THE DOXSANDOQQUZ

99

4 dəq oxuma vaxtı

250 milyon gəlir qazanan qorxu filmi?

Bəzən ən böyük qorxu qaranlıqda gizlənən canavarlar deyil, tamamilə işıqlı, amma bomboş bir otaqda tək qalmaqdır. Səs yoxdur, sadəcə təpənizdəki flüoresent lampaların o sinir pozucu vızıltısı var. Backrooms məhz bu hissin üzərində qurulub. O, sadəcə bir qorxu filmi deyil, müasir insanın tənhalığını, sıxıntısını və öz zehni divarları arxasında necə itdiyini göstərən bir hekayədir.

Elcan Eyvazlı

3 saat əvvəl

Əgər bu filmə baxarkən ənənəvi jump-scare səhnələri axtaracaqsınızsa, səhv yerdəsiniz. Çünki bu film, bizi qan və ya cinlərlə deyil, şüuraltımızın ən dərin və unudulmuş küncləri ilə qorxudur.

Son illərdə nəhəng studiyaların 200-300 milyon dollar xərclədiyi filmlərin kassada necə kütləvi şəkildə batdığını tez-tez görürük. Amma A24 studiyası Backrooms ilə tamam başqa bir oyun qurdu və qazandı. Cəmi 10 milyon dollarlıq təvazökar bir büdcə ilə ərsəyə gələn bu ekran işi, qısa müddətdə 250 milyon dollara yaxın kassa gəliri əldə edərək ilin ən böyük fenomenlərindən birinə çevrildi.

Backrooms
Backrooms

Hər şey təxminən on il əvvəl 4chan adlı sosial forumda başladı. Kimsə sizi ən çox narahat edən, tedirgin edən şəkli paylaşın başlığı altında bir foto yüklədi. Şəkildə sadəcə köhnə sarı divar kağızları, nəm xalça və flüoresent işıqları olan, ofisi xatırladan bomboş bir otaq var idi. O qədər sıradan və bayağı idi ki, məhz bu bayağılıq insanı dəhşətə gətirirdi.

Bu, liminal space dediyimiz anlayışın tam mərkəzi idi. Gündəlik həyatda səs-küylü və insanla dolu görməyə öyrəşdiyimiz məkanların boşluğa və sessizliyə təslim olması. O məkanda heç bir təhlükə olmasa belə, beynimiz o boşluğu bir təhlükə siqnalı kimi qəbul edir. İnternet dünyası bu şəkildən ilhamlanaraq yeni bir əfsanə yaratdı. Qayda sadə idi: Əgər reallıqda səhv bir addım atıb divarın içindən keçsəniz, özünüzü sonsuz sarı otaqların, yəni Backrooms-un içində tapacaqsınız.

Backrooms
Backrooms

2020-ci illərin əvvəlində, Kane Parsons adlı 15 yaşlı bir yeniyetmə öz yataq otağında pulsuz vizual effekt proqramları ilə oynayarkən bu əfsanəni 9 dəqiqəlik found-footage formatında YouTube yüklədi. Həmin video on milyonlarla izlənmə topladı, arxasından gələn 22 seriyalıq veb-serial isə rəsmən bir internet fenomeninə çevrildi.

Bu gün isə Kane Parsons artıq 20 yaşındadır və A24 tarixinin ən gənc rejissoru olaraq bu nəhəng külliyyatı böyük ekrana daşıyır. Arxasında isə "Saw" və "The Conjuring" kimi əfsanələrin yaradıcısı James Wan dayanır. Filmin böyük gəlir gətirməsinin və kassa uğurunun arxasındakı ən böyük sirr də elə budur. Studiyalar adətən böyük büdcələri riskə atırlar, amma A24 burada artıq illərdir formalaşmış, sadiq və filmin hər detalını əzbər bilən devasa bir "fan-base"in üzərinə oynadı.

Backrooms
Backrooms

Filmin mərkəzində duran Klark adi bir qurban deyil. O, həyatı dağılmış, həyat yoldaşı tərəfindən tərk edilmiş, alkoqolizmdən əziyyət çəkən uğursuz bir memardır. Klarkın, heç bir müştərisinin olmadığı, qəribə və böyük bir mebel mağazasını (Cap’n Clark’s Ottoman Empire) idarə etməsi və orada yaşaması əslində filmin ən böyük metaforasıdır. Mağazanın o qarışıq, saxta ev dizaynları, əslində Klarkın daxilindəki mənasızlığın və itirilmiş aidiyyət hissinin güzgüsüdür. O, mağazanın zirzəmisindən Backrooms-a düşəndə, əslində yad bir yerə yox, öz travmalarının və içindəki boşluğun fiziki formasına düşür.

Backrooms
Backrooms

Terapisti Meri onu axtarmağa bu dəhlizlərə girəndə isə film tamamilə başqa bir qata keçir. Renate Reinsve bu xarakteri o qədər səssiz və dərindən oynayır ki, onun qorxusu ekrandan birbaşa izləyiciyə keçir. Biz görürük ki, Backrooms sadəcə sarı otaqlardan ibarət deyil; o, insanların xatirələrinə və zihninə görə dəyişir, formadan-formaya girir.

Backrooms
Backrooms

Müasir memarlığın o fərqli, məqsədyönlü və estetik xətlərinin tam əksinə, Backrooms-dakı dəhlizlər heç bir məqsədə xidmət etmir. Pərçimlənmiş qapılar, heç yerə aparmayan pilləkənlər, ucdantutma eyni rəngdə olan divarlar... Bu, əslində müasir bürokratiyanın və insanı robotlaşdıran sistemin vizual təzahürüdür. Sən qaçırsan, amma hər yer eynidir.

Backrooms
Backrooms

"Backrooms" böyük fəlsəfi suallarla izləyicini yormur, amma dərindən baxanda əsas bir sual verir: Biz qurban rolundan necə çıxa bilərik? Filmdəki bu məkan həm də insanın öz travmalarına necə asılı qaldığını göstərir. Bəzi insanlar o labirintdən çıxmaq belə istəmirlər, çünki qorxulu olsa da, o tənhalıq onlara tanışdır.

Backrooms
Backrooms

Film bəlkə də bir neçə yerdə ssenari boşluqları verir və ya klassik qorxu axtaranları ilk baxışdan "bu nədir indi?" sualı ilə baş-başa buraxır. Amma Kane Parsonsun qurduğu bu atmosfer, film bitdikdən sonra belə beyninizin içində əks-səda verməyə davam edir. Bəzən ən qorxunc canavar arxamızca qaçan bir məxluq deyil; öz düşüncələrimizin qurduğu divarların arxasında heç kim tərəfindən eşidilməməkdir.

8.5

Müəllifin balı