Film & Serial2 dəqiqəlik oxu
Shahin Asadli

1 həftə əvvəl

Filmlər və Meyvələr

Filmlər və Meyvələr

Vitamin dolu məqalə

Filmlərdə qida elementləri həmişə təsadüfi olmur. Rejissorlar onları xarakterlərin daxili dünyasını açmaq, gələcək fəlakətləri xəbər vermək və ya sosial mesajlar ötürmək üçün güclü vizual simvol kimi istifadə edirlər. Bu yazıda da onlardan bir neçəsi ilə tanış olacağıq. Ən məşhuru isə təbii ki, “The Godfather” trilogiyasındakı portağallardır

Don Vito Corleone-in vurulması və portağallar.
Don Vito Corleone-in vurulması və portağallar.

Francis Ford Coppola-nın şah əsərində kadrda hər dəfə portağal göründüyü zaman davamında mütləq faciə və ya ölüm hadisəsi baş verir. Don Vito Corleone portağal alarkən güllələnir, Johnny Fontane-in menecerinin masasında portağallar görünür, Barzininin iclasda önundə portağal olur və nəhayət, Vito Corleone nəvəsi ilə oynayarkən ağzında portağal qabığı ilə ölür. Portağal burada mafiya dünyasının şirin görünsə də, sonda acı olan təhlükəli təbiətini və birbaşa ölümü simvolizə edir.

Ağbəniz və zəhərli alma.
Ağbəniz və zəhərli alma.

Ağbəniz və Yeddi Cırtdan nağlı və animasiyasında olan qırmızı almadan bir çoxumuz agahıq. Bu qırmızı alma klassik olaraq "cənnət alması" – yəni qadağan olunmuş meyvə kimi simvolizə olunur. Disney-in bu animasiya klassikində ögey ana tərəfindən Ağbənizə uzadılan parlaq qırmızı alma zahirən cazibədar və ləzzətli, daxilən isə ölümcül və zəhərlidir. O, xarici görünüşün aldadıcılığını və nəfsin gətirdiyi fəlakəti vurğulayır.

Parasite filmində şaftalı.
Parasite filmində şaftalı.

Bong Joon-ho-nun Oskar mükafatlı filmində şaftalı sadəcə dadlı meyvə deyil, kasıb ailənin varlı ev xadiməsini sıxışdırmaq və “oyun”dan kənarlaşdırmaq üçün istifadə etdiyi psixoloji silahdır. Xadimənin şaftalıya olan allergiyasından məharətlə istifadə edərək onu qovmağa çalışdıqları səhnə, sosial təbəqələr arasındakı əzici mübarizəni, zəif nöqtələrin hədəf alınmasını və qorxunun manipulyasiya vasitəsinə çevrilməsini simvolizə edir.

Pan's Labyrinth filmində üzümlər.
Pan's Labyrinth filmində üzümlər.

Pan's Labyrinth filmində Ofeliya ziyafət süfrəsində oturan Pale Man-ın otağında heç bir qidaya toxunmaması barədə xəbərdarlıq alsa da, süfrədəki iki gilə üzümə tab gətirə bilmir. Üzümü ağzına qoyduğu an bədheybət oyanır və pəriləri məhv edir. Mifologiyada bolluq və kef simvolu sayılan üzüm burada uşaq məsumiyyətinin anlıq tamah qarşısında məğlubiyyətini və qadağanı pozmağın gətirdiyi qaçılmaz təhlükəni təmsil edir.

Children of Men filmi və portağal.
Children of Men filmi və portağal.

Alfonso Cuarón distopik dünyasında keçən Children of Men filmində portağal rejissor tərəfindən məqsədli şəkildə fəlakət xəbərçisi kimi işlənir. Julian-ın maşında öldürülməsindən əvvəl personajlar portağalla oynayır, eləcə də Jasper-in sığınacağında qətliam baş verməzdən əvvəl masada portağal görünür. Bu, kinematoqrafiyada portağalın “The Godfather”-dən sonra ölümün simvolu kimi necə qəbul edildiyinin ən parlaq və müasir nümunələrindəndir.

Soyuq aylarda filmlərdən də, vitaminlərdən də uzaq olmayın !