Film & Serial7 dəqiqəlik oxu
Elcan Eyvazlı

2 həftə əvvəl

İl 2026-dır və sən hələ də bu seriallara baxmamısan.

İl 2026-dır və sən hələ də bu seriallara baxmamısan.

Bir film iki saat ərzində həyatımıza toxunub gedir. Serial isə başqadır. O, bölüm-bölüm, yavaş-yavaş içimizə yerləşir. Personajları ilə illərlə yanaşı yaşayırıq, onların səhvlərini, qorxularını və kiçik qələbələrini öz həyatımızın bir parçası kimi hiss edirik. Elə buna görə də son bölüm bitib ekran qaralanda hekayə bitmir, içimizdə davam edir.

Bu gün demək olar ki, hər həftə yeni bir serial çıxır və platformalar bizi bir bölümdən o birinə elə tələsik ötürür ki, gördüklərimiz haqqında düşünməyə vaxt qalmır. Amma elə seriallar var ki, aradan illər keçsə də, bir səhnəsi, bir cümləsi hələ də yadından çıxmır.

Bu məqalə “ən yaxşı seriallar” siyahısı deyil. Bunlar bitəndən sonra da səninlə qalan seriallardır. Əgər il 2026-dırsa və sən hələ də onlara baxmamısansa, bəlkə də indi vaxtıdır.

Westworld (2016)
Westworld (2016)

10. Westworld (2016)

Westworld varlı insanların böyük pullar ödəyib Vəhşi Qərb dünyasına girdiyi bir əyləncə parkıdır. Burada atəş açmaq, soymaq, istədiyini etmək olar, çünki parkın sakinləri insan deyil, robotdur. Fermer qızı Dolores hər səhər eyni cür oyanır, şəhərə enir, əlindən düşən qutunu eyni adam yerdən götürür. Axşam isə hər şey yenidən başlayır. O, bunu xatırlamır. Hələlik.

Serialın ən güclü tərəfi birinci mövsümdür. Anthony Hopkins-in canlandırdığı parkın yaradıcısı Ford hər səhnədə nəsə gizlədir. Hekayə də elə qurulub ki, son bölümlərə qədər nəyə baxdığını tam anlamırsan. Sonrakı mövsümlər o səviyyədə deyil, amma birinci mövsüm təkcə özü kifayətdir.

The OA (2016)
The OA (2016)

9. The OA (2016)

Yeddi il əvvəl itkin düşmüş kor bir qız bir gün qəfildən evinə qayıdır və artıq görə bilir. Harada olduğunu, başına nə gəldiyini nə valideynlərinə, nə də polisə danışır. Bunun əvəzinə gecələr tərk edilmiş bir evdə bir-birini demək olar ki, tanımayan beş nəfəri bir araya toplayır və hekayəsini yalnız onlara danışmağa başlayır.

The OA qəribə serialdır. Prairie-nin danışdığı hekayəyə bir yerdə inanırsan, başqa yerdə isə “bu nə cəfəngiyatdır” deyirsən. Bu hiss serial bitənə qədər səni buraxmır. Hekayəni dinləyən beş nəfərin həyatı da elə yaxşı getmir. Biri evdə anlaşılmır, biri məktəbdə təkdir, müəllim isə qardaşının ölümündən sonra özünə gələ bilmir. Onlar hər gecə o boş evə gəlirlər. Bəlkə də hekayəyə inandıqları üçün yox, gedəcək başqa yerləri olmadığı üçün.

The Handmaid’s Tale (2017)
The Handmaid’s Tale (2017)

8. The Handmaid’s Tale (2017)

Margaret Atwood-un 1985-ci ildə yazdığı romana əsaslanan serialda Amerika artıq yoxdur. Onun yerində Gilead adlı dövlət qurulub. Burada qadınların işləməsi, pulu olması, hətta kitab oxuması qadağandır. Uşaq doğura bilən qadınlar isə hakim ailələrə paylanır. Baş qəhrəman June da onlardan biridir. Onun adını belə əlindən alıblar, indi xidmət etdiyi kişinin adı ilə çağırılır.

Serialı ağır edən Gilead-in özü deyil, June-un xatirələridir. Flashback səhnələrində onun əvvəlki həyatını görürük: işi, ailəsi, adi bir həftə sonu. Və hər şeyin necə tədricən dəyişdiyini görürük. Bir gün qadınların bank kartları bağlanır, ertəsi gün işdən çıxarılırlar. Elisabeth Moss bu rolda o qədər güclüdür ki, çox vaxt heç nə demədən, sadəcə üzü ilə danışır. Serialdakı qırmızı plaşlar və ağ başlıqlar sonralar dünyanın bir çox yerində etiraz aksiyalarının simvoluna çevrildi.

BoJack Horseman (2014)
BoJack Horseman (2014)

7. BoJack Horseman (2014)

BoJack 90-cı illərdə “Horsin’ Around” adlı ailə sitkomunun ulduzu olub. İndi isə Hollivuddakı böyük evində tək yaşayan, günlərini içki ilə keçirən və hələ də o köhnə şöhrətdən yaşayan bir atdır. Bəli, danışan bir at.

İlk bölümlərdə bunu sadəcə yetkinlər üçün gülməli bir cizgi filmi kimi izləyirsən. Amma mövsümlər keçdikcə zarafatlar azalır, BoJack-in etdikləri isə ağırlaşır. O, hər dəfə dəyişəcəyinə söz verir və hər dəfə yaxınlarını yenidən incidir. Serial bunu bəraət qazandırmadan, amma onun uşaqlığını da gizlətmədən göstərir. “Free Churro” bölümünə xüsusi diqqət ayır. Bütün bölüm boyu BoJack anasının dəfnində təkbaşına danışır və bu, cizgi filmində izlədiyin ən ağır iyirmi dəqiqə ola bilər.

Adolescence (2025)
Adolescence (2025)

6. Adolescence (2025)

Səhər tezdən polis evin qapısını sındırıb içəri girir. On üç yaşlı Jamie yatağında qorxudan titrəyir, atası Eddie isə nə baş verdiyini anlaya bilmir. Bir az sonra məlum olur ki, oğlu sinif yoldaşı Katie-nin qətlində ittiham olunur.

Cəmi dörd bölümdən ibarət serialın hər bölümü kəsilmədən, tək kadrla çəkilib. Kamera bir an da olsa ayrılmır və sən də ailə ilə birlikdə polis bölməsinin dəhlizlərində, məktəbin səs-küylü sinif otaqlarında qalırsan. Atanı canlandıran Stephen Graham serialın ssenari müəlliflərindən biridir. Üçüncü bölüm yalnız Jamie ilə psixoloqun söhbətindən ibarətdir və bu, son illərin ən gərgin səhnələrindən biridir. Serial sənə hazır cavab vermir. Sadəcə valideynlərin görmədiyi o telefon dünyasını göstərir və qalanını sənə buraxır.

The Sopranos (1999)
The Sopranos (1999)

5. The Sopranos (1999)

Tony Soprano Nyu-Cersinin mafiya başçısıdır. İnsanları qorxudur, lazım gələndə öldürür və böyük bir cinayət şəbəkəsini idarə edir. Bir gün isə evinin hovuzuna yuva salmış ördəklər uçub gedəndə panik atak keçirib yerə yıxılır. Bundan sonra gizlicə psixoterapevt Dr. Melfi-nin yanına getməyə başlayır.

The Sopranos-u bu qədər fərqli edən məhz o terapiya seanslarıdır. Bir səhnədə Tony kimisə amansızcasına döyür, növbəti səhnədə isə Melfi-nin kabinetində anası haqqında danışıb özünü saxlaya bilmir. James Gandolfini bu iki tərəfi elə birləşdirir ki, Tony-dən iyrənirsən, amma ondan tamamilə üz də döndərə bilmirsən. Bir çoxları müasir televiziya dramının bu serialla başladığını deyir. Son səhnə isə illərdir müzakirə olunur. Ona qədər heç nə oxumamağa çalış.

Mad Men (2007)
Mad Men (2007)

4. Mad Men (2007)

1960-cı illərin Nyu-Yorku. Reklam agentlikləri, səliqəli kostyumlar, havada asılı qalan siqaret tüstüsü və ofis çekmecələrində gizlədilmiş viski şüşələri. Don Draper bu dünyanın ən yaxşı reklamçısıdır: uğurlu karyerası, gözəl ailəsi və hamının hörməti var. Amma Don Draper onun əsl adı deyil. Koreya müharibəsində başqa birinin adını götürüb və o vaxtdan bəri bu yalanla yaşayır.

Birinci mövsümün sonunda Don-un bir slayd proyektoru üçün reklam təqdimatı var. Ekranda öz ailəsinin şəkillərini göstərir və nostalji haqqında danışır. Otaqdakılar susur, sən də susursan. Bütün serialı bu bir səhnə ilə izah etmək olar. Don başqalarına hiss satmağı mükəmməl bacarır, amma özü heç nəyi tam hiss edə bilmir. Paralel olaraq katiblikdən başlayıb yuxarı qalxan Peggy Olson-un hekayəsi gedir və bəzən Don-dan da maraqlı olur.

The Leftovers (2014)
The Leftovers (2014)

3. The Leftovers (2014)

Bir oktyabr günü dünya əhalisinin iki faizi bir anda, heç bir iz qoymadan yox olur. Nə din bunu izah edə bilir, nə də elm. Üç il sonra kiçik bir şəhərdə insanlar sanki heç nə olmamış kimi yaşamağa çalışırlar. Nora həmin gün ərini və iki uşağını itirib. Polis rəisi Kevin isə ailəsini başqa yolla itirir: arvadı ağ paltar geyinib danışmağı dayandıran və hər yerdə siqaret çəkən qəribə bir təriqətə qoşulur, oğlu evdən gedir.

Serialı Lost-un müəllifi Damon Lindelof yaradıb, amma burada o, sirləri açmağa çalışmır. İnsanların necə olub nə üçün yox olduğu sualına cavab heç vaxt gəlmir və serial bunu bilərəkdən edir. Bir məsləhət: birinci mövsüm ağır və qaranlıqdır, bir çoxları elə orada dayanır. İkinci və üçüncü mövsüm televiziya tarixinin ən yaxşı mövsümlərindən sayılır. Max Richter-in musiqisi isə serial bitəndən sonra da yaddan çıxmır.

Succession (2018)
Succession (2018)

2. Succession (2018)

Logan Roy nəhəng bir media imperiyasının sahibidir. Yaşlandıqca ətrafındakı hər kəs eyni sualı verir: ondan sonra yerini kim tutacaq? Dörd övladının hər biri taxta yaxın olmaq üçün mübarizə aparır. Amma serial irəlilədikcə aydın olur ki, onların əslində istədiyi taxt deyil. İstədikləri, atalarının ömründə bir dəfə də olsa onlara inandığını deməsidir.

Succession-da hamı zəngin, güclü və amansızdır, amma eyni zamanda hamı inanılmaz dərəcədə kiçikdir. Milyardlıq danışıqların, sərt biznes qərarlarının altında hələ də atasının diqqətini qazanmağa çalışan, bir-birini sata-sata barışan, barışa-barışa yenidən satan uşaqlar dayanır. Serial insanın necə sevildiyini yox, necə sevilmədiyini göstərir və bir həqiqəti xatırladır: pulla hər şeyi almaq olar, valideyn sevgisindən başqa.

Six Feet Under (2001)
Six Feet Under (2001)

1. Six Feet Under (2001)

Fisher ailəsi Los-Ancelesdə dəfn evi işlədir. Hər bölüm kiminsə ölümü ilə açılır: bəzən sakit, bəzən absurd, bəzən də gözlənilməz dərəcədə gülməli. İlk bölümdə isə ölən ailənin atasıdır. Böyük oğul Nate illərdir qaçdığı evə qayıtmalı olur. Ailə biznesini isə kiçik qardaş David apardığı gizli həyatla birlikdə daşıyır. Ana Ruth ilk dəfə özü üçün yaşamağa çalışır, ən kiçik qız Claire isə hələ kim olacağını bilmir.

Serialı American Beauty filminin ssenari müəllifi Alan Ball yaradıb və bu, hiss olunur. Ölüm burada qorxu deyil, evdə nahar masasında danışılan adi bir mövzudur. Beş mövsüm boyu bu ailəni o qədər yaxından tanıyırsan ki, sonda onlarla ayrılmaq çətin olur. Finalı haqqında çox yazılıb, amma heç nə oxumadan, heç nə gözləmədən baxmaq lazımdır. Sonra niyə çoxlarının onu indiyə qədər çəkilmiş ən yaxşı serial finalı adlandırdığını özün başa düşəcəksən.