Oyun İcmalı5 dəqiqəlik oxu
Jalal Huseynbayli

1 həftə əvvəl

Stream Train - həm streamer, həm maşinist

Stream Train - həm streamer, həm maşinist

Stream Train - çat darıxanda qatar dayanır

Son bir-iki ildə dostlarla oynanan ucuz co-op oyunları bazarı elə dolub ki, hansının hansı olduğunu yadda saxlamaq artıq çətinləşir: Lethal Company, Content Warning, R.E.P.O., PEAK və digərləri. Demək olar ki, bir neçə aydan bir yenisi çıxır, hamı bir həftə onu oynayır, sonra növbətisinə keçir. Stream Train də bu axının içindən gəlir. Oyunu Danimarkanın Kopenhagen şəhərindəki Half Past Yellow studiyası hazırlayıb, 16 oktyabrda isə Steam-də yayımlandı.

Fikir sadədir. Köhnə bir buxar qatarına minirsən, tərk edilmiş dəmir yolu ilə “Uncanny Valley” adlı bir yerə doğru gedirsən və bütün yolu canlı yayımlayırsan. Yol boyu dayanacaqlarda düşüb ətrafı gəzirsən, əşya toplayırsan, qəribə varlıqlarla, ruhlarla qarşılaşırsan. Amma mənə qalsa, oyunun əsl “düşməni” onlar deyil, çatdır.

Ekranın kənarında süni izləyicilərin çatı var. Bu, Twitch və ya Kick yayımlarından tanıdığınız interfeysin demək olar ki, eynisidir. İzləyicilər səndən tapşırıqlar istəyir, təhlükəli işlər görməyini gözləyir, heç nə baş vermədikdə isə darıxdıqlarını açıq-açıq yazırlar. Qatarın yanacağını və avadanlığını da izləyicilərin ianələri ödəyir. Yəni insanları əyləndirə bilmirsənsə, uzağa gedə bilmirsən. Studiyanın özünün dediyi kimi, qayda belədir: canavarları əsəbləşdirmə, əsəbləşdirsən də, heç olmasa kameraya çək.

Canlı yayım üçün interfeys
Canlı yayım üçün interfeys

Bu mexanika mənə çox tanış gəldi. Özüm də canlı yayım aparan biri kimi bilirəm ki, kontent yaradıcısının başında həmişə eyni sual fırlanır: indi nə edim ki, insanlar çıxıb getməsin? Stream Train bu sualı birbaşa oyun mexanikasına çevirib. Content Warning-də videonu əvvəlcə çəkib yükləyirdin, baxış sayını isə yalnız ondan sonra görürdün. Burada tamaşaçı elə oyunun içindədir və hər an sənə nəsə deyir. Fərq kiçik görünür, amma oyunun bütün ritmini dəyişir. Onu da qeyd edim ki, çat mesajlarının bir hissəsi süni intellektlə hazırlanıb. Studiya bunu gizlətmir və əsas mətnləri özünün yazdığını bildirir.

Real həyatda yayım aparan biri kimi ən çox xoşuma gələn detallardan biri əlindəki telefon oldu. Küçədə yayım aparan streamerlər telefonu əllərində tutub həm çəkir, həm də çatı oxuyurlar. Burada da eyni vəziyyətdəsən: yayımı telefonla aparırsan, çatın nə istədiyini ondan izləyirsən, oyunun gedişatını da böyük ölçüdə onunla idarə edirsən. Telefon olmadan bu oyunda demək olar ki, heç nə etmək mümkün deyil. Bu da xoş bir gərginlik yaradır: telefona baxanda ətrafı görmürsən, ətrafa baxanda isə çatın nə dediyini qaçırırsan. Yayım aparan hər kəs bu hissi tanıyır.

Telefonun canlı yayım interfeysi.
Telefonun canlı yayım interfeysi.

Bütün bu yayım macərasını isə qatar daşıyır. Oyunun adı da buradan gəlir: ingiliscə “steam train” buxar qatarı deməkdir, “stream” isə canlı yayım. Adi buxar qatarı kimi bu da öz-özünə getmir. Onu hərəkətə gətirmək üçün sobasına kömür və ya ağac kötükləri atmalısan. Oyunun əsas məqsədlərindən biri də elə budur: yanacaq tapıb qatarı növbəti əraziyə qədər çatdırmaq. Amma düzünü desəm, oyun bu məsələdə heç də əliaçıq deyil. Kömür və kötük tapmaq düşündüyündən xeyli çətindir və çox vaxt elə gəlir ki, oyun bunları sənə qəsdən az verir. Bir tərəfdən bu, gərginlik yaradır, çünki hər dayanacaqda “görəsən, növbəti yerə çatacağıqmı?” sualı başında fırlanır. Digər tərəfdən isə bəzən əsəb pozur, çünki ən əyləncəli hissə olan yayım arxa plana keçir və sən sadəcə yanacaq axtaran birinə çevrilirsən.

Oyunu əvvəlcə təxminən 40 dəqiqə tək oynadım. Tək oynayanda oyun yarımçıq hiss olunur. Açarı göndərən şəxs məktubunda “dostlarla oynamaq daha yaxşıdır, xəbərdar edirəm” yazmışdı və haqlı imiş. Tək qalanda telefon da, qatar da, yanacaq axtarışı da bir nəfərin üzərinə düşür və oyun sadəcə qaranlıq bir yerdə gəzib əşya toplamağa çevrilir.

Sonra dörd nəfər yığışıb oynadıq və oyun tamam başqa cür açıldı. Çat tapşırıq verən kimi hamı dərhal işləri bir-birinin üstünə atmağa başlayır: kim gedəcək, kim kameranı tutacaq, kim qatarda qalıb yanacağa baxacaq. Əvvəlcə hamı könüllü olur, iki dəqiqə sonra isə hamı öndən kəşfə gedən adamı xilas etməyə qaçır. Ən gülməli anlar da elə burada yaranır. Çat daha yaxına getməyi istəyir, ağıl qaçmağı deyir və kimsə hər dəfə çatı dinləyir. Bir də görürsən ki, bir nəfərin axmaq qərarı ucbatından hamı başını itirib, amma ianələr də elə o an yağır. Oyunun ən güclü tərəfi budur: qorxudan çox, birlikdə rəzil olmağın zövqü. Bu hissi tək oynayanda tapa bilmirsən.

Stream Train
Stream Train

Oyunun digər problemi məzmunun hələ az olmasıdır. Hər turda məkanlar, varlıqlar və əşyalar yenidən qarışır və bu, hər dəfə eyni yolu getdiyin hissini bir qədər azaldır. Amma qarşılaşdığın varlıqların və gəzdiyin yerlərin sayı çox deyil. Bir neçə turdan sonra artıq gördüklərini yenidən görməyə başlayırsan və oyun yeni heç nə göstərmir. Dostlarla oynayanda bunu daha gec hiss edirsən, çünki gülüş boşluğu doldurur, amma yenə də hiss edirsən. Studiya yaxın aylarda yeni əşyalar, varlıqlar, kosmetika və məkanlar əlavə edəcəyini deyir. Bunlar gəlsə, oyun xeyli dəyişə bilər.

Stream Train
Stream Train

Rəqəmlər də bu mənzərəni təsdiqləyir. İlk günlərdə Steam-də rəylər “Qarışıq” idi, indi isə təxminən 74 faizlə “Əsasən müsbət” səviyyəsinə qalxıb. Yayımlandığı gün oyunu eyni anda 369 nəfər oynayırdı, indi bu rəqəm 100 ətrafındadır. Yəni oyun nə tam uğursuzluqdur, nə də janrın növbəti hiti.

Oyunun qiyməti 7,99 dollardır, 30 oktyabra qədər isə 35 faiz endirimlə 5,19 dollara satılır. Azərbaycan dili yoxdur, amma interfeysdə türk dili var və bizim oyunçular üçün bu, kifayət edər.

Nəticə

Stream Train yaxşı fikri olan, amma içi hələ tam dolmamış bir oyundur. Telefonla yayım aparıb çatı razı salmaq ideyası təzədir və yayım aparan biri kimi məni çox güldürdü, amma yanacaq qıtlığı bəzən bu əyləncənin qarşısını kəsir. 3-4 dostunla bir-iki axşam gülmək üçün 5 dollara rahatlıqla dəyər. Tək oynamaq üçün isə tövsiyə etmirəm. Studiya vəd etdiyi yeniləmələri gətirsə, bir neçə aydan sonra bu oyuna yenidən baxmağa dəyər.

6.5

Müəllifin balı

Oyunu incələməyimiz üçün açar PR şirkəti tərəfindən təqdim edilib.

Oyunun Steam səhifəsinə buradan keçid edə bilərsiniz.