İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən RolldBox Games studiyasının hazırladığı Alex & Arty 16 sentyabrda “Steam” platformasında satışa çıxıb. Oyunun naşiri Jataí Games-dir və qeyd edək ki, bu, şirkətin naşir (red. ''publisher'' ifadəsini ən yaxşı halda belə çevirə biləcəyimi düşündüm, əziz oxucular.) kimi ilk layihəsidir. İncələmə üçün açar gəldikdən sonra oyunu yükləyib oynamağa başladım. Düzünü desəm, ilk baxışdan onu ekologiya mövzusunda uşaqlar üçün hazırlanmış təhsil və ya fərqindəliyi artırmaq üçün ərsəyə gətirilən oyun hesab edirdim. Lakin oyuna başladıqdan sonra məlum oldu ki, ekologiya burada sadəcə fon rolunu oynayır, əsas hissə isə kifayət qədər geniş bir macəra oyunudur.
Oyunun hadisələri Gladness planetinin Arcadia adlı qitəsində cərəyan edir. “Foundry K” adlı korporasiya planetin sərvətlərini son damlasına qədər istismar edib və nəticədə hər yer bənövşəyi çirklə örtülüb. Kosmik kəşfiyyatçı Alex pilot Solomon və alim Dr. Dreyfus ilə birlikdə “Talaria” adlı gəmidə bu planetə enir. Burada o, forma dəyişə bilən Arty adlı sirli bir varlıqla tanış olur və ikisi birlikdə planeti təmizləməyə başlayır.
Oynanış
Oyuna başlamazdan əvvəl üç çətinlik rejimindən birini seçmək lazımdır: hekayə, kəşf və çətin rejim. Kəşf rejimi daha sakit oyun istəyənlər üçün nəzərdə tutulub. Lakin “Steam” forumunda bəzi oyunçular bu rejimdə də tez-tez hücuma məruz qaldıqlarından şikayət edirlər. Tərtibatçıların izahına görə, düşmənlər yalnız yaxınlaşdıqda aktivləşir, ona görə də tələsmədən, addım-addım irəliləmək daha təhlükəsizdir.
Çirklənmiş ərazilər oyunda boz və dumanlı rənglərlə təqdim olunur. Bu boz fonda yalnız yerdən çıxan bənövşəyi və çəhrayı çirk yığınları (red. slime bənzəri forma sahibdirlər) parlayır. Əslində bu, ağıllı bir həlldir, çünki ekranda heç bir işarə olmasa belə, oyunçu təmizlənməli yerləri dərhal görür.
Oyunun əsas mexanikası tərtibatçıların “tərs döyüş” adlandırdığı sistem üzərində qurulub. Alex əlindəki Ionizer adlı alətdən istifadə edərək çirki işıq şüası ilə əridir. Burada maraqlı məqam odur ki, planetdəki çirkin bir neçə növü var və hər biri fərqli şüa ilə təmizlənir. Ümumilikdə Ionizer-in 8 növ şüası mövcuddur və onları oyun boyunca tədricən əldə edirsiniz. Bundan əlavə, yaxşılaşdırmalar ağacı vasitəsilə aləti gücləndirmək mümkündür.
Böyük çirk yığınlarını isə yalnız Arty yox edə bilir. Bunun üçün kiçik bənövşəyi varlıqları təmizləyərək kifayət qədər işıq toplamaq lazımdır. Yəni işığı Alex yığır, Arty isə ondan istifadə edir. Ən böyük çirk ləkələri isə yalnız bölgəni təmizləmə tədbiri zamanı yox olur. Bir bölgəni tam təmizlədikdən sonra həmin ərazi təhlükəsiz olur, gizli sandıqlar və qeydlər üzə çıxır.
Ancaq oyun bu sistemi oyunçuya kifayət qədər aydın izah etmir. Hətta deyə bilərəm ki, oyunun əvvələrində bir az əsəbləşib, bu qədər kriptik olmasına bir məna verə bilmədim. İlk dəqiqələrdə bənövşəyi buludlar hücum edir, Ionizer böyük çirkə heç bir təsir göstərmir və mən də bunlar qarşısında nə etməli olduğumu tam başa düşmədim. Başlanğıcın ikinci hissəsində isə oyun eyni anda çox məlumat verir və bu, başlanğıcı hissələri həqiqətən yorucu edir. Bir neçə uğursuz cəhddən sonra hər şeyin Arty ilə bağlı olduğunu anladım və bundan sonra oyun xeyli maraqlı oldu. Özüm də oyun hazırlayan biri kimi bilirəm ki, oyunçuya qaydaları öyrətmək asan iş deyil. Yenə də düşünürəm ki, başlanğıc hissə bir qədər daha rahat qurula bilərdi.
