?

Məşq Prosesi
Məşq Prosesi

Futbol oyunlarının çoxunda ya meydanda topu özünüz idarə edirsiniz, ya da Football Manager kimi bir klubun qərarlarını verirsiniz. Football Academy Simulator başqa bir şey təklif edir. Burada böyük klub və ulduz futbolçu yoxdur. Kiçik bir məşq mərkəziniz var və hər şeyi sıfırdan qurursunuz.

Oyunu Antalyada yerləşən türk studiyası Kiki Games hazırlayıb. Studiyanı Estate Agent Simulator, Clothing Store Simulator və Supercar Collection Simulator kimi peşə simulyasiyalarından tanıyırıq. Football Academy Simulator da həmin xəttin davamıdır. Oyunu birinci şəxs kamerasından oynayırsınız, gündəlik işləri görürsünüz və qazandığınız pulla yerinizi böyüdürsünüz. Steam səhifəsində oyun idman, idarəetmə, iş simulyatoru və vaxt idarəetməsi kimi teqlərlə təqdim olunur.

Oyunda sizin işiniz futbol akademiyası işlətməkdir. Akademiyaya yazılmaq istəyən oyunçuları qiymətləndirirsiniz, onlar üçün məşq proqramları qurursunuz. Forma və butsları kirayə verirsiniz, çirkli paltarları yuyursunuz, sahəni təmizləyirsiniz. Bunun yanında bir idman mağazanız da var. Ən yaxşı şagirdlərinizdən komanda yığıb Fantasy League adlı liqada da yarışa bilirsiniz.

Oyun 6 noyabr 2026-cı ildə Steam-də erkən girişlə çıxacaq. Mən isə erkən giriş versiyasını təxminən 10 saat oynadım. Açığı, belə oyunlar mənim Steam kitabxanamda kifayət qədər çoxdur. Ona görə də bu janrda iqtisadi balansın və inkişaf hissinin necə olmalı olduğunu yaxşı bilirəm. Football Academy Simulator-da vaxtaşırı əyləndim. Amma hər zaman əyləncəli olduğunu deyə bilmərəm. Çünki ilk saatlardan nəyinsə əksik olduğunu hiss etdim

Oyunun axıcılığı

Bəs bu əksiklik nə idi? Oyunun axıcılığı. Bəli, məhz axıcılıq.

Belə simulyasiyalarda adətən belə bir ritm olur. Əvvəl hər işi özünüz görürsünüz, sonra pul yığırsınız, işçi götürürsünüz, avadanlığı yeniləyirsiniz və yük yavaş-yavaş çiyninizdən düşür. Football Academy Simulator-da da bu yol var. Amma ora çatana qədər o qədər çox işlə məşğul olmalısınız ki, oyunun gün dövrü bunlara sadəcə çatmır. Gün bitir, işlər isə yarımçıq qalır. Hətta deyərdim ki, oyun arada sizi kiçik bir təşviş böhranına da sala bilər.

Nə demək istədiyimi bir günün nümunəsində izah edim.

Gün akademiyaya yazılmaq istəyən oyunçularla başlayır. Onların hər birini diqqətlə qiymətləndirməlisiniz. Çünki oyunçunun qarşıya qoyduğu hədəf real deyilsə və sizin akademiyanızda ona çata bilmirsə, sonra sizə aşağı bal verir. Oyunda Google rəylərinə bənzəyən bir rəy sistemi var və pis rəylər akademiyanın adına təsir edir.

Oyunçu qəbul olunandan sonra onun lazımi avadanlığını hazırlamalısınız. Forma, corab, buts, hamısı sizin üzərinizdədir. Bu avadanlıqlar istifadə olunduqca köhnəlir. Paltarları yumalı, zədələnmiş butsları təmir etməli, hər şeyi növbəti məşq üçün yenidən rəfə qoymalısınız. Böyük bir soyunma otağı var və onu da nizamda saxlamaq sizin işinizdir.

Məşq başlayanda da rahatlıq yoxdur. Şagirdlər sahədə ortalığı dağıdırlar, topları, konusları hər yerə səpələyirlər. Siz arenaları gəzib nəzarət etməli, ortalığı yığışdırmalısınız. Bir qrup məşqi bitirən kimi növbəti qrupu məşqə başlatmalısınız ki, vaxt boşa getməsin.

Bütün bunların yanında geniş bir sahədə idman mağazası da işlədirsiniz. Məhsul sifariş etmək, rəfləri doldurmaq, qiymətləri təyin etmək, müştərilərə xidmət göstərmək də sizdən gözlənilir.

Bu işlərin heç biri ayrılıqda pis deyil. Problem ondadır ki, oyun bütün bunları eyni anda tələb edir, amma sizə kifayət qədər vaxt vermir. Bir müddət sonra oyunu oynamaqdan çox, siyahıdakı işləri bir-bir bitirməyə çalışırsınız.

