Games, Gamescom, 99 Exclusive16 min read
Gamescom sürprizi 21 indie oyun

Gamescom sürprizi 21 indie oyun

Gamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yox

Gamescom-un ən maraqlı tərəflərindən biri yalnız böyük AAA layihələrə baxmaq deyil. Sərgi ərazisində, xüsusilə də indie stendlərdə, böyük büdcəli oyunların arasında diqqətdən kənarda qala biləcək, amma çox maraqlı ideyalara sahib layihələrə rast gəlmək mümkündür.

Bu il mənim üçün də belə oyunlarla zəngin oldu. Gamescom 2026 həftəsi ərzində müxtəlif janrlarda çox sayda indie layihəni sınamaq imkanım oldu. Bəziləri ilk dəqiqələrdən məni özünə çəkdi, bəziləri isə maraqlı ideyaya sahib olsa da, oynayarkən gözləntilərimi tam doğrultmadı.

Aşağıda həmin oyunların hər birinə ayrıca yazı ayırmışam. :)

Dreamhealer

Dream Healer
Dream Healer

Dream Healer mənim Gamescom-da qarşılaşdığım ən maraqlı layihələrdən biri oldu. Çili mərkəzli Niebla Games tərəfindən hazırlanan oyun roguelite strukturunu növbəli puzzle mexanikaları ilə birləşdirir. Niebla Games isə Latın Amerikası mədəniyyətindən və mifologiyasından ilham alan layihələri ilə seçilən müstəqil Çili studiyasıdır. Studiyanın komandasında CEO və producer vəzifəsini Maureen Berho daşıyır.

Oyunda Curandera adlı gənc şəfaçını idarə edir və insanların psixoloji travmalarını, qorxularını və mənəvi problemlərini onların yuxu dünyalarına daxil olaraq sağaltmağa çalışırıq. Bu fikir özlüyündə belə oyunu standart roguelite layihələrindən ayırır.

Dream Healer
Dream Healer

Dream Healer-in ən güclü tərəfi isə mexanikalarının mövzu ilə bir-birini tamamlamasıdır. Döyüşlər sadəcə düşmən vurmaqdan ibarət deyil. Etdiyiniz hərəkətlər ətrafdakı məkanın quruluşuna təsir edir və buna görə hər addımın nəticəsini əvvəlcədən düşünmək lazımdır.

Gamescom zamanı Niebla Games nümayəndəsi Maureen Berho ilə də söhbət etmək imkanımız oldu. Onunla oyun və studiyanın yanaşması barədə danışmaq layihəyə olan marağımı daha da artırdı. Maureen-in həm Niebla Games-in rəhbəri, həm də Latın Amerikası oyun sənayesinin inkişafında aktiv iştirak edən şəxslərdən biri olması diqqət çəkir.

Dream Healer mənim üçün sadəcə “maraqlı indie oyun” olmadı. Öz dünyası, mövzusu və mexanikası bir-birini tamamlayan, gələcəkdə daha çox diqqət görməsini istədiyim layihələrdən biridir. Təəssüf ki, oyunun steam səhifəsi hələki yoxdur. Ona görə də böyük məmnuniyyət ilə studionun rəsmi saytının linkini paylaşıram.

Veb: https://nieblagames.com/

Souls of Bombarika

Souls of Bombarika maraqlı bir puzzle ideyasının üzərində qurulub. Street Lamp Games tərəfindən hazırlanan və 1312 Interactive tərəfindən nəşr olunan oyunda bir ruhu idarə edirik və insanları xilas etmək üçün ətrafımızdakı əşyaları “ələ keçirərək” onların davranışını dəyişirik.

Burada əsas məsələ insanları birbaşa idarə etməməyimizdir. Mebel, məişət əşyaları və digər obyektlərlə qarşılıqlı əlaqəyə girərək hadisələrin gedişatını dəyişirik.

Souls of Bombarika
Souls of Bombarika

Amma mənim üçün oyunun ən böyük problemi puzzle-ların özündən çox idarəetmə oldu. İlk baxışda maraqlı görünən mexanikanı başa düşməkdən daha çox, idarəetməyə və oyunun necə işlədiyinə alışmağa vaxt sərf etdim.