Bölgələr və Arty-nin formaları
Oyunun müsbət cəhətlərindən danışmaq lazımdırsa, ilk növbədə təmizlənmiş ərazilərin görüntüsünü qeyd etmək lazımdır. Oyunun ilk bölgəsi Wildlands adlı meşədir. Çirk təmizləndikdən sonra burada otlar parlaq mavi rəngə boyanır, yerdə isə qırmızı xallı iri göbələklər görünür. Bu bölgədə Arty “Wolfyen” adlı çəhrayı tüklü canavara çevrilir. Açığı, bu mənzərə mənə Ori oyunlarını xatırlatdı. “Steam”dəki oyunçu rəylərində isə oyunu Okami və “Prinses Mononoke” cizgi filmi ilə müqayisə edirlər və bu müqayisə yerindədir.
Black Sea bölgəsində çimərlik, okean və çay deltası birləşir. Hadisələrin böyük hissəsi su altında keçir. Dəniz dibində qayaların içinə tikilmiş “Foundry K” laboratoriyaları yerləşir. Arty bu bölgədə “Turtlelyn” adlı tısbağaya bənzəyən varlığa çevrilir. Burada həmçinin köpəkbalığına bənzəyən “Sharkeyn”, xərçəngə bənzəyən “Crabeyn” kimi Dilimal adlanan yerli canlılara rast gəlmək olur.
Thunder Mountains isə digər bölgələrdən tamamilə fərqlənir. Burada lava şəlalələri, zəhərli lava çayları və lavanın üzərində dirəklər üstündə tikilmiş zavodlar var. Meydançalardan birində “Foundry” yazısı görünür. Hekayəyə görə, korporasiya vulkandan qiymətli metallar çıxarmaq üçün burada sürətlə tikinti aparıb və bu da bütün bölgəni dağıdıb.
Çirk təmizləndikdən sonra bu bölgədə də narıncı və çəhrayı yarpaqlı bitkilər, bənövşəyi kollar bitir. Lava yerində qalsa da, ətraf canlanır. Şəxsən mənim üçün ən yadda qalan bölgə məhz bu oldu deyə bilərəm. Bir az “No Man`s Sky” duyğuları yaşatdı deyə bilərəm. Ən azından vizual olaraq.
Arty-nin formaları təkcə görüntü üçün deyil, oyunun irəliləyişinin əsasını təşkil edir. Kərtənkələ formasında divarlara dırmaşmaq, kəpənək formasında isə uçmaq mümkündür. Lakin ən güclü formaları, məsələn, kərtənkələ və əjdaha formalarını əldə etmək üçün boss-larla döyüşmək lazımdır. Arty-ni gücləndirmək üçün isə xəritədə səpələnmiş “Didalet” adlı xüsusi resursları toplamaq lazımdır. Oyun bunu yalnız bir-iki dəfə qısaca qeyd edir, ona görə də diqqətli olmaq vacibdir. Çünki ümumi oyun prosesinə çox ciddi təsiri var və yetəri qədər diqqətli olmasanız bosslar qarşısında çox ciddi problemlər yaşaya bilərsiniz.
Hərəkət, üs və gizli detallar
Uzaq məsafələri qət etmək üçün Alex-in hoverboard-u var. Onunla hərəkət etmək xoş təsir bağışlayır, lakin bir qədər sürətli olduğu üçün dar yerlərdə idarə etmək çətinləşir. Bundan əlavə, bəzi Dilimal-ların belində də gəzmək mümkündür.
Oyunun mərkəzi bazası Luther IV adlanır. Bura “Foundry K”-nın tələsik tərk etdiyi laboratoriya və emalatxanalardan ibarət kompleksdir. Bu kompleksi yenidən işə salıb öz zövqünüzə uyğun bəzəyə bilərsiniz. Tikinti sistemi tamamilə sərbəstdir, oyun heç bir hazır plan təqdim etmir. Xəritədə tapdığınız dron kolleksiyaları isə yeni tikinti elementlərini açır. Qeyd edək ki, buraxılışdan bir həftə sonra çıxan yeniləmə ilə yerləşdirilmiş əşyaları köçürmək və silmək imkanı da əlavə olunub.