Rəflər
Rəflər

Fantasy League

İş bununla da bitmir. Oyunda Fantasy League adlı bir sistem var. Bu, bir növ məhəllə liqasıdır. Akademiyanızın ən yaxşı şagirdlərindən öz komandanızı qurursunuz və onunla turnirə qatılırsınız. Aşağı divizionlardan başlayıb zirvəyə qalxmaq əsas hədəfdir.

İnanın, bu mexanika təkbaşına çox zövqlü ola bilərdi. Öz yetişdirdiyiniz uşaqları meydanda görmək, onlarla qələbə qazanmaq akademiya fikrinin ən gözəl nəticəsidir. Amma yuxarıda saydığım bütün işlərlə məşğul olarkən bir də liqa ilə uğraşmaq çox, həm də çox yorucu olur.

Daha böyük problem isə taktikanın olmamasıdır. Steam səhifəsində taktika planlamaqdan danışılır, amma mən oynadığım müddətdə bunu hiss etmədim. İndi deyə bilərsiniz ki, bir peşə simulyasiyasından Football Manager səviyyəsində dərinlik gözləyirəm. Xeyr, qətiyyən. Mən çox orta bir dərinlik gözləyirdim. Bir neçə formasiya, bir-iki oyun tərzi seçimi, kiçik qərarlar. Burada isə hər şey oyunçuları seçmək və sonra matç mühərrikinin nəticələrini izləməkdən ibarətdir. Matçın gedişinə təsir edə biləcəyiniz demək olar ki, heç nə yoxdur.

Ona görə də liqa mənə əyləncədən çox, gündəlik işlərin üstünə gələn başqa bir iş kimi gəldi.

Forma və ya digər inventarları təmizləmək mümkündür
Forma və ya digər inventarları təmizləmək mümkündür

İnkişaf hissi

Bu janrın oyunlarında bizi ekran qarşısında saxlayan əsas şey inkişaf hissidir. Dünən əl ilə gördüyünüz işi bu gün bir maşın görür, keçən həftə bir otağınız vardısa, bu həftə iki otağınız olur. Hər kiçik addım sizə "bir gün də oynayım" dedirdir.

Football Academy Simulator-da bu hiss çox gec gəlir. Oyunda avadanlığı yeniləmək, obyektləri genişləndirmək, gündəlik işləri asanlaşdırmaq imkanları var. Bunu inkar etmirəm. Amma ora çatmaq üçün lazım olan pul və vaxt ilə, yolda çəkdiyiniz zəhmət arasında balans yoxdur. Hər gün eyni işləri təkrarlayırsınız, amma geriyə dönüb baxanda çox da irəli getmədiyinizi görürsünüz.

Bir neçə dəfə oyunu daha uzun müddət oynamaq istədim. Özümü məcbur etdim ki, bəlkə bir az sonra açılacaq. Amma oyun o qədər yavaş irəliləyirdi və mən inkişaf hissini o qədər az yaşadım ki, daha çox davam edə bilmədim. İş simulyasiyasında eyni işlərin təkrarlanması normaldır. Amma oyunçu irəli getdiyini görməlidir, burada isə bunu görmək çətindir.

Akademiyaya qeyd olmaq istəyən tələbələrin potensialları və sizdən gözləntiləri. Oyun üçün vacib bir mexanikdir.
Akademiyaya qeyd olmaq istəyən tələbələrin potensialları və sizdən gözləntiləri. Oyun üçün vacib bir mexanikdir.

Qrafika və interfeys

Qrafika xoşdur. Bu tip bir oyundan kimsə daha artığını gözləyə bilməz onsuz da. Janrın digər oyunları ilə müqayisədə bu tərəfdə şikayət ediləcək bir şey yoxdur.

Amma interfeys məsələsində eyni sözləri deyə bilmirəm. Oyundakı UI mənə çox açıq şəkildə süni intellektlə hazırlanmış kimi gəldi. Bəlkə də günahlarını alıram, amma həqiqətən də interfeys mənə Claude kimi süni intellekt alətlərinin üslubunu xatırlatdı. Bunu oyunun Steam səhifəsində də görə bilərsiniz, səhifədəki görüntülərdə bu UI detalları gözə çarpır. Qeyd edim ki, studiya özü də Steam-də mağaza görsellərində və bəzi interfeys elementlərində süni intellekti köməkçi alət kimi istifadə etdiyini açıq yazıb.

Bəs mən süni intellektdən istifadəyə qarşıyammı? Əsla. Əgər oyunu bizə çox aşağı qiymətə çatdıracaqlarsa, müstəqil studiyalardan hər şeyi özləri etmələrini gözləyə bilmərik, elə deyilmi? Əlbəttə ki, yox. Onların bu işə ayıra biləcəkləri resurslar da, investisiyaları da bəllidir. Amma interfeys, məncə, kənardan bir dizaynerə sifariş edilə bilməyəcək qədər böyük bir iş deyil. Oyunçu oyunun bütün vaxtını məhz bu ekranlara baxaraq keçirir. Bu məqam məni açığı üzdü.

Minimum sistem tələbləri olduqca sadədir: Windows 10 (64-bit), Intel Core i5-2500, 8 GB RAM, GeForce GTX 1050 və 5 GB boş yer. Oyun Azərbaycan dilini dəstəkləmir, amma interfeys türkcə daxil olmaqla 17 dildə mövcuddur.

İnterfeys nümunəsi.
İnterfeys nümunəsi.

Bəs oyunun heç yaxşı tərəfi yoxdurmu?

Var. Oyunun ən güclü tərəfi janrında başqa bir nümunənin olmamasıdır. Bazarda saysız-hesabsız mağaza, restoran, maşın təmiri simulyasiyası var. Amma futbol akademiyası işlətməyi mərkəzə qoyan, bu qədər birbaşa bir oyun tapmaq çətindir.

Belə bir akademiyanı idarə etmək, gələn uşaqlar arasından öz wonderkidinizi tapmaq həqiqətən çox zövqlüdür. Bir oyunçunun dəqiqlik, top kontrolu, çeviklik, refleks və dözümlülük göstəricilərinə baxıb onda nəyinsə olduğunu görmək, sonra onu məşqlərlə yetişdirmək, bu oyunun ən gözəl anlarını yaradır. Futbolu sevən biri üçün bu fikrin özü maraqlıdır.

Bundan başqa, oyun dünyasında bir iş yerini idarə etmək sizi xoşbəxt edirsə, rəfləri doldurmaq, paltar yumaq, hər şeyi qaydasına salmaq sizə rahatlıq verirsə, bu oyuna şans verə bilərsiniz. Kiki Games-in əvvəlki oyunlarını oynayanlar burada tanış bir sistem görəcəklər, bu dəfə futbol akademiyasında.

Butların təmiri də bizim məsuliyyətimizdədir.
Butların təmiri də bizim məsuliyyətimizdədir.

Erkən giriş və qiymət məsələsi

Unutmamaq lazımdır ki, bu, hələ erkən giriş versiyasıdır. Studiya oyunun təxminən 9 ilə 12 ay erkən girişdə qalacağını deyir. Bu müddətdə yeni məşq fəaliyyətləri, avadanlıqlar, mağaza məhsulları, obyekt yeniləmələri və Fantasy League üçün əlavə məzmun gətirməyi planlaşdırırlar. Ən əsası, oyunçuların rəyinə əsasən balansı, iqtisadiyyatı, interfeysi və performansı yaxşılaşdıracaqlarını vəd edirlər. Yəni mənim tənqid etdiyim məqamların bir qismi elə studiyanın öz siyahısında da var. Bu yaxşı xəbərdir. Amma bu yazı oyunun bugünkü vəziyyəti haqqındadır.

Qiymətə gəldikdə, hələ açıqlanmayıb. Ona görə də "şans verə bilərsiniz" deyirəm, "mütləq alın" demirəm. Oyun 6 noyabr 2026-cı ildə çıxacaq. Qiymət o zaman bəlli olanda qiymət və performans nisbətini özünüz qiymətləndirə bilərsiniz. Studiya erkən giriş dövründə qiyməti aşağı saxlayacağını və məzmun artdıqca tədricən qaldıracağını bildirib. Bundan əlavə, Steam-də oyunun pulsuz demosu da var, almadan əvvəl özünüz yoxlaya bilərsiniz.

Formalar və digər inventarlar.
Formalar və digər inventarlar.

Yekun

Football Academy Simulator-un fikri gözəldir. Futbol akademiyası qurmaq, öz wonderkidini tapmaq və onu məhəllə liqasında oynatmaq, bu janrda hələ heç kimin tam dolu şəkildə etmədiyi bir şeydir. Amma oyunun hazırkı versiyası bu fikri lazım olan rahatlıqla oynatmır. Çox iş, az vaxt, gec gələn inkişaf hissi və taktikadan məhrum bir liqa, oyunu əyləncədən çox yükə çevirir. Süni intellekt hissi verən interfeys də bu təəssüratı gücləndirir.

Əgər iş simulyasiyalarını sevirsinizsə və futbol sizin üçün əlavə bir motivasiyadırsa, demonu yoxlayın və qiymət açıqlananda qərar verin. Yox əgər oyundan rahat bir ritm və aydın bir inkişaf hissi gözləyirsinizsə, oyunun erkən girişdə bir az yetişməsini gözləmək daha ağıllı seçim ola bilər.

Müsbət tərəflər

  • Janrında bənzəri olmayan bir fikir
  • Öz wonderkidini tapıb yetişdirmək zövqlüdür
  • Xoş qrafika
  • Kiki Games oyunlarını sevənlər üçün tanış dövrə

Mənfi tərəflər

  • Gün dövrü işlərin həcminə çatmır, axıcılıq zəifdir
  • İnkişaf hissi çox gec gəlir
  • Fantasy League-də taktiki dərinlik yoxdur
  • Süni intellekt hissi verən interfeys
4.5

Müəllifin balı

Oyun icmal üçün studiya tərəfindən təqdim olunan erkən giriş versiyası üzərində, təxminən 10 saat oynanılaraq qiymətləndirilib.