Puzzle oyunlarını sevənlər üçün fərqli yanaşması maraqlı ola bilər, amma mənim şəxsi təəssüratım o oldu ki, oyun düşündürücülüyü ilə məni gözlədiyim qədər təəccübləndirmədi. Ən böyük çətinlik puzzle-ın özündə yox, kontrol sisteminə öyrəşməkdə idi.

Veb: https://store.steampowered.com/app/4442160/Souls_of_Bombarika/

ZHEN: Shattered Legacy

ZHEN: Shattered Legacy
ZHEN: Shattered Legacy

ZHEN: Shattered Legacy isə siyahıdakı daha çətin oyunlardan biridir. Ghost Machine Games tərəfindən hazırlanır və Soft Source tərəfindən nəşr olunur. Oyun Şərqi Asiya estetikasını, Kung Fu mövzusunu və Souls-like elementlərini twin-stick brawler sistemi ilə birləşdirir.

Oyunun ən fərqli mexanikası hücum sistemidir. Normalda sol analog ilə hərəkət etməyə öyrəşmişik, hücumlar isə düymələrlə həyata keçirilir. ZHEN-də isə vəziyyət tamamilə fərqlidir: sol analog hərəkət üçün istifadə olunur, hücumları isə sağ analogu düşmənin istiqamətinə doğru hərəkət etdirərək həyata keçiririk.

ZHEN: Shattered Legacy
ZHEN: Shattered Legacy

İlk dəqiqələrdə bu sistem açığı mənə də qəribə gəldi. Əlimiz klassik idarəetməyə öyrəşdiyi üçün sağ analogla hücum etmək bir qədər qeyri-təbii hiss olunur. Amma bir müddət oynadıqdan sonra bunun sadəcə qəribəlik üçün edilmiş seçim olmadığını anlayırsınız.

Oyun asan deyil. Dəqiqlik, zamanlama və ritm burada həqiqətən vacibdir. Buna görə də ZHEN mənim üçün “gir, bir neçə düşmən öldür və çıx” tipli oyun olmadı. Bir az səbr tələb edir, amma öz mexanikasını mənimsəyəndən sonra maraqlı nəticə verir.

Veb: https://store.steampowered.com/app/3755890/ZHEN_Shattered_Legacy/

Hope in the City

Hope in the City
Hope in the City

Hope in the City klassik detektiv oyunlarından fərqlənmək istəyən layihələrdəndir. Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Lofty Sky Entertainment tərəfindən hazırlanır. Studiyanın əvvəlki layihələri arasında GDC Pitch qalibi Sky of Tides və Annie Award-a namizəd olmuş Eternal Spring də var.

Oyunda 17 yaşlı rəssam Hope Song-un valideynlərinin müəmmalı şəkildə yoxa çıxmasını araşdırırıq. Burada əsas silahımız nə silah, nə də klassik detektiv avadanlıqlarıdır. Hope öz rəssamlıq qabiliyyətindən istifadə edərək ipuclarını eskizlər vasitəsilə birləşdirir.

Hope in the City
Hope in the City

Mənə ən maraqlı gələn tərəf oyunun araşdırmanı rəsm mexanikası ilə birləşdirməsidir. İpuclarını sadəcə toplamaq əvəzinə onları müşahidə etmək, əlaqələndirmək və öz nəzəriyyələrimizi yaratmaq tələb olunur. Rəsmi təsvirə görə oyun qeyri-xətti hekayə quruluşundan istifadə edir və xüsusi “thought-web” sistemi ilə müşahidələri nəzəriyyələrə çevirir.

Bu, Gamescom-da daha sakit tempdə oynadığım, amma arxasında kifayət qədər ciddi hekayə potensialı gördüyüm layihələrdən biri idi.

Veb: https://store.steampowered.com/app/3610790/Hope_in_the_City/

Pecking Order

Pecking Order
Pecking Order

Talent Digital tərəfindən hazırlanan Pecking Order 16 nəfərə qədər oyunçunun iştirak edə bildiyi fizika əsaslı party game-dir. Oyunun əsas ideyası isə kifayət qədər absurd və buna görə də əyləncəlidir: qurdlar quşlardan qaçır, quşlar isə onları ovlayır. Əgər quş sizi yeyirsə, artıq quş tərəfinə keçirsiniz.

Bu sistem oyunun ən maraqlı tərəfidir. Çünki komanda anlayışı burada sabit deyil. Oyunun bir hissəsində dostunuzla birlikdə qaçarkən, bir neçə saniyə sonra onun qarşı tərəfinə keçə bilərsiniz.

Pecking Order ciddi və dərin hekayə axtaran oyun deyil. Onun məqsədi dostlarla oynayarkən ortaya çıxan xaosdur. Fizika sistemi, komanda dəyişmələri və 16 nəfərlik multiplayer strukturu düzgün işlədikdə oyunun əsas gücü də burada ortaya çıxır.

Gamescom-da bu tip oyunların niyə vacib olduğunu bir daha görmək mümkün idi: bəzən yaxşı party game üçün mürəkkəb mexanika yox, düzgün qurulmuş xaos kifayətdir.

Veb: https://store.steampowered.com/app/3530640/Pecking_Order/

Summit Smash

Summit Smash
Summit Smash

Summit Smash mənim Gamescom-da ən çox xoşuma gələn sürprizlərdən biri oldu. Cosy Den tərəfindən hazırlanan oyunda qəhrəman deyil, birbaşa dağ rolunu oynayırıq. Məqsədimiz zirvəyə çıxmağa çalışan alpinistləri dayandırmaqdır.

Qar uçqunları yaratmaq, ərazinin formasını dəyişmək, hava şəraitindən istifadə etmək və müxtəlif fəlakətləri düzgün zamanda işə salmaq əsas mexanikaları təşkil edir.

Summit Smash
Summit Smash

Oyunun arxasındakı komanda da ən azı özü qədər maraqlıdır. Çex mərləzli Cosy Den iki sevgilinin birlikdə qurduğu kiçik bir oyun şirkəti kimi diqqət çəkir. Bu cür kiçik komandanın belə təmiz və axıcı bir gameplay ortaya qoyması xüsusilə xoşuma gəldi.

Summit Smash
Summit Smash

Summit Smash-in ən güclü tərəfi məhz axıcılığıdır. Oyunun nə etmək istədiyini ilk dəqiqələrdən başa düşürsünüz və mexanikalar bir-birinin üzərinə rahat şəkildə qurulur. Mənim üçün Gamescom-da “bir az oynayım” deyib gözlədiyimdən daha çox vaxt keçirdiyim layihələrdən biri oldu.

Veb: https://store.steampowered.com/app/4274970/Summit_Smash/

SunderBound

SunderBound
SunderBound

Əgər bu Gamescom həftəsində mənə “ən çox hansı oyunu bəyəndin?” sualını versələr, cavablarımın başında SunderBound olacaq.

Kipi Interactive tərəfindən hazırlanan oyun iki nəfərlik co-op top-down shooter və roguelite sistemini birləşdirir. Hadisələr The Minister adlı tiranın idarə etdiyi nəhəng, dağılmaqda olan Haven qülləsində keçir.

SunderBound
SunderBound

Amma SunderBound-u mənim üçün xüsusi edən yalnız janr qarışığı deyil. Oyun bitmiş hiss etdirir.

Gamescom-da çox sayda indie demo oynayanda tez-tez belə bir hiss yaranır: “Bu oyun hələ hazırlanır.” SunderBound-da isə bunun əksini hiss etdim. Silahlar, düşmənlər, səviyyə quruluşu, co-op mexanikaları və ümumi oyun dövrü bir-birinə artıq oturmuş görünür.

İki nəfər birlikdə oynayarkən sadəcə eyni düşmənə atəş açmaq kifayət etmir. Sinif bacarıqlarını, siperləri və mövqeləri düzgün istifadə etmək lazımdır. Üstəlik, tək oynayanda AI yoldaşından istifadə etmək mümkündür.

Mənim üçün bu il Gamescom həftəsində oynadığım ən, amma ən gözəl oyunlardan biri məhz SunderBound oldu.

Veb: https://store.steampowered.com/app/1477750/SunderBound/

Pale Tide

Pale Tide
Pale Tide

Pale Tide, Aberratic adlı müstəqil studiyanın hazırladığı zombi survival-extraction oyunudur. Burada yoluxmuş ərazilərə daxil olaraq resurs toplayır, sadiq itimizlə birlikdə gizli bunkerə geri qayıtmağa çalışırıq.

Oyunun maraqlı tərəflərindən biri it mexanikasıdır. İt sadəcə dekorativ yoldaş deyil, topladığınız əşyaları daşımağa və sağ qalma prosesində sizə real şəkildə kömək edir.

Pale Tide
Pale Tide

Mənim üçün Pale Tide-ın ən maraqlı tərəfi isə arxasındakı komandanın kiçikliyidir. Cəmi təxminən üç aylıq development müddətinə sahib bir komandanın Gamescom həftəsində göstərdiyi bu səviyyədə işlək və əyləncəli demo hazırlaması özü kifayət qədər maraqlıdır.

Əlbəttə, oyunda hələ çatışmayan və inkişaf etdirilməli hissələr var. Amma üç aylıq bir development dövrünü nəzərə aldıqda, nəticə kifayət qədər ümidvericidir.

Veb: https://store.steampowered.com/app/4683590/Pale_Tide/

Rain98

Rain98
Rain98

Rain98 tamamilə başqa atmosferə malik oyundur. C#4R4CT3R tərəfindən hazırlanır və 1998-ci ilin Tokiosunda keçən lo-fi psixoloji triller və romantik macəra kimi təqdim olunur.

Oyunda heç vaxt bitməyən yağışın altında yaşayan iki gəncin hekayəsinə daxil oluruq. Reina Amehara adlı sirli qızla birlikdə qəribə bir ritual həyata keçirməyə çalışırıq.

Rain98
Rain98

Rain98-in ən güclü tərəfi atmosferidir. Köhnə telefon köşkləri, arcade salonları, neon işıqlar, yağışlı küçələr və lo-fi musiqilər oyunun 90-cı illər Tokiosu hissini gücləndirir.

Burada gameplay-dən çox atmosfer və hekayə ön plana çıxır. Oyunun bizi “nə baş verir?” sualını verməyə məcbur edən psixoloji yanaşması maraqlıdır. Gerçəkliklə illüziyanın bir-birinə qarışması da layihəyə əlavə sirr qatır.

Veb: https://store.steampowered.com/app/3498720/Rain98/

Grim Trials

Grim Trials
Grim Trials

Grim Trials artıq Gamescom-a sadəcə demo kimi gələn layihə deyildi. Glory Jam tərəfindən hazırlanan oyun avqust ayında rəsmi olaraq satışa çıxıb və Soft Source tərəfindən nəşr olunur.

Açığı, oyunun əvvəlki versiyasını daha əvvəl oynadığım zaman çox da bəyənməmişdim. Ona görə Gamescom-da yenidən qarşıma çıxanda böyük gözlənti ilə yanaşmırdım.

Amma bu dəfə gördüyüm yeniliklər mənim fikrimi müəyyən qədər dəyişdi.

Heavy-metal atmosferi, roguelite quruluşu, avadanlıq hazırlama sistemi və Avelin-in ölümündən sonra Reaper kimi fəaliyyət göstərməsi oyunun əsasını təşkil edir.

Hələ də oyunun hər tərəfinin mənim zövqümə uyğun olduğunu deyə bilmərəm. Amma bu Gamescom-da göstərdikləri yeniliklərə və oyunun əvvəlki versiyadan keçdiyi yola müsbət baxdım. Əvvəlki təəssüratımla müqayisədə daha yaxşı vəziyyətdə olduğunu hiss etdim.

Veb: https://store.steampowered.com/app/2621930/Grim_Trials/

Spook-A-Boo

Spook-A-Boo
Spook-A-Boo

Spook-A-Boo Wala Interactive tərəfindən hazırlanır və Soft Source tərəfindən nəşr olunur. Bu, 1-4 nəfərlik fizika əsaslı co-op ghost-hunting oyunudur.

Əsas məqsədimiz müxtəlif ərazilərdə kabusları tapmaq, skan etmək, qarmaqla tutmaq və tələyə salmaqdır. Oyunun bütün sistemi komanda işi üzərində qurulub.

Spook-A-Boo-nu maraqlı edən odur ki, burada klassik “kabus öldür” yanaşması yoxdur. Kabusu əvvəlcə tapmalı, davranışını anlamalı, sonra isə komanda şəklində onu tələyə salmalısınız.

Fizika əsaslı mexanikalar da oyunun xaotik tərəfini gücləndirir. Mənim üçün xüsusilə dostlarla oynanıldığı zaman potensialını göstərən oyunlardan biri oldu. Bu, ciddi qorxu oyunu yox, daha çox dostlarla birlikdə gülmək və bir-birinizə qışqırmaq üçün hazırlanmış layihədir.

Veb: https://store.steampowered.com/app/3154150/SpookABoo/

Karma Exorcist

Karma Exorcist
Karma Exorcist

Karma Exorcist Cyclos Studio tərəfindən hazırlanan və Infini Fun tərəfindən nəşr olunan 2D Metroidvania-dır. Oyun Çin mifologiyasından və axirət inanclarından ilham alır.

Burada məni ən çox cəlb edən tərəf oyunun art dünyası oldu. Əllə çəkilmiş vizual üslub, qaranlıq axirət dünyası və Şərq incəsənətinin təsirləri oyuna özünəməxsus görünüş verir.

Karma Exorcist
Karma Exorcist

Gameplay tərəfdə isə 360 dərəcəlik zəncirli qarmaq, sürətli yayınmalar və havada həyata keçirilən kombolar diqqət çəkir. Yəni oyun yalnız gözəl görünməklə kifayətlənmir, hərəkət sistemi də kifayət qədər dinamikdir.

Mənim üçün Karma Exorcist-in əsas üstünlüyü məhz bu balansdır: həm vizual baxımdan yadda qalır, həm də mexanik olaraq özünəməxsus bir şey təklif edir.

Veb: https://store.steampowered.com/app/4184170/Karma_Exorcist/

Cats in the Shell

Cats in the Shell
Cats in the Shell

Cats in the Shell də Infini Fun kataloqunda yer alan, lakin Karma Exorcist-dən tamamilə fərqli layihədir. Raven Studio tərəfindən hazırlanan oyun mech-building roguelike auto-battler janrındadır.

Burada pişik pilotlar işə götürür, müxtəlif hissələrdən robotlar yığır və döyüşlərdə onların avtomatik şəkildə qarşılaşmasını izləyirik. Modul və avadanlıq kombinasiyaları oyunun əsas strateji hissəsini təşkil edir.

Cats in the Shell
Cats in the Shell

Konsept baxımından maraqlı olsa da, açığı Karma Exorcist qədər diqqətimi çəkmədi. Xüsusilə vizual və atmosfer baxımından Karma Exorcist-in məndə yaratdığı ilk təəssüratı Cats in the Shell-də hiss etmədim.

Buna baxmayaraq, mech yığma və auto-battler mexanikalarını sevənlər üçün potensialı olan layihədir.

Veb: https://store.steampowered.com/app/4688400/Cats_In_The_Shell/

Kitten Space Agency

Kitten Space Agency
Kitten Space Agency

Adından da göründüyü kimi burada kosmosa pişiklərlə çıxırıq. RocketWerkz tərəfindən hazırlanan Kitten Space Agency real raket fizikası və orbital mexanikalara əsaslanan kosmik simulyasiyadır. RocketWerkz isə ICARUSStationeers kimi survival və simulyasiya oyunları ilə tanınır.

Oyunun ən böyük üstünlüyü onun arxasındakı təcrübədir. RocketWerkz artıq mürəkkəb simulyasiya sistemləri qurmaqda özünü sübut etmiş studiyadır və Kitten Space Agency-də də bu yanaşma hiss olunur.

Burada raketlər hazırlamaq, orbital mexanikanı öyrənmək və fərqli kosmik missiyalara çıxmaq mümkündür.

Kitten Space Agency
Kitten Space Agency

Mənim üçün bu oyun “şirin pişiklər” ideyasından daha çox, arxasında kifayət qədər ciddi mühəndislik simulyasiyası olan bir layihə təsiri bağışladı. Yəni görüntü sizi aldada bilər: bu, sadə kosmos oyunu deyil.

Oyunun ən maraqlı tərəfi bilirsiz nədir? OYUN PULSUZDUR :) P2W olmamasına rəğmən. Komandanın arxasında fərqli bir manifest durur. Onlar oyunların pulsuz olmalı olduğunu müdafiə edirlər. Aşağıdaki linkdən daha yaxından tanış ola bilərsiniz. :)

Veb: https://ahwoo.com/app/100000/kitten-space-agency

Ghost Haunting

Ghost Haunting
Ghost Haunting

Ghost Haunting Three Headed Monkey Studios tərəfindən hazırlanır və Daedalic Entertainment tərəfindən nəşr olunur. Oyun 90-cı illərin klassik point-and-click macəralarına açıq şəkildə sevgi məktubudur.

8 yaşlı Gigi babasının əslində məşhur bir ghost hunter olduğunu öyrənir və Baron Butternut adlı balqabaq iblisi ilə birlikdə nənəsini ölülər dünyasından geri gətirməyə çalışır.

Burada klassik point-and-click formuluna müasir rahatlıq xüsusiyyətləri əlavə olunub: ipucu sistemi, sürətli səyahət və aktiv obyektləri göstərən hotspot sistemi var.

Ghost Haunting
Ghost Haunting

Oyunun ən xoş tərəfi isə özünü çox ciddi aparmamasıdır. Ölüm, ailə və böyümək kimi mövzulara toxunsa da, bunu yumor və retro vizuallarla edir.

Veb: https://store.steampowered.com/app/3594530/Ghost_Haunting/?l=german

Hordeguard: Winds of the North

Hordeguard: Winds of the North
Hordeguard: Winds of the North

Hordeguard: Winds of the North Black Deer Games tərəfindən hazırlanır və Daedalic Entertainment tərəfindən nəşr olunur. Black Deer Games Slovakiyanın Prešov şəhərində yerləşən müstəqil studiyadır və 2015-ci ildə solo developer Peter Jurkovský tərəfindən qurulub. Daha sonra komandaya 3D artist Dávid Jankes də qoşulub.

Hordeguard-da Viking qəhrəmanı kimi kəndimizi müdafiə edir, resurs toplayır, müdafiə qurğuları inşa edir və düşmən dalğalarına qarşı mübarizə aparırıq.

Hordeguard: Winds of the North
Hordeguard: Winds of the North

Oyunun maraqlı tərəfi tower defense ilə action-RPG elementlərini birləşdirməsidir. Sadəcə arxada dayanıb qüllələrin düşmənləri öldürməsini gözləmirik, öz qəhrəmanımızla döyüşə də qoşuluruq.

Mənim üçün oyunun əsas üstünlüyü məhz bu iki sistemin bir-birini tamamlamasıdır. Strategiya qurmaq və həmin strategiyanın nəticəsini birbaşa döyüşdə görmək xoş hiss yaradır.

Veb: https://store.steampowered.com/app/3618000/Hordeguard_Winds_of_the_North/

Elysium

Elysium
Elysium

Elysium siyahıdakı ən xüsusi layihələrdən biridir, çünki bu, Türkiyədən çıxan gənc bir komandanın hazırladığı oyunudur. Artifika Games tərəfindən hazırlanır və komandanın mərkəzi ODTÜ Teknokentdə yerləşir. Studiyanın komandasında founder və Unity developer Serkan Yıldırım, art director Derin İnceler və digər gənc developer və artistlər yer alır.

Elysium
Elysium

Elysium açıq dünya sci-fi survival-craft oyunudur. Qədim sivilizasiyanın xarabalıqları, mutasiyaya uğramış canlılar və korrupsiyaya uğramış maşınlarla dolu bir dünyada resurs toplayır, baza qurur, əşyalar hazırlayır və dünyanı araşdırırıq. Oyun solo və 1-4 nəfərlik co-op dəstəyi də təqdim edir.

Elysium
Elysium

Gənc bir komanda olmasına baxmayaraq, ortaya çıxardıqları nəticə kifayət qədər maraqlıdır. Əlbəttə, oyunun hələ inkişaf etdirilməli tərəfləri var, amma Gamescom-da gördüyüm Elysium mənə “burada potensial var” dedirdən layihələrdən biri oldu.

Xüsusilə yerli bir komandanın belə miqyaslı survival oyununa girişməsi özü təqdirəlayiqdir.

Veb: https://store.steampowered.com/app/2354810/Elysium/

Chop Chop Together

Chop Chop Together
Chop Chop Together

Chop Chop Together Dango Dynamics tərəfindən hazırlanan Türkiyə istehsalı co-op party oyunudur. 1-4 oyunçunun birlikdə oynaya bildiyi layihədə məqsəd müxtəlif işləri yerinə yetirməkdir, lakin proses mümkün qədər xaotik şəkildə qurulub.

Bu, dostlarla oynananda əyləncəsi daha çox ortaya çıxan oyunlardandır. Bir tərəfdən tapşırığı yerinə yetirməyə çalışırsınız, digər tərəfdən xəritədə baş verən hadisələr və komanda yoldaşlarınız hər şeyi alt-üst edə bilir.Mənim üçün Chop Chop Together-in əsas üstünlüyü məhz budur: dostlarınızla birlikdə oynadığınız zaman çox rahat şəkildə “bu necə belə oldu?” deyəcəyiniz anlar yarada bilir.

Yəni burada əsas məqsəd mükəmməl oynamaq deyil. Əsas məqsəd dostlarla birlikdə xaos yaşamaqdır.

Veb: https://store.steampowered.com/app/3065360/Chop_Chop_Together/

City Bus Simulator 2026

City Bus Simulator 2026
City Bus Simulator 2026

City Bus Simulator 2026 daha fərqli bir nümunədir. İlk baxışdan böyük bir simulyasiya layihəsi kimi görünə bilər, amma arxasında olduqca maraqlı development hekayəsi var.

Layihə Kodobur Games kimi müxtəlif simulyasiya oyunları ilə tanınan komandanın daxilində cəmi iki gənc developer tərəfindən təxminən altı ay ərzində hazırlanıb.

Oyunda avtobus idarə edir, sərnişinləri daşıyır, marşrutlara əməl edir və şəhər daxilində hərəkət edirik. Realistik trafik, hava şəraiti və gecə-gündüz sistemi də oyunun simulyasiya tərəfini gücləndirir.

City Bus Simulator 2026
City Bus Simulator 2026

Amma oyunda əskiklər açıq şəkildə gözə çarpır. Bəzi sistemlər daha çox polish tələb edir və oyunun hazırkı vəziyyətində bunun altı ay ərzində iki gənc developer tərəfindən hazırlanmış layihə olduğunu hiss etmək mümkündür.

Buna baxmayaraq, məncə maraqlı layihədir. Çünki burada nəticədən əlavə development hekayəsinin özü də diqqət çəkir.

Veb: https://store.steampowered.com/app/2860240/City_Bus_Simulator_2026/

Dungeon Renovation Simulator

Dungeon Renovation Simulator
Dungeon Renovation Simulator

Dungeon Renovation Simulator da Kodobur Games tərəfindən hazırlanıb. Oyun çox sadə, amma kifayət qədər gülməli bir sualın üzərində qurulub:

Qəhrəmanlar zindana girib canavarları öldürdükdən sonra ortalığı kim təmizləyir?

Cavab: qoblin.

Dungeon Renovation Simulator
Dungeon Renovation Simulator

Oyunda macəraçıların dağıtdığı zindanlara girərək qan ləkələrini təmizləyir, sümükləri və zibilləri yığır, ətrafı qaydaya salır və növbəti qəhrəman qrupu gəlməzdən əvvəl hər şeyi hazır vəziyyətə gətiririk. Steam-də də oyun fizika əsaslı dungeon-cleaning simulator kimi təqdim olunur.

Əslində oyunun ən yaxşı tərəfi də budur. Klassik fantasy oyunlarında heç kimin düşünmədiyi “döyüşdən sonra nə baş verir?” sualını götürüb bütöv bir oyuna çevirir.

Mizahi yanaşması və mövzunun absurdluğu oyunu yadda qalan edir.

Veb: https://store.steampowered.com/app/2222020/Dungeon_Renovation_Simulator/

Frostliner

Frostliner
Frostliner

Frostliner isə mənim üçün Gamescom 2026-nın sürprizlərindən biri oldu.

GaneDev Studio tərəfindən hazırlanan layihə parçalanmış ay və sonrakı müharibələr nəticəsində dünyanın sonsuz qışa qərq olduğu distopik gələcəkdə keçir. Burada son insanları daşıyan nəhəng qatarı idarə edir və onu həm yaşayış məkanına, həm də hərəkət edən şəhərə çeviririk.

Oyunun atmosferi ilk diqqətimi çəkən şey oldu. FrostpunkSnowpiercer kimi əsərləri sevənlərin özünü rahat hiss edəcəyi soyuq, ümidsiz, amma eyni zamanda maraqlı bir dünya yaradılıb.

Frostliner
Frostliner

Amma mənim üçün əsas sürpriz build sistemi idi. Qatarın içərisini inkişaf etdirmək, yeni yaşayış və istehsalat sahələri qurmaq, resursları idarə etmək və bütün bunları qatarın hərəkəti ilə əlaqələndirmək çox xoşuma gəldi.

Frostliner
Frostliner

Frostliner Gamescom-da oynadığım və haqqında gözlədiyimdən daha çox düşündüyüm oyunlardan biri oldu. Bəzən ən böyük stendlərdə olmayan oyunlar sərgidən çıxandan sonra ən çox yadınızda qalan oyunlara çevrilir. Mənim üçün Frostliner məhz belə layihələrdən biri oldu.

Veb: https://store.steampowered.com/app/3681260/Frostliner/

Gamescom 2026-da oynadığım bu oyunların hamısını eyni tərəziyə qoymaq mümkün deyil. Bəziləri artıq çox yaxşı formalaşıb, bəziləri hələ development-in erkən mərhələsindədir, bəzilərində isə ideya oyunun özündən daha maraqlıdır.

Amma mənim üçün bu siyahının ən vacib tərəfi məhz müxtəlifliyidir.

SunderBound bu həftənin ən güclü təcrübələrindən biri kimi yadda qaldı. Dream Healer öz mövzusu və mexanikaları ilə fərqləndi. Summit Smash gözlənilmədən axıcı və əyləncəli çıxdı. Frostliner isə atmosferi ilə sürpriz etdi.

Digər tərəfdən Souls of BombarikaZHEN: Shattered Legacy kimi oyunlar mənə göstərdi ki, yaxşı ideya ilə yaxşı idarəetmə eyni şey deyil. Bir oyunun maraqlı mexanikası ola bilər, amma həmin mexanikanın oyunçuya necə təqdim edilməsi ən az onun özü qədər vacibdir.

Ən çox xoşuma gələn başqa məqam isə Türkiyə və digər kiçik indie komandalarının getdikcə daha iddialı layihələrlə qarşımıza çıxmasıdır. Elysium, Chop Chop Together, City Bus Simulator 2026Dungeon Renovation Simulator kimi oyunlar fərqli səviyyələrdə olsalar da, hamısı öz komandalarının nə etmək istədiyini göstərir.

Nə demək olar? Bir gün Azərbaycandan studioların da buralarda olması ümidi ilə.

Gamescom mənim üçün bir daha sübut etdi ki, yaxşı oyun tapmaq üçün həmişə ən böyük stendə baxmaq lazım deyil. Bəzən sərginin küncündə yerləşən kiçik bir indie stendində, iki-üç nəfərlik komandanın hazırladığı oyun qarşısınızdakı bütün AAA layihələrdən daha çox yadda qala bilir.