Alex-in yanında bir də kiçik dron gəzir. Dron tapdığınız əşyaları bazaya göndərə bilir, lakin onun döyüş rejimi də var və bu barədə təlim hissəsində heç nə deyilmir. Ən azından mən bunu görə bilmədim. Oyunda bu kimi gizli detallar çoxdur. Məsələn, canlılara sakitcə yaxınlaşsanız, onları sığallamaq olar. Xəritədə isə yalnız foto çəkmək üçün nəzərdə tutulmuş gizli nöqtələr var və bu fotolar albomu tamamlamağa kömək edir.
Bəyənmədiyim məqamlar
Oyun ümumilikdə maraqlı ideyaya sahib olsa da, oynadığım müddətdə məni narahat edən bir neçə məqamla qarşılaşdım.
İlk problem döyüşlərlə bağlıdır. Döyüşlər bir müddətdən sonra təkrarlanmağa başlayır, bir neçə düşmən eyni anda hücum etdikdə isə ekranda qarışıqlıq yaranır. Bəzən elə olur ki, qarşınızda böyük çirk yığını dayanır, amma ətrafda işıq toplamaq üçün heç bir kiçik varlıq yoxdur və sadəcə gözləmək məcburiyyətində qalırsınız.
İkinci problem istiqamətləndirmə ilə bağlıdır. Tapşırıqlarda hara getmək lazım olduğu həmişə aydın göstərilmir. Tərtibatçılar ekrandakı interfeysi bilərəkdən minimuma endiriblər, lakin bu, bəzən oyunçunun azmasına səbəb olur. Bundan əlavə, mətnlər çox kiçikdir və onların ölçüsünü və ya göstərilmə sürətini dəyişmək üçün heç bir ayar yoxdur.
Texniki tərəfdən də bəzi çatışmazlıqlar var. Oyunda “Steam Cloud” dəstəyi yoxdur, yəni yaddaşınızı başqa cihaza köçürə bilməzsiniz. Bu məncə çox böyük çatışmazlıqdır çünki əgər mənim kimi PC və əl konsolları arasında keçişi sevirsinizsə, bu oyunda elə bir ehtimalımız yoxdur. Bəzi oyunçular ara səhnələrdə kadr sayının düşdüyünü və səsin görüntüdən geri qaldığını qeyd edirlər. Lakin düzünü desəm o qədər də yüksək göstəricilərə sahib bir cihazda oynamasam da, mən belə bir problem yaşamadım. Personajlar isə The Sims oyunundakı kimi uydurma dildə danışırlar. Bəzilərinə bu xoş gəlir, bəzilərinə isə yox. Oyunun açılışında səs sistemimin pozulduğunu düşünüb, qucaqcıq naqilini tənzimləməyə çalışdım.
Musiqi isə oyunun ən güclü tərəflərindən biridir. Saundtreki ispan bəstəkar Oscar Araujo yazıb. Orkestr və elektron musiqinin birləşməsi çirkli və təmiz ərazilər arasındakı fərqi yaxşı hiss etdirir. Təbii ki, Expedition 33 səviyyəsində bir şahəsər gözləməməniz lazımdır çünki bu oyun sizi atmosferinə daxil etmək üçün fərqli üsullara öncəlik verir.
Oyunun qiyməti qlobalda 18,99 dollardır. Lakin Azərbaycan Steam bazarında bu qiymət təqribən 5 dollar civarındadır. Bundan əlavə, 4,99 dollarlıq DLC də mövcuddur və studiya bu DLC-dən əldə etdiyi gəliri ekoloji layihələrə yönəltdiyini bildirir. Təəssüf ki, oyunda Azərbaycan və Türk dili dəstəyi yoxdur. Lakin mətnlər sadədir və ingilis dilini orta səviyyədə bilən oyunçu çətinlik çəkməyəcək.
Yekun
Alex & Arty gözəl görüntülərə, fərqli ideyaya və ilk baxışdan göründüyündən daha dərin mexanikalara malik bir oyundur. Rəngarəng bölgələr, Arty-nin formaları, sərbəst tikinti sistemi və gizli detallar oyunu kəşf etməyi sevənlər üçün maraqlı edir. Digər tərəfdən, qarışıq başlanğıc, təkrarlanan döyüşlər, zəif istiqamətləndirmə və bəzi texniki çatışmazlıqlar təcrübəni zəiflədir. Tərtibatçılar oyunçu rəylərini topladıqlarını və böyük bir yeniləmə hazırladıqlarını bildirirlər. Hələlik isə sakit və tələsmədən oynanılan kəşf oyunlarını sevənlər endirim dövründə Alex & Arty-yə nəzər yetirə bilərlər.
Oyunun icmalı üçün açar Dare Consultoria tərəfindən təqdim edilib